Pakistanda Heydər Əliyevin yubileyinə həsr olunmuş tədbir

post-img

Azərbaycanın Pakistandakı səfirliyinin təşkilatçılığı  ilə bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan Allama İqbal Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi keçirilib. 

Fotosərgidə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Allama İqbal Universitetinin rektoru Nəsir Mahmud, universitetin professor-müəllim, tələbə heyəti və jurnalistlər iştirak ediblər. 

Sərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Pakistana rəsmi səfərini əks etdirən fotolar nümayiş olunub.

Fotosərgiyə baxışdan sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov “Azərbaycan-Pakistan əlaqələrinin inkişafının təməlinin qoyulmasında Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxuyub. 

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi müasir dünya tarixində parlaq və silinməz iz qoyduğunu bildirib. Ulu öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdən söhbət açan diplomaat məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahələrində böyük uğurlar əldə edildiyini, çoxsaylı sənaye müəssisələrinin, mədəniyyət və təhsil ocaqlarının, tibb müəssisələrinin inşa olunduğunu, yeni yaşayış massivlərinin salındığını, yolların, habelə ucqar rayonlara qaz və su xətlərinin çəkildiyini vurğulayıb. 

Səfir ulu öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulduğunu, azərbaycançılıq ideologiyasının yüksəlməyə başladığını, kadrların milliləşdirilməsi istiqamətində  mühüm işlərin görüldüyünü, eləcə də yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbulu və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də məhz  ulu öndər Heydər Əliyevin xidməti olduğunu xüsusi vurğulayıb. X. Fərhadov Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə sahibi olarkən gördüyü işlərdən də danışıb.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən söz açan səfir 1991-1993-cü illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, habelə Azərbaycanda iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü qeyd edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır dönəmində 1993-cü ilin iyun ayında xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdaraq,  ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi böhranı aradan qaldırdığını Azərbaycanın müstəqilliyini möhkəmləndirdiyini bildirib. 

“Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələrdən danışan natiq ümummilli liderin müdrik siyasəti nəticəsində ölkəmizdə yüksək templi sosial-iqtisadi inkişafın təmin olunduğunu və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə güclü mövqeyə malik ölkəyə çevrildiyini qeyd edib.

Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir iki ölkə arasında əlaqələrin inkişafının təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Ulu öndərin Pakistana böyük əhəmiyyət verdiyini bildirən səfir ümummilli liderin 1996-cı ildə İslamabada etdiyi rəsmi səfərini xatırladıb.

X.Fərhadov əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də xüsusi əhəmiyyət verildiyini qeyd edib.

 Səfir mühazirə zamanı iştirakçıların çoxsaylı suallarını da cavablandırılıb.

 

Qulu KƏNGƏRLİ, 

İslamabad

 

10.jpg

4.jpg

Son xəbərlər