Vətənin xilas yoluna baş qoyan igid

post-img

Müharibə atəşdir, düşdüyü yeri külə döndərir. Döydüyü qapı açılmasa, bacadan girib qocasından uşağına hər kəsi qarsıb-qovurur, körpələrin üzündəki sevinci, gülüşü dondurur. 30 ildən çox idi ki, xalqımızın da evinə-ocağına düşən atəş Qarabağ adlı yurdumuzu xarabalığa çevirib, anaları gözü yaşlı, gəlinləri qaragünlü, qaradonlu, körpələri yetim qoymuşdur. Yağı dadanmışdı yurdumuza. Bizə gor qazırdı iynə ucları, biz gordan baxırdıq dünyaya, Kamran kimi oğullar böyüyənə qədər.
Bizim qiyamətə saxlamayacağımız bir qisasımız vardı və bir də o qisası alacaq çinarboylu oğullarımız. Bir 27 sentyabr sabahına da ehtiyacımız vardı. O payız sabahı illərdir sinəmizdə kösöv kimi tüstülənən dərdimizin üstünə su səpildi. İşıq görünürdü qaranlığın son ucunda. Torpaq uğrunda torpağa düşürdü oğullarımız, evlərimizə atəş düşürdü hər gün. O atəş yevlaxlı Vaqif kişinin də evinə düşdü bir sabah. Ürəyi çatladı ananın, dizi qırıldı atanın. Yazımı qələmə almamışdan əvvəl onunla dəfələrlə görüşdük, dərdləşdik. Torpağa oğul vermişdi Vaqif kişi. Onu əvvəldən tanıyırdım, zəhmətsevər, alnının təri ilə halalından yaşayan adamdı. 
Vaqif İsmayılov ömür-gün yoldaşı Şərafət xanımla alınlarının təri, əllərinin zəhmətilə iki oğul böyütmüşdülər. Bir-birindən yaraşıqlı, tərbiyəli, bir-birindən vətənpərvər. Evin böyük oğlu Kamranı dörd il idi evləndirmişdilər. 
İsmayılov Kamran Vaqif oğlu 1991-ci ilin bir soyuq fevral günündə Yevlaxda doğulmuşdu. Orta təhsilini anasının riyaziyyat müəllimi işlədiyi Yevlax şəhər 3 nömrəli tam orta məktəbdə bitirmişdi. Bütün qəlbi ilə hərb sənətinə bağlı olan Kamran Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur və 2012-ci ildə buranı müvəffəqiyyətlə başa vurur. Gənc zabitin vətəninə ilk xidmət yeri Tovuzdakı “N” saylı hərbi hissədən başlayır. Göstərdiyi nümunəvi xidmətə görə ­2015-ci ildə baş leytenant rütbəsinə layiq görülərək, taqım komandiri vəzifəsinə irəli çəkilir. 2017-ci ildə xidmətinə Qazax rayonunda davam etməyə başlayır. 2018-ci ildə “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsinə təyin edilir. 2020-ci ildə ona kapitan rütbəsi verilir. General-mayor Polad Həşimovun rəhbərlik etdiyi hərbi hissələrdən birində xidmət etməsindən qürur duyur.
Komandiri olduğu əsgərlər Kamranı hədsiz çox sevirdilər. Köhnə Qışlaq kəndində onlar üçün gözəl bir şərait düzəltmişdi. 2600 metr hündürlüyündə olan posta düşmənlər çox cəhd göstərsələr də, yaxın dura bilmirdilər. Müharibə başlayanda Tərtərin Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə təyinatlanır Kamran. İlk gündən ön cəbhədə ağır savaşlara girir və qəhrəmanlıqlar göstərir. Talış və Suqovuşan azad olunur, düşmənin alınmaz qala hesab etdiyi istehkamları igidlər darmadağın edir.
Valideynlərinə, həyat yoldaşı Lamiyəyə, oğluna çox bağlı idi Kamran. İmkan tapan kimi, birdəqiqəlik də olsa, xanımının səsini eşitmək üçün telefona cumurdu. Ailəsindən, övladından arxayın olmaq, onların səsini eşidib, bir hovur nəfəs almaq istəyirdi. Lamiyə xanıma son telefon zəngində, mən haqqımı hamınıza halal edirəm. Siz də haqqınızı halal edin. Bir də balam Kənanı çoxlu-çoxlu öpün, – deyib. 
Oktyabrın 8-də Suqovuşan uğrunda gedən qanlı döyüşlərin birində kapitan, taqım komandiri Kamran İsmayılov qəhrəmanlıqla şəhid olur. Nəşi oktyabrın 10-da aktiv döyüş bölgəsindən çıxarılaraq ailəsinə təhvil verilir. Oktyabrın 11-də Şəhidlər xiyabanında dəfn olunur. Onu yola salmağa döyüş yoldaşları ilə yanaşı, rayonun bütün rəsmiləri, sakinləri gəlmişdi. 
Ömrü yarıda qırılan Kamran həsrətində olduğu körpəsini görmək arzusu ilə yaşayırdı. Dəfnindən bir neçə gün sonra telefonundan bir mesaj tapıldı: “Qızım olsa, adını Günay qoyun”. 2021-ci il 2 yanvar. Kamranın Günayı dünyaya gəlir. O, bu torpağın üstündə xoşbəxt yaşasın deyə, torpağa baş qoydu atası. 
Artıq bizə əmanət Günayın 2 yaşı var. Sumqayıtda ailən, övladların rahat, təmirli evlə təmin olunublar, Kamran. “YAŞAT” Fondu adına olan kredit borcunu silib və Günayın 18 yaşı tamam olanadək adına vəsait yatırıb. Oğlun Kənan da böyüyüb, hər kəlməsi sənin adınla başlayıb, sənin adınla bitir. Həyat yoldaşın Lamiyə xanım deyir ki, Kamran oğlunu hərbi prokuror, qızını həkim görmək istəyirdi. 
Öz şəhid izini torpağa salan İsmayılov Kamran Vaqif oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ­İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “III dərəcəli Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Kamranın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!


Əminə YUSİFQIZI, 
Əməkdar jurnalist

Ordu