Puşkin adına Səmərqənd mərkəzi kitabxanasında Azərbaycan Fondu yaradılacaq

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Səmərqənddəki  Puşkin adına regional kitabxana-informasiya mərkəzinə zəngin kitab kolleksiyası hədiyyə edib. 

Kitabxananın oxu zalında Mədəniyyət Mərkəzi tərəfindən hədiyyə olunan kitabların sərgisi açılıb və bir ay ərzində sözügedən nəşrlərin sərgilənməsi nəzərdə tutulub. 

İlk öncə  Səmərqənd regional kitabxana-informasiya mərkəzinin direktoru Zebinisa Şodieva ilə AMM-nin direktoru Samir Abbasov arasında görüş keçirilib, Səmərqənd kitabxana mərkəzi ilə Azərbaycan kitabxanaları arasında əməkdaşlıq məsələləri, birgə layihələrin həyata keçirilməsi, kitabxanada Azərbaycan fondunun yaradılması müzakirə edilib və bu barədə razılıq əldə olunub.  

Sonra qonaqlar üçün kitabxanaya ekskursiya təşkil olunub, Zebinisa Şodieva kitabxananın fəaliyyəti, onun informasiya təminatının həyata keçirilməsində rolu, oxucuların kitaba olan marağı, mütaliənin stimullaşdırılması məqsədi ilə görülən işlər barədə məlumat verib. O, kitabxananın bazasında elektron kataloq və elektron kitabxananın yaradıldığını bildirib, oxucuların aktivliyinin və mütaliəyə marağının yüksək olmasını qeyd edib. Z.  Şodieva AMM ilə sıx əməkdaşlıq edildiyini və hər il mərkəz tərəfindən kitabxanaya Azərbaycana dair nəşrlərin hədiyyə olunduğunu bildirib. 

S. Abbasov Özbəkistanın kitabxana fondlarında Azərbaycana dair nəşrlərin zənginləşdirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini, bugünə qədər Mədəniyyət Mərkəzi tərəfindən minlərlə kitabın Özbəkistan kitabxanalarına hədiyyə edildiyini deyib. Rəhbərlik etdiyi Mərkəzin layihəsi ilə Azərbaycana dair 100-dən şox  əsərrin özbək dilinə tərcümə və Daşkənddə çap edildiyini söyləyən Samir Abbasov Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan Fondunun təşkil edildiyini vurğulayıb. 

Qulu Kəngərli 

Səmərqənd

 











Mədəniyyət