Gürcüstanın nüfuzlu qəzetində Ulu Öndərə həsr olunmuş məqalə dərc olunub

post-img

Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” (Gürcüstan Respublikası) qəzetində “Heydər Əliyev müasir və demokratik Azərbaycan dövlətinin memarıdır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, jurnalist Quram Qoqiaşvilinin Gürcüstanın Kvemo Kartli bölgəsinin keçmiş qubernatoru Levan Mamaladzedən aldığı müsahibə əsasında hazırlanmış məqalədə Ulu Öndərin həyat və fəaliyyəti, xüsusən Gürcüstan və bu ölkədə yaşayan soydaşlarımızla bağlı söylədiyi tarixi faktlar əksini tapıb.

Heydər Əliyev kimi dahi şəxsiyyət haqqında danışmaqdan böyük şərəf duyan Levan Mamaladze deyir: “Mən çox xoşbəxtəm ki, müxtəlif vəzifələrdə çalışdığım dövrlərdə belə bir tarixi şəxsiyyətin tövsiyələrindən bəhrələnmişəm. Mən Heydər Əliyevi müasir və müstəqil Azərbaycan dövlətinin yaradılmasının memarı hesab edirəm”.

Qeyd olunur ki, Azərbaycana yenidən siyasi rəhbərliyə qayıdan Heydər Əliyev güclü Azərbaycan dövləti qurdu və ölkədə demokratik prinsipləri bərqərar etdi. O, Xəzər dənizi ilə Qara dəniz arasındakı dəhlizi öz məqsədyönlü fəaliyyəti ilə yeni siyasi arenaya çevirdi. Azərbaycanın neft və qaz ehtiyatlarının bütün dünyaya tanınmasında Heydər Əliyev müstəsna rol oynayıb.

O deyib: “1994-cü ildə Kvemo-Kartlinin qubernatoru təyin olunduqdan sonra bizim əsas məqsədimiz Gürcüstandan Azərbaycana miqrasiya edən həmyerlilərimizin qarşısını almaq oldu. Mən çalışırdım ki, hər bir Azərbaycanlı ailəsinə daxil olaraq onları müdafiə edim. Onlara anlatmağa çalışırdım ki, Gürcüstan həm də hər bir azərbaycanlının vətənidir. Bizim bu daxili siyasətimizi Azərbaycan dövləti yüksək qiymətləndirdi və aramızdakı qarşılıqlı inam gücləndi. Heydər Əliyevin rəhbərliyi ilə iki ölkə arasında özünəməxsus, unikal bir münasibət formalaşdı”.

Sabiq qubernator Ulu Öndərlə dəfələrlə görüşüb. Həmişə ona “cavan oğlan” deyə müraciət edən Ulu Öndər Bakıda tədbirlər çərçivəsində ağacəkmə mərasimi keçirilən zaman L.Mamaladzeni yanına çağıraraq ona bir ting verir və tingi onun əkdiyi ağacın yanında əkməyi tövsiyə edir.

“İnanıram ki, bizim yan-yana əkdiyimiz tinglər artıq böyük bir gövdəli, qollu-budaqlı ağaclara çevrilib” – deyə, Mamaladze vurğulayıb.

L.Mamaladze sonda deyib: “Bu gün Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev layiqincə davam etdirir. İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. O, Heydər Əliyevin yaratdığı dövlətin daha da qüdrətlənməsində böyük siyasi rol oynayan bir rəhbərdir. Azərbaycan xalqı Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Şəxsi münasibətdə çox mülayim və sadə olan bu görkəmli şəxsiyyət, həmçinin, Gürcüstanla dostluğa çox önəm verən, sözün əsl mənasında Gürcü xalqına böyük hörmət və ehtiramla yanaşan siyasi xadim idi”.

Qeyd edək ki, məqalə Ulu öndər Heydət Əliyevin 100 İllik yubileyi ilə bağlı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Tbilisidəki “Alyans“ Gənclər Mərkəzinin birgə layihəsi əsasında dərc olunub.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Son xəbərlər