Ötən əsrin 8-ci ilində, iyin ayının 5-də Bakıda anadan olan Mikayıl Müşfiq poeziya kəhkəşənında doğan parlaq ulduz kimi nur saçdı. Taleyin ona yazdığı qısa ömrü sevgi və gözəllik şairi kimi tanınması üçün kifayət etdi. Amma əgər Stalin repressiyasının qurbanı olmasaydı, daha çox yazıb-yaradacaq, dünya şöhrəti qazanacaqdı.
Ata-anasını erkən itirən Mikayıl nənəsi Qızqayıt xanımın himayəsində böyüyüb boya-başa çatıb. Xalq yaradıcılığı örnəklərini dərindən bilib və elə buna görə də könlünü şeirə, sənətə verib. Azərbaycan Dövlət Darülfünunun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini bitirib. 18 yaşında "Bir gün" adlı şeiri "Gənc işçi" qəzetində çap ediləndən sonra istedadlı şair kimi tanınıb və dövri mətbuatda müntəzəm çıxışlar edib. Adı çəkilən kimi onun "Yenə o bağ olaydı", “Oxu, tar", “Küləklər”, “Ana”, “Yağış” və nəğmələşərək dillər əzbəri olan bir sıra başqa şeirləri yada düşür. Güclü lirikası hər zaman şairə qarşı həsəd yaradıb. Sevgilisinin gülüşünü lalə yarpağında şehə bənzədən Müşfiqin şeir rüzgarı əsdikcə arzular gül açıb pardaxlanır, ruhlara işıq saçılır. Misraları, sanki, “rəqs eyləyən gur damlalar, sıra-sıra, inci-inci nur damlalardır”:
Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy, onun nazını mən özüm çəkim...
Təəssüf ki, “Dolaşma sıldırım sal qayalıqda, daşlar ayağını əzər, maralım!” – deyən şairin öz yolu sıldırım qayalıqlardan keçməli olub. Bədnəzər gözlərdən yayına bilməyib, “diksinə-diksinə qıya baxıb” və 29 yaşında güllələnib. Üzüqara zəmanə təbi qaynar bulaqlara bənzəyən sevgi və gözəllik şairinin ömrünü yarıda qırsa da, əbədi mənəvi həyat qazanıb. ”Biz də muradımızca fələkdən kam alaydıq”, – deyən Müşfiq nakam şair kimi ədəbiyyat tarixinə düşüb, əsərləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasında yer alıb.
Onun yaradıcılığında sosial və mədəni məsələlərlə bağlı fikirlər də özünün parlaq ifadəsini tapıb. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən, ölümündən sonra bəraət alıb. Dörd il əvvəl isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Müşfiqin əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
“Yazalım, özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim”, – deyən, könlünü ilahi misralarının şirinliyində ovudan, 115 yaşlı həmişəcavan şairin ruhunu şad etmək məramı ilə gözəl şeirlərindən birini oxucuların diqqətinə çatdırırıq.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”
Mikayıl MÜŞFİQ
SƏNİN GÜLÜŞLƏRİN
Qarşımda nazlanıb yеnə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən dеsəm artıqdır, özün bilirsən,
Lalə yarpağında şеhə bənzəyir.
Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər umulmuşdur?
Sənin hər qəhqəhən ay kənarından
Kеçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şеirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar.
Bəzən başucumda, bəzən önümdə
Şimşəklərim çaхar, sularım aхar.
Cahan ki solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəхsə ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək!