Diplomatik korpusun nümayəndələri Laçında olublar

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 20-də diplomatlar Laçında olublar. Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Qonaqlar Laçın Beynəlxalq Hava Limanında Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov tərəfindən qarşılanıblar. Hava limanı ilə tanışlıq zamanı yeni inşa olunan aeroport haqqında məlumat verilib. Bildirilib ki, Laçın aeroportu ötən ayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılıb. Mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunmuş ərazilərdə inşa edilən üçüncü beynəlxalq hava limanıdır. İşğaldan azad olunan ərazilərdə qısa vaxtda müasir standartlara cavab verən Füzuli və Zəngilan Beynəlxalq Hava limanları da inşa olunub və artıq fəaliyyət göstərir. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ilə Azərbaycanın beynəlxalq hava limanlarının sayı doqquza çatıb.

Tikintisinə 2021-ci ilin avqust ayında başlanılmış bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Terminalda sərnişinlərin rahatlığı üçün VIP zal, qeydiyyat və təhlükəsizlik sistemləri, baqaj konveyerləri, ticarət obyektləri və iaşə zonaları nəzərdə tutulub. Tam avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava Hərəkətini İdarəetmə Qülləsi uçuşların beynəlxalq normalara və təhlükəsizlik standartlarına uyğun şəkildə idarə olunmasını təmin edir. Burada yaradılmış infrastruktur ICAO və IATA standartlarına uyğun olaraq uçuşların təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsinə imkan verir.

Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Laçın şəhərindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən isə 60 kilometr məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Bundan başqa, bu mühüm nəqliyyat layihəsinin icrası ümumilikdə bölgənin turizm potensialının inkişafına da geniş imkanlar yaradacaq. Coğrafi mövqeyi və əlçatanlığı ilə bu hava limanı bölgənin iqtisadi, sosial və logistik inteqrasiyasını dəstəkləyən əsas nəqliyyat mərkəzinə çevriləcək.

Diplomatik korpus nümayəndələri sonra “Hoçazfilm” studiyasına gəliblər. Qarabağın çoxşaxəli nadir yaradıcılıq məkanı layihəsi olan “Hoçazfilm” studiyası Laçın şəhərində iki inzibati binadan və bir çəkiliş pavilyonundan ibarətdir. Studiyanın adı Laçın rayonunun əsas rəmzlərindən sayılan Hoçaz qayalıqlarının adından götürülüb. Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri çox genişdir. Bu istiqamətlərə Qarabağ regionunun genişmiqyaslı təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, bölgədə keçiriləcək mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsulların təşviqi, kinoteatr və yaradıcı ittifaqla əməkdaşlıq, gənclər üçün yay məktəbləri, yaradıcılıq atelyeləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Qonaqların tanışlıq səfərinin növbəti ünvanı Yurd Qalereyası olub. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində açılmış bu qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Burada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir. Qalereya həm də mədəni tədbirlər və sərgilər üçün yaradıcı platformadır. "Yurd" adı bu torpağa bağlılıq və milli kimlik rəmzidir. Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçın şəhərində açılan ilk özəl "Yurd" qalereyası artıq Azərbaycanın hüdudlarından kənarda, Avropada təmsil olunur.

Daha sonra qonaqlar “Lacinema” mərkəzinə baş çəkiblər. Qeyd edilib ki, kino mərkəzi musiqili və bədii tədbirlərin keçirildiyi məkana çevrilib. Bayram və əlamətdar günlər ərəfəsində mərkəzdə bir çox mədəni tədbirlər təşkil edilir. Diplomatlar burada Laçının işğal zamanı çəkilən görüntülərini və azad edildikdən sonra görülən bərpa-quruculuq işlərini özündə əks etdirən videoçarxa baxıblar.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Laçın haqqında təqdimatla çıxış edib.

Diplomatik korpus nümayəndələrinin Laçın səfəri Seyrangahda davam edib. Burada qonaqlar Laçın şəhərinə açılan mənzərəyə baxıb, Laçının yenidən abadlaşdığına şahid olublar.

Laçında fəaliyyətə başlayan mərkəzlərdən biri - "Gilabi Ceramics” də səfər iştirakçılarının marağına səbəb olub, burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Diplomatik korpus nümayəndələrinin səfəri iyunun 21-də Şuşada davam edəcək.



































Siyasət