Ərzaq təhlükəsizliyi hökumətin strateji vəzifəsidir

post-img

Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi hər zaman respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olub. Qlobal bazarlarda baş verən son hadisələr isə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsi, bir sıra zəruri məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi üçün görülən davamlı tədbirlərlə bərabər, yeni yanaşmalardan da istifadəni şərtləndirib.

Baş nazir Əli Əsədov Nazirlər Kabi­netinin 2022-ci il üzrə hesabatında bu barədə ətraflı bəhs edib. Ə.Əsədov döv­lətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində respublika­mızın beynəlxalq nüfuzunun daha da artdığını, milli iqtisadiyyatın inkişafının davamlı xarakter aldığını, əhalinin sosial rifahının yaxşılaşdığını bildirib. 

Hesabatda hökumət tərəfindən ötən il ərzində iqtisadi fəallığın təmin edilmə­si, əhalinin sosial müdafiəsinin gücləndi­rilməsi, işğaldan azad olunan ərazilərin bərpası kimi sahələrində mühüm tədbir­lər həyata keçirildiyi əksini tapıb. 

Baş nazir çıxışında hesabat ilində respublikada ərzaq təhlükəsizliyinin ger­çəkləşdirilməsi ilə bağlı daxili bazarda özünütəminat səviyyəsinin qorunması və əhalinin əsas ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamə­tində vacib işlər görüldüyünü də xatır­ladıb: “Əsas ərzaq məhsulları üzrə eh­tiyatların yaradılması ilə bağlı qərarlar qəbul olunub. Minimum istehlak səbəti­nin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı ilə məşğul olan sahi­bkarlara güzəştli şərtlərlə kreditlər, faiz subsidiyaları və vergi-gömrük güzəştləri verilib. Ötən il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərə­findən maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 540 milyon manat vəsait ödənilib”. 

Natiq hesabatda ökə Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə sə­viyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul ta­rixli Fərmanına uyğun olaraq, cari il mü­vafiq tədbirlərin həyata keçirilməsi üçün 180 milyon manat vəsait nəzərdə tutul­duğunu, ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli ilə bağlı lazı­mi addımlar atıldığını, həmçinin su ehti­yatlarından səmərəli və qənaətlə istifa­də olunduğunu da diqqətə çatdırıb. 

Yeri gəlmişkən, dövlətimizin başçı­sı qəbul edilən müvafiq qərarlara uy­ğun olaraq kənd təsərrüfatının inkişafı məqsədilə qurulan çoxşaxəli dövlət dəstəyi sistemi mütəmadi şəkildə tək­milləşdirilir, müxtəlif istiqamətlər üzrə həyata keçirilən genişmiqyaslı tədbirlər mexanizmi vasitəsilə bu sahənin poten­sialının gücləndirilməsinə yönəldilən re­sursların həcmi daim artırılır. 

Bütün bunların nəticəsində son il­lər ərzində kənd təsərrüfatı məhsulları istehsalının artımı əksər sahələr üçün xarakterik olub, bitkiçilik sahəsi üzrə ar­tımda həm intensiv, həm də ekstensiv amillər təmin edilib, heyvandarlıq sahə­sində artım isə artıq intensiv inkişafa əsaslanmağa başlayıb.

Fermerlərin gübrə, pestisid və kənd təsərrüfatı texnikaları ilə təminatının yaxşılaşdırılması üçün göstərilən dövlət dəstəyi tədbirləri də öz müsbət nəticələ­rini verib. Kənd təsərrüfatı üzrə texnika parkının genişləndirilməsi hesabına artıq bir traktora düşən əkin sahəsi 45 hektar, bir taxılyığan kombayna düşən əkin sahəsi 269 hektar, bir pambıqyı­ğan kombayna düşən əkin sahəsi 203 hektar təşkil edib. Bu isə ölkədə kənd təsərrüfatı texnikası ilə təminatın kifayət qədər yüksək olmasını xarakterizə edən göstərici kimi diqqət çəkib. 

Son illər ölkəyə gübrə və pestisid idxalının həcmi dəfələrlə artıb. Həmçi­nin 2019-cu ildən etibarən yerli sənaye müəssisəsi tərəfindən daxili bazara azot tərkibli gübrə təklifinin həyata keçirilmə­sinə başlanıb. 

Ölkədə meliorasiya-irriqasiya sis­teminin yenidən qurulması və təkmil­ləşdirilməsi məqsədilə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən bö­yük miqyaslı layihələr hesabına son 10 il ərzində 390 min hektardan çox sahə­də torpaqların su təminatı yaxşılaşdırı­lıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçi­nin suvarılan sahələrdə müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı hazırda 5 fa­izdən çox artıb. 

Kənd təsərrüfatı məhsulları istehsal­çılarının dövlət qayğısı ilə əhatə olunma­sı bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifa­dədə kənd təsərrüfatı məhsulları istehsalı 4,8 faiz (o cümlədən, bitkiçilik məhsulları istehsalı 53 faiz, heyvandarlıq məhsulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xüsusilə ilkin kənd təsərrüfatı məh­sullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına baş verib.

Hazırda özünütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məh­sulları üzrə ümumən 85-86 faiz, kartof üzrə təqribən 90 faiz təşkil edir. 

Taxılçılıqla bağlı isə onu qeyd edək ki, Azərbaycanda 2022/2023-cü təsər­rüfat ilində 1 milyon 44 min 700 hek­tar sahədə payızlıq taxıl əkini aparılıb. Dən üçün payızlıq əkinlərin sahəsi 2021/2022-ci təsərrüfat ili ilə müqayisə­də 2,8 faiz çox olub. Payızlıq taxıl əkin­lərinin 649,2 min hektarını buğda, 395,3 min hektarını arpa əkinləri, 160 hektarını çovdar əkinləri təşkil edib. Bundan əlavə ölkədə 14 min hektar sahədə xəsil və yaşıl yem üçün əkinlər aparılıb.

Ötən təsərrüfat ili ilə müqayisədə ölkədə buğda əkinlərinin sahəsi 7,8 faiz artıb. Payızlıq taxıl əkinləri Azərbayca­nın əkin balansının 60 faizə yaxınını təşkil edib.

Təbii resursların məhdudluğu səbə­bindən yerli fermerlər tərəfindən zəruri həcmdə və ya keyfiyyətdə, həmçinin sərfəli qiymət şərtlərinə uyğun səviyyə­də istehsal oluna bilməyən ərzaq məh­sullarının daha əlverişli şərtlərlə idxal yolu ilə ehtiyatlarının yaradılması diqqət­də saxlanılıb, həmin məhsulların emal olunması üçün isə müvafiq saxlama inf­rastrukturu və istehsal bazası yaradılıb. Məsələn, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun təkmilləş­dirilməsi məqsədilə son illər ərzində dövlət dəstəyi hesabına regionlarda 400 min ton tutumu olan soyuducu anbarlar, 1,9 milyon ton tutumu olan müasir taxıl elevatorları və digər logistika obyektləri qurulub. 

Burada onu da qeyd edək ki, real­laşdırılan tədbirlərin nəticəsidir ki, son dövrlər qlobal ərzaq bazarında yaşanan böhranın daha da dərinləşməsinə bax­mayaraq Azərbaycanın idxaldan asılı olduğu məhsullar üzrə təminatında heç bir problem yaranmadı. Eyni zamanda sözügedən narahatlığın, o cümlədən ərzaq qiymətlərində baş verən baha­laşmanın mənfi təsirlərinin kompensasi­yası məqsədilə ölkəyə gətirilən bir sıra ərzaq məhsullarının, habelə xammalla­rın gömrük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhəmiyyətli qə­rarlar qəbul edildi.

Ərzaq təhlükəsizliyinin güclənmə­sinə yönələn kompleks tədbirlərdən biri kimi, 2021-ci ildə daxili bazarda strateji mallar üzrə qısamüddətli kəskin qiy­mət dəyişmələrinin qarşısını almaq is­tiqamətində tədbirlər görmək üçün Döv­lət Ehtiyatları Agentliyi yaradılıb. Dövlət Taxıl Fondu isə bu Agentliyin sərənca­mına verilib. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 il ərzində işğala məruz qalmış torpaqlarımızın azad olunması da ölkəmizdə kənd təsərrüfatının inkişa­fı baxımından yeni imkanlar yaradıb. 

“Azərbaycan Respublikasının iş­ğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqın­da” Azərbaycan Prezidentinin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çər­çivəsində ərazilərin minalardan təmiz­lənməsi prosesinə paralel olaraq kənd təsərrüfatı əkinlərinin həyata keçirilməsi işləri aparılır, bitkiçilik və heyvandarlıq sahələri ən müasir texnologiyaların tət­biqi yolu ilə inkişaf etdirilir, bu ərazilərin bərpası və yenidən qurulması “Yaşıl enerji” zonası, “Ağıllı kənd” konsepsiya­sı əsasında gerçəkləşdirilir.

Aparılan hesablamalara əsasən, düşməndən təmizlənən ərazilərdə mövcud resurslar tam dövriyyəyə cəlb edilməklə kənd təsərrüfatı məhsulları istehsalının bərpası hesabına ölkə üzrə ümumi kənd təsərrüfatı məhsulları isteh­salı həcminin indikinə nəzərən təqribən 8 faizdən çox artacağı gözlənilir. 

Azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası hesabına xüsu­silə taxıl və yem bitkiləri və heyvandar­lıq məhsulları istehsalında artım təmin ediləcək. Belə ki, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təq­ribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artı­rılması imkanları mövcuddur. Təbii-iqlim və relyef xüsusiyyətlərinə əsasən işğal­dan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçı­lıq sektorları ilə yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı baxımından da geniş imkanlar var.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat