Teatrımız beynəlxalq festivalda təmsil olunacaq

post-img

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Özbəkistan Respublikasına beynəlxalq festivala yollanıb.

Teatr "Birinci Beynəlxalq "Avrasiya" teatr" festivalında İsveç dramaturqu Lars Norenin “Müharibə" pyesi əsasında hazırlanmış "Mən gəldim qızlar" tamaşası ilə çıxış edəcək.

Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib.

Əsərdə müharibədə gözləri kor olmuş, ən çətin anlarında belə ailəsini, qızlarını düşünən atanın iki ildən sonra ailəsinin yanına qayıtmasından və gözlənilməz hadisələrlə qarşılaşmasından bəhs olunur.  

İkihissəli tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Kəmalə Hüseynova, Rasim Cəfər, aktyorlar Səbinə Məmmədzadə, Zümrüd Quliyeva ifa edirlər.

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”





Mədəniyyət