Alimin ömür yolu və elmi irsi bir kitabda

post-img

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında tarix elmləri doktoru, professor Vəli Baxşəliyevin 70 illik yubileyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici işıq üzü görüb.

MEK-dən XQ-yə bildirilib ki, görkəmli alim ömrünü Naxçıvan ərazisində mövcud olan tarixi abidələrin sistemli tədqiqinə həsr edib. O, 300-ə yaxın elmi əsərin, xarici ölkələrdə nəşr olunmuş 260-dan çox elmi məqalənin müəllifidir. V.Baxşəliyevin xarici ölkə tədqiqatçıları ilə birgə apardığı ekspedisiyalar həm Naxçıvan tarixi, həm də Azərbaycan tarixi üçün mühüm nəticələr verib.

AMEA Rəyasət Heyətinin müvafiq qərarlarına əsasən “Görkəmli elm xadimləri” seriyası altında tərtib olunan biblioqrafik göstəricinin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Vəsaitin redaktorları Biblioqrafiya şöbəsinin müdiri Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə baş biblioqraf Natəvan Rəhimovadır.

Göstərici Vəli Baxşəliyevin həyat və fəaliyyətinin bütün sahələrini əks etdirir. Nəşrdə V.Baxşəliyevin əsərləri, redaktə etdiyi və rəy verdiyi əsərlər, iştirak etdiyi beynəxalq, regional və respublika səviyyəli konfranslar, elmi rəhbərlik etdiyi dissertantlar, həmçinin rəhbərlik etdiyi arxeoloji ekspedisiyalar və s. haqqında məlumatlar verilir. Biblioqrafiya tarixçilər, arxeoloq və etnoqraflar, elmi tədqiqatçılar, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Bu nəşrin elektron versiyası ilə kitabxananın saytındakı elektron kitabxana bölməsində tanış olmaq mümkündür.

Elm