Dünyanın teatr sevinci

post-img

Teatr qədim və universal sənət növü olub, təhsil, təlim və sosial məlumatlandırma üçün güclü bir vasitədir. Buna görə də dünyada teatrın bütün formalarını təbliğ etmək və insanların onun dəyərini dərk edib anlamaq məqsədilə hər il martın 27-də Ümumdünya Teatr Günü kimi qeyd olunur. Bu günün əhəmiyyəti teatr icmalarını geniş miqyasda təbliğ etmək və bütün teatrsevərləri bu mədəniyyət ocağı ilə yaxından tanış etməkdir. Dünyanın 90-dan artıq ölkəsində fəaliyyət göstərən bütün teatr və rəqs müəssisələri, teatr və tamaşa sənəti universitetləri və digər mədəniyyət ocaqlarında Ümumdünya Teatr Gününü müxtəlif tədbirlər vasitəsilə qeyd edirlər. Hər il teatrın görkəmli xadimləri içərisindən qəlbi və ruhu ilə teatra bağlı bir şəxs seçilərək  teatr və beynəlxalq harmoniya haqqında fikirlərini bölüşmək üçün bu tədbirlərə dəvət olunurlar.

Ümumdünya Teatr Gününün qarşıya qoyduğu bir sıra məqsədlər vardır ki, teatrın dünyəvi əhəmiyyətini vurğulamaqda xüsusi rol oynayır:

1. Bütün dünyada teatrı bütün formalarda təbliğ etmək.
 
2. Bütün formalarda teatrın dəyərini insanlara çatdırmaq.
 
3. Teatr icmalarına öz işlərini geniş miqyasda təbliğ etmək imkanı vermək.
 
4. Teatr sevincini başqaları ilə bölüşmək.
 
Qeyd edək ki,1961-ci ildən bu yana hər il martın 27-sində qeyd olunan bu tədbir Beynəlxalq Teatr İnstitutu (ITI) tərəfindən teatrı təbliğ etmək və bütün dünyada teatrları beynəlxalq əməkdaşlığa cəlb etmək məqsədi ilə keçirilir. 
 
Fidan HÜQUQQIZI,
“Xalq qəzeti”
 
 

Mədəniyyət