Parisi cinlər dağıtdı, yoxsa inqilab?

post-img

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının  səhnəsində peşəkar inklüziv teatr olan “Əsa” teatrının milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyo Jordan və dərviş Məstəli Şah” əsəri əsasında hazırladığı “Paris partladı” tamaşasının nümayişi baş tutub. 


Səhnə əsəri uzaq Paris diyarından Qarabağın Təklə-Muğanlı obasının xanı Hatəmxan ağanın malikanəsinə təşrif buyuran Müsyo Jordanın gəlişi ilə başlayır.  Fransız botanist, Kral Akademiyasının üzvü Müsyo Jordan yerli bitki növlərini öyrənmək üçün buraya gəlir. Hatəmxan ağanın qardaşı oğlu, gənc Şahbaz bəyi Parislə bağlı hekayələri ilə özünə cəlb edir. Onu özü ilə birlikdə elm öyrənmək üçün Parisə aparmağa qərar verir. Lakin, Şahbaz bəyin əmisi arvadı Şəhrəbanu xanım və nişanlısı Şərəfnisə buna izn vermək istəmirlər. Şərəfnisə çox çalışır ki, Şahbazı fikrindən daşındırsın. O isə bütün bu yalvarışlara məhəl qoymayaraq dost-tanışlarından və həmyaşıdlarından elm baxımından  çox geridə qaldığını və nə olursa-olsun, Müsyo Jordanla gedəcəyini deyir. Əmisi Hatəmxan ağadan birtəhər rüsxət ala bilir və sevinc hissi ilə Parisə getməyə hazırlaşır. Amma... sən saydığını say, gör qadınlar nə sayır. Qonşusu Xanpəri Şəhrəbanu xanıma Qarabağ diyarına Dərviş Məstəli şah adlı çox “güclü” bir cadugərin gəldiyini deyir. Uzun məşvərətdən sonra həmin cadugəri müasir dillə desək, 600 manat pul qarşılığında saraya dəvət edirlər. Dərviş Məstəli şah bu işi görmək üçün cinlərin və əcinnələrin köməyindən istifadə edir. Onların etdiyi sehr nəticəsində Paris “məhv” olur. 


Az keçmir ki, Müsyo Jordan həyəcan və təşvişlə içəri girərək Parisin dağıldığını  və dərhal Fransaya getməli olduğunu bildirir. Qadınlar bu şəhərin əcinnələr tərəfindən məhv edildiyinə şübhə etmirlər. Əslində isə məsələ başqa cürdür. Parisdə inqilab baş verir və nəticədə kral oranı tərk edir. Bundan qorxan fransız qonaq dərhal Qarabağı tərk edir. Şahbaz isə burada qalır. Qadınlar “zəfər” çalırlar. 
Əslində, yazıçı burada insanların o dövrdə sadəlövh və avam olmasına diqqət çəkib. 


Yeni quruluşda tamaşaçılara təqdim olunan səhnə əsəri aktyorların qeyri-adi səhnə performansları ilə yadda qalıb. Bir səhnədən digərinə ustalıqla edilən keçidlər, aktyorların canlandırdığı obrazların tamaşaçıların simasında yaratdığı təbəssüm alqışlara səbəb olub.  
Tamaşanın quruluşçu rejissoru Elşən Əsgərovdur. Rolları Elsevər Rəhimov, Könül Şahbazova, Səmayə Qulamzadə, Niyaz İyasoğlu və başqaları ifa edirlər.


Fidan HÜQUQQIZI,
 Elşən Ağalar (foto), “Xalq qəzeti” 

Tamaşa3.jpg

Mədəniyyət