Çağdaş jurnalistlərin unudulmaz müəllimi

post-img

Fədakar mətbuat tarixçisi kimi yaddaşlarda yaşayan Nəriman Zeynalov həm təhsil aldığı universitetin jurnalistika fakültəsinin müəllimi, həm də “Xalq qəzeti”ində (o zamankı “Kommunist” qəzeti) ədəbi işçi, şöbə müdiri vəzifələrində nümunəvi fəaliyyəti ilə seçilib. Müəllim adı, jurnalist imzası, alim zəhmətkeşliyi onu daim fərqləndirib.

“Molla Nəsrəddin” jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik, 1988-ci ildə isə doktorluq dissertasiyaları müda­fiə etmiş Nəriman müəllim Azərbaycanın mətbuat tarixi ilə bağlı 2 cildlik dərsliyin də müəllifi olub. Peşəkar fəiliyyətində jur­nalistikanın nəzəri və praktik sahələrinə paralel surətdə diqqət ayırıb. O, 1977-ci ildən başlayaraq 10 ilə qədər “Sovet kən­di” qəzetinə redaktorluq edib. Ömrünün son illərində doğma jurnalistika fakültə­sinə qayıdaraq dekan seçilib.1989-cu ilin yazında, 56 yaşında dünyasını dəyişib.

Nəriman Zeynalov istedadlı publisist, gənc yazarlar üçün ustada çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə oçerkləri “Qızıl qələm” mükafatına layiq görülüb. “Gümüş dəstəkli qılınc” romanının, “Oğul o kəsdir ki”, “Dağlar oğlu”, “Bərəkətli tor­paq” oçerklər kitablarının müəllifi olub. Dövri mətbuatdakı bir çox hekayə və məqalələri hələ də yaddaşlardadır.

Unudulmaz insan, qayğıkeş müəllim olan Nəriman Zeynalov neçə-neçə gənc jurnalistin yetişməsinə, püxtələşməsinə zəhmət sərf edib. Onların çoxu bugünün ünlü qələm sahibləridir. Elə ustadın 90 illiyi ərəfəsində onların ikisindən – tanın­mış şair, tərcüməçi, publisist, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli və jur­nalist, tarix üzrə fəlsəfə doktoru Amalya Qasımovadan onun haqqında ürək söz­lərini söyləmələrini xahiş etdik. 

Vaqif Bəhmənli:

– Peşəkar jurnalistikaya atdığımız ilk və sonrakı addımlar boyu Nəriman müəl­limin şəxsində qismətimizə düşən təmas­lar, görüşlər, ustad-tələbə münasibətləri­nin təsviri romana sığmaz.

...1973-cü ilin sentyabrın ilk həftələ­rində səhər-səhər qrupumuz jurnalistika fakültəsinin ayrıca, birmərtəbəli binasının küçəyə baxan auditoriyasında yerləşmiş­di. Balaca dərs otağı işıqlı idi. O gəldi, 35-40 yaşlarında, son dərəcə zövqlə ge­yinmiş cavan müəllim içəri girəndə mənə elə gəldi ki, auditoriyadakı işıq bir az da çoxaldı. Nəriman Zeynalovla ilk tanış­lıq günündən 50 il ötüb keçsə də, onun şəxsən mənə əta etdiyi o nur, o yaradıcı ruh bir an belə olsun duyğu və düşün­cəmi, yaddaşımı tərk etməyib, zərrəcə şübhə olmasın, nə qədər canımda can var, nəfəsim gedib-gəlir, belə də olacaq. Təbii ki, bu sayaq düşünən yalnız mən deyiləm. 

Nəriman Zeynalov ustad müəllim idi. O bizə milli mətbuatımızın tarixini öyrə­dirdi. Gözümüzün önündə Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli... kimi dahi şəxsiyyətlərin simasını canlandırır, onların məramını, Azərbaycan sevda­sını anladır, "Əkinçi", "Molla Nəsrəddin" jurnalının qeyrət, namus, elm qoxuyan, solmayan, tarixi səhifələrini vərəqləyirdi. Nəriman Zeynalovun dərslərindəki pe­daqoji səmimiyyət, klassik irsə sonsuz ehtiram onunla nəticələnirdi ki, biz tarixi­liklə müasirliyi iç-içə, qaynayıb qovuşmuş halda dərd edirdik. Onun təfsirində mət­buatın keçmişdəki təcrübəsi yalnız tarix deyil, eyni zamanda, müasir jurnalistika üçün yaradıcılıq mənbəyi, stimul, publi­sistik metod idi. Etiraf edək, hər müəllim­də belə alınmır...

Onun dərsləri monoloq deyil, canlı dialoq üstündə qurulurdu. Bir dəfə sadə bir məsələ qoydu: Yazılan məqalənin adı nə zaman qoyulsa yaxşıdı, yazıya baş­lamazdan əvvəl, yoxsa, yazını bitirəndən sonra? Hərəmiz bir söz dedik, mübahisə uzun sürdü. Nəriman müəllim məsələni yekunlaşdırdı, adın əvvəl, yaxud son­ra qoyulmağı elə də fərq eləməz, təki, uşaq sağlam doğulsun. Sonra biz "Sovet kəndi" qəzetində onun rəhbərliyi altında coşqun yaradıcılığa başlayanda Nəri­man müəllimin parlaq redaktor qələmi məqalələrin üstünə elə uyğun adlar, rub­rikalar çıxarırdı ki, onlar mətbu prosesdə yenilik kimi qəbul edilir, digər qəzetlər, müəlliflər tərəfindən də davam olunurdu. 

Nəriman Zeynalov indi həyatda olma­sa da, 90 yaşa həyatda varmış kimi və şərəflə yetişən ustad jurnalist milli mət­buatımıza məxsus olduqca dəyərli irsdir. 

Məhz o, ötən əsrin 70-80-ci illərində mahiyyətcə puç sovet jurnalistikasından 80 il geridə, mətbuat tariximizdə qay­naqlanan mənbələri öz dövrünün mət­buat axarına qovuşdurmaq istəyən, həm nəzəri, həm təcrübi, həm də təşkilati baxımdan belə bir prinsipial əlaqənin ya­ranması uğrunda mücadilə aparan mət­buat xadimi olmuşdur və var!

Amalya Qasımova:

– Nəriman Zeynalov fakültəmizin sa­yılıb seçilən müəllimlərindən idi. Sadə və səmimi olması, tələbələrlə dostyana davranışı onu hamımızın sevimlisinə çe­virmişdi. Tədris etdiyi kurs jurnalistika fakültəsinin aparıcı fənlərindən hesab olunurdu. Hətta Azərbaycan mətbuatına dair ilk dərsliyi də o yazmışdı və iki cildlik göy üzlü “Azərbaycan mətbuatı” tarixi əli­mizdən düşməzdi. 

Ərəb əlifbasını orta məktəbdə öyrən­mişdim. Amma, 1-ci kursda da bizə bu əlifbanı tədris etmişdilər. Bunu ona görə xatırladım ki, Azərbaycan mətbuatının əsil nüsxələri ilə tanışlıq bu əlifbanı bil­mədən mümkün deyildi. 

Bir gün Nəriman müəllim mətbu­at tarixinə marağımı hiss edib mənə M.F. Axundov adına Pespublika kitabxa­nasında mövcud olan ilk qadın qəzeti “İşıq”dan bir yazını kiril əlifbası ilə köçürüb ona gətirməyimi tapşırmışdı. Bilmirəm o mənim bu işi nə səviyyədə yerinə yetirə­cəyimi yoxlayırdı, ya yazı onun özünə la­zım idimi. Amma, bu kiçik öhdəliyi yerinə yetirməyim mənim gələcək elmi fəaliyyə­timin istiqamətinə çevrildi.

Bu, həm də Nəriman müəllim tərə­findən jurnalistika fakültəsi mətbuat tarixi fənninin o zaman mövcud olan Proqramı­na əks olan bir dəyişiklik idi. Çünki bu proqramda “Burjua mətbuatı” başlıqlı bir bölmə var idi ki, “ Həyat”,” Fyüzat”, “Səda” və digər mətbu orqanlarla yana­şı, ilk qadın qəzetimiz “İşıq” da buraya daxil edilmişdi. Biz Azərbaycanda qadın mətbuatının tarixini sovetlər dövründə nəşr edilən “Şərq qadını” jurnalı kimi öyrənirdik. 

“İşıq” Nəriman müəllimin tövsiyəsi ilə mənim elmi yaradıcılığıma əsl işıq oldu. Tələbə elmi işimdən sonra bu mövzu­nu davam etdirdim və AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunda “XİX əsrin sonu- XX əsrin əvvəllərində şimali Azərbaycan mətbuatında qadın prob­lemləri (1901-1917)” adlı geniş elmi iş ərsəyə gəldi. Ona görə də “Azərbaycan­da ilk qadın mətbuatı: “İşıq” qəzeti” adlı təbliğat xarakterli kitabımda “Sevimli müəllimim Nəriman Zeynalovun əziz xatirəsinə” sözlərini böyük minnətdarlıq hissi ilə yazdım. Öyrədənlər, bilik bəxş edənlər müqəddəs insanlardır. Onlarin yeri qəlbimizdədir. 

Hazırladı: Ə.ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət