Milli Məclisi sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nizami adına Daşkənd Pedaqoji Universitetində mühazirə oxuyub.
Universitetin 500 nəfərə yaxın dinləyəcini əhatə edən akt zalında müəllim və tələbələrin toplandığı tədbirdə akademik Rafael Hüseynov “Orta əsrlər Azərbaycan ədəbiyyatı və mədəniyyəti Mərkəzi Asiyanın kulturoloji kontekstində” adlı məruzə ilə çıxış edib.
O, son min ildən artıq bir dövrdə Azərbaycan dühasının müsəlman Şərqi intibahının formalaşamasında aparıcı rolundan danışıb, Bəhmənyar Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Əbu Bəkr Əcəmi Naxçıvani, Səfiəddin Urməvi, Nəsirəddin Tusi, İmaddəddin Nəsimi, Şah İsmayıl Xətai, Sultan Məhəmməd, Mirzə Fətəli Axundzadə və digərlərinin Yaxın-Orta Şərqdə ortaq elmi-mədəni dəyərlər şəbəkəsinə verdiyi töhfələrdən bəhs edib.
Məktəb, yol yaradan, əsərləri ilə bütün müsəlman Şərqinə və Türk dünyasına üz tutan görkəmli azərbaycanlılardan danışan akademik Rafael Hüseynov xüsusi olaraq Cəlil Məmmədquluzadədən söz açıb, 120 yaşı tamam olan “Molla Nəsrəddin” jurnalının tarixi missiyasını xüsusi vurğulayıb.
Dinləyicilərin maraqla qarşıladığı məruzənin ardınca özbək və azərbaycanlı gənclərin ifasında rəqslər və nəğmələrdən ibarət konsert proqramı təqdim edilib.
Qabil YUSİFOĞLU
XQ



