Mansurovların bəstəkar oğlu – Eldar Mansurov

post-img

Sevilən bəstəkarımız, Xalq artisti Eldar Mansurov və mərhum qardaşı, kinooperator Aydın Mansurovla bir vaxtlar dövlət televiziyasında birlikdə çalışmışıq. Eldar müəllim musiqi baş redaksiyasına rəhbərlik edirdi. Daha çox yaxınlığım olan Aydınla mən ədəbi-dram verilişləri baş redaksiyasında işləyirdik və birgə ezamiyyətlərimiz zamanı tanınmış Mansurovlar şəcərəsi, o cümlədən atası – tarzən Bəhram Mansurov, qardaşları – Eldar və Elxan Mansurovlar haqqında maraqlı söhbətlərimiz olurdu. Aydın bu barədə fəxrlə, həvəslə danışırdı...

Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdindəki bədii şuranın üzvü olan Eldar Mansurov çox ünlü sənətkarlarımızdandır. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Mu­siqi Akademiyası) bəstəkarlıq fakültə­sində professor Cövdət Hacıyevin sin­fində təhsil alıb. 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb. Həmin illər aralığında Bəstəkarlar İtti­faqının katibi vəzifəsində işləyib. Ötən il milli musiqi sənətinin inkişafında xid­mətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. Prezidentin fərdi təqaüdçüsüdür. 

Bəstəkarla bizim “Xalq qəzeti”nə də ünvan olan Bülbül prospektindəki “göy­dələn” binanın 12-ci mərtəbəsindəki mənzilində görüşdük. İlk sualım 70-ci illərin əvvəllərində Bakıda “Məşəl” an­samblında iştirakı haqda oldu. Gülüm­səyərək dedi:

– Bəli, 1970-ci ildə “Məşəl”ə qa­tılmışam. Sənət yanğısı o vaxtdan ca­nımdadır. 1971-ci ildən “Qızıl payız” festivallarında çıxış edirdik. Ansamblın iki üzvü vəfat edib, digərləri ilə tez-tez görüşürük...

Bəstəkar zəngin musiqi xəzinəsinə malikdir. 3000-dən artıq mahnı və ins­trumental musiqisi var. Nəbi Xəzrinin "Gecə döyülən qapılar" dram əsərinə və daha 27 tamaşaya, 28 filmə mu­siqilər bəstələyib, İki dəfə Səmərqənd­də keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi barədə məruzələrlə çıxış edib. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik mu­ğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. 

Onun mahnı janrında daha geniş şöhrət qazanan əsəri “Bayatılar”dır. Va­hid Əzizin sözlərinə bəstələdiyi həmin mahnını ilk dəfə 34 il əvvəl gənc ulduz Brilyant Dadaşova oxudu. Dərhal popul­yarlıq qazanan və tezliklə "Melodiya" firması tərəfindən val şəklində böyük tirajla çap olunan mahnı keçmiş sovet məkanında geniş yayıldı. "Bayatılar" bu gün də ən sevimli mahnılar sırasındadır. İndiyədək bu uzunömürlü mahnı dün­yanı gəzir. Amma Eldar Mansurovun sənətin zirvəsinə daha möhtəşəm və cid­di musiqi əsərləri onu qaldırıb. 

– “Bayatılar”ı xatırlatdınız, – deyə bildirdi. – Bilirsiniz, elə musiqi əsərlə­ri var ki, bəxtlərinə daha çox sevilmək düşür. Leanordo da Vinçinin Cokonda­dan – “Mona Liza”dan başqa əsəri yox idimi? Var idi. Amma ən çox sevilən o portret oldu. Hər yaradıcı adam tarix­də bir şeylə qalır. Həsənağa Salayevin ən məşhur rolu Oqtay Eloğlu idi. Onun kimi bu rolu heç kim oynaya bilməz. Həmin tamaşaya anam aparırdı məni. Təsir edirdi, baxıb ağlayırdım. “Leyli Məcnun”da Leylini o qədər oynayan olub ki... Biri deyir Nəzakət yaxşı oxu­yub, digəri deyir Zeynəb yaxşı oxuyub. Əslində, hamısı yaxşı olub. Amma yad­da qalanı, adamı silkələyən tərzdə oxu­yanı Rübabə Muradova olub. Onun kimi ikinci Leyli olmayıb. Bəstəkar Arif Mə­likovun da xeyli parlaq əsəri olub, lakin “Məhəbbət əfsanəsi” ən yaddaqalanıdır. 

Mənim üçün də öz yazdıqlarımın hamısı əzizdir. Təvazökarlıqdan uzaq olmasın, mürəkkəb kompozisiyalı, sim­foniya, rok, caz və muğamın sintezini ehtiva edən xeyli sanballı əsərim var. Sadəcə, “Bayatılar”ın üzü daha çox gü­lüb. Amma yaşımın bu vaxtında istər­dim ki, bunlar daha çox ifa olunsun, geniş tanınsın.

Bəstəkarın həmin səpkili əsərlə­rindən biri atası, UNESCO-da valları çıxan ilk tarzən Bəhram Mansurovun xatirəsinə həsr etdiyi “Bəhramnamə”dir. Layihəsi əvvəlcə alboм şəklində mu­siqisevərlərə təqdim olunub. Sonra la­yihənin efir ömrü başlanıb: bir il ərzində yerli radiostansiyalarda bu ecazkar mu­siqi səslənib. Nəhayət, layihə möhtəşəm konsertlə tamamlanıb. 2005-ci ildə Hey­dər Əliyev Sarayında, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə "Bəhramnamə"­nin təqdimatı keçirilib. Musiqiçilər ta­maşaçıları adı simfo-folk-rok olan yeni janrla tanış ediblər. Bəstəkarın qardaşı Elxan Mansurov orkestrin müşayiə­tilə "Mahur-hindi", "Segah", "Şüştər", "Rast", "Bayatı-Şiraz", "Bayatı-kürd", "Çahargah", "Humayun" muğamları əsasında yazılmış kompozisiyaları ata­sından yadigar qalmış tarda ifa edib. Bu muğamlar fərqli interpretasiyada – vokal-instrumental variantda populyar müğənni Manana və xanəndə Elbrus Abdulzadənin ifasında səslənib. "Bəh­ramnamə 2"-də isə ilk dəfə böyük sim­fonik orkestrdən istifadə edilib. Şərq və Qərb motivləri vahid formada qovuşub.

Yenə də xatirələrə daldı:

-Atam vəfat edəndən sonra çox fi­kirləşdim ki, ona nə həsr edim. Musiqi­sinə ən yaxşı forma tarla simfoniyanın əmələ gətirdiyi konsert formasıdır. Elə fərqliliklər axtardım ki, başqaları et­məmiş olsun. Fikrət Əmirov muğamı simfonik musiqi ilə qarışdırıb simfonik muğam janrı yaratmışdı. Vaqif Musta­fazadə cazla muğamı qarışdırıb caz-mu­ğam janrı qoymuşdu ortaya. Mənsə ro­ker olmuşam, rok musiqini sevmişəm. Odur ki, rokla muğamı qarışdırdım. Bunun sayəsində “Bəhramnamə” janrı yarandı. 

Eldar Mansurovun kitabxanasında öz yazdığı "Azərbaycan dəraməd və rəngləri" "Azərbaycan diringi və rəng­ləri" (Azad Kərimovla), "Azərbaycan qədim el havaları" kitabları xüsusi yer tutur. Diqqətimi ingilis dilində çıxmış təzə bir kitab da cəlb etdi. Baxdım ki, bu, ingilis musiqişünas Mayk Diksonun “Geri dön və təzim et! Mənim musiqili həyatım” kitabıdır. “Burada, orada və hər yerdə” yarımbaşlığında Azərbaycan bəstəkarlarından söhbət açılır. 329-cu səhifədə olan bir abzası olduğu kimi təqdim edirəm: 

“Mən iş prosesində gözgörəti hey­rət doğuran Azərbaycan bəstəkarla­rının yazdığı ecazkar musiqi mətnləri haqqında çox şey öyrəndim. Onlar əsərləri təkcə orada deyil, dünyanın bütün konsert salonlarında səslən­məyə layiq bəstəkarlardır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Eldar Man­surov, Vasif Adıgözəlov, Tofiq Quli­yev, Arif Məlikov, Maestro Niyazi və inanılmaz Fikrət Əmirov kimi adları biz Qərbdə, sadəcə olaraq, tanımırıq. Bir qisminə Azərbaycansayağı rus irsi hopsa da, bu, zəngin ənənədir, olduqca çox musiqi fərdi şəkildə səs­lənir. Rus, İran və türk dilləri qarı­şığıdır, amma Azərbaycanın coğrafi vəziyyətini nəzərə alsaq, gözlənildiyi kimi, tamamilə nadir tərzdə səslənir. 2022” 

Eldar Mansurov dedi ki, adının elə böyük korifeylərlə yanaşı çəkilməsi ilə fəxr edir...

Görüşümüz zamanı ona ermənilərin özlərininkiləşdirdiyi “Koçəri” Azərbay­can rəqsi barədə də sual verdim. Bunun­la bağlı fikirlərini bölüşdü:

– “Köçəri” türkcə köç sözündəndir. Bu sözün ermənilərə aidiyyəti yoxdur. “Köçəri”ni nəyə görə öz adlarına çıxır­lar? Çünki dişlərinin dibində şirə qalıb. Keçmişdə, yaxın XIX əsrdə, XX əsrin əvvəllərində onlar bizdən çox şey götü­rüblər. Özü də az müraciət etdiyimiz, az çalıb-oxuduğumuz, az qala unutduğu­muz musiqiləri mənimsəyiblər. Baxın, “Sarı gəlin” nə vaxt dəbə düşdü? Akif İslamzadə oxuyandan sonra. Ondan əv­vəl “Sarı gəlin” harada idi? Ermənilər götürmüşdülər onu. Eynilə “Köçəri” kimi. O, kənd musiqisidir, şəhər folk­loru deyil. Ermənilərin götürdüklərinin əksəriyyəti kənd folklorudur. Şəhərdəki musiqilər tez-tez səsləndirilir, götürə bilmirlər. Yaxud aşıq havaları. Sayı xey­li var, dəbdə olan isə cəmi 5-6-sıdır. O musiqiləri ki, toz basır, az ifa olunur, ermənilər onları oğurlayır bizdən. Üzə­rində azca dəyişiklik edib özəlləşdirmək istəyirlər. Ermənilərin öz musiqisi yox­dur. Hamısı ordan-burdan götürmədir. 

E.Mansurov daha sonra qeyd etdi ki, ermənilər dolmadan, küftə-bozbaş­dan, başqa xörəklərimizdən tutmuş, xalq mahnılarımıza, rəqslərimizə, bəstə­karlıq əsərlərimizə qədər hər şeyə sahib çıxmağı arzulayırlar. Halbuki, bunların heç birinin haylara aidiyyəti yoxdur: “Onların burada vətənləri, dövlətləri ol­mayıb. Rusların əli ilə bizim torpaqlara gətiriliblər. Ermənilərin oğurluğunun qarşısı daha yüksək səviyyədə alınmalı­dır, beynəlxalq mexanizmlər işə düşmə­lidir. Çünki onlar oğru, yalançı toplum­dur. Elə mənim özümün də musiqilərimi oğurlayıblar”. 

Əlavə edək ki, sırf Azərbay­can yallısının bir növü olan “Köçəri” UNESCO-nun Bəşəriyyətin qeyri-mad­di mədəni irsinin Reprezentativ Siyahı­sına daxil edildikdən sonra da bu havaya əsassız iddialı olan oğru qonşularımız saxtakarlıqlarından əl çəkməyiblər.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

Mədəniyyət