Bakı şəhər 53 saylı orta məktəbin nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar

post-img

Azərbaycanın Elm və Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsinin həyata keçirdiyi OCEP layihəsi çərçivəsində Bakı şəhər 53 saylı orta məktəbin müəllim və istedadlı şagirdlərindən ibarət nümayəndə heyəti Özbəkistanda səfərdədirlər. Layihəyə Azərbaycandakı Özbəkistan səfirliyi və Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) dəstək göstərir. 

Səfər çərçivəsində məktəbin direktoru Tünzalə Zeynalovanın rəhbərlik etdiyi nümayəndə heyəti AMM-də olublar.

Qonaqlar Mədəniyyət Mərkəzinin həyətində Ümummilli Lider Heydər Əliyevin büstünü, şəhidlər xatirə kompleksini ziyarət ediblər. 

Nümayəndə heyətini AMM-nin direktoru Samir Abbasovla görüşündə qonaqlara Mədəniyyət Mərkəzinin fəaliyyəti haqqında məlumat verilib.      

Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Mərkəzində açılmış Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, habelə Heydər Əliyev Muzeyi, Azərbaycan Dövlətçilik Tarixi Muzeyi və Xalça Muzeyi ilə tanış olublar. 

Tünzalə Zeynalova simvolik olaraq Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirən xalça-portreti Mədəniyyət Mərkəzinə hədiyyə edib. 

Samir Abbasov 53 saylı məktəbdə yaradılmış Özbəkistanla  bağlı guşəyə XIX əsrdə yaşamış Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın şeirlərinin özbək dilində çaap olunmuş nəşrini hədiyyə edib.

Sonra Mədəniyyət Mərkəzinin konfrans zalında 53 saylı tam orta məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii proqram təqdim edilib. Balaca istedadlar milli rəqslərimizi ifa edib, fortepianoda Azərbaycan və Özbəkistanın dövlət himnlərini, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər. 

Tünzalə Zeynalova və Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxış edərək Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən adət-ənənələr, ortaq mədəniyyət və dəyərlərdən söz açıb, gələcəkdə birgə əlaqələrinin genişləndirilməsinə dair fikir və təkliflərini bölüşüblər. 

Səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərindəki Prezident Məktəbində olacaq, məktəbdə təhsil üçün yaradılan şərait, təhsil ocağının qabaqcıl təcrübəsi ilə tanış olacaq. 

İlk dəfə olaraq 53 saylı orta məktəb ilə Daşkənd şəhərindəki Əl-Biruni adına Beynəlxalq orta məktəbl arasında Qardaşlaşmış məktəblər haqqında müqavilə imzalanacaq.

Qulu Kəngərli

Daşkənd









Mədəniyyət