Kukla Teatrı bölgələrimizdə

post-img

"Heydər Əliyev  İli" ilə bağlı tədbirlər çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən aparıcı teatrlarımızın bölgələrə qastrol səfərinə start verilib. 

Səfər çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrı martın 22-də Salyan və Lənkəran şəhərlərində olub.

Kukla teatrının zəngin repertuarına daxil olan, dahi mütəfəkkir Mirzə Fətəli Axundzadənin də ərsəyə getirdiyi məşhur “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası əsasında hazırlanan eyniadlı marionet tamaşa teatrsevərlərə təqdim olunub. Tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Mürəkkəb xoreoqrafik elementlərin də icra olunduğu marionet tamaşada məşhur qəhrəmanları usta kuklaçılar Elnur Abbasquliyev, Səriyyə Mansurova, İqbal Əliyev, Cavid Telman, Elmira Hüseynova canlandırıblar.

Peşəkar kuklaçıların ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan bu tamaşa teatrsevərlərin sürəkli alqışları ilə qarşılanıb.

Sonra, kuklaçîlar  Lənkəran şəhərinə səfər edib. O.Mirzəyev adına qarışıq tipli Uşaq evində  olan kuklaçılar burda körpe balalara xoş anlar yaşadıblar.

Əvvəlcə “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdirən heyət bayram tədbirini əyləncəli oyunlarla davam etdirib.

Novruzun əsas personajları Kosa və Keçəl uşaq evi sakinlərinə Kukla Teatrının bayram hədiyyələrini təqdim edib.

Uşaq evinin rəhbərliyi mütəmadi onların qonağı olan teatr kollektivinə təşəkkür edib, onların hər gəlişinin uşaqlar üçün əsl bayram oldugunu deyib.

Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı dirçeltmek, buradakî gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Fidan HÜQUQQIZI,
"Xalq qəzeti"





Mədəniyyət