Şərqi Zəngəzura qayıdış davam edir - daha 10 ailə Ağalıya köçdü

post-img

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 28-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb. 30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, ümumilikdə, bu günə kimi Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti - dövlət xidmətləri, mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur.

Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır.







Son xəbərlər