Göygöldə fermerlər bir yerə toplaşdı…

post-img

Göygöl rayonunda qabaqcıl fermerlərin iştirakı ilə Dövlət Aqrar İnkişaf Mərkəzi yanında fəaliyyət göstərən Fermer və Koordinasiya Şurasının toplantısı keçirilib. 

Rayonun qabaqcıl fermer təsərrüfatları rəhbərlərinin iştirak etdiyi tədbirdə qeyd edilib ki, DAİM-lər yanında fəaliyyət göstərən Fermer və Koordinasiya şuraları kənd təsərrüfatı sektorunun qabaqcıl nümayəndələri, fermerlər, fermer assosiasiyalarının üzvlərindən təşkil olunur. Fermer və Koordinasiya Şuralarının əsas vəzifələri fermerlərin mövcud problemlərini öyrənmək, problemlərin aradan qaldırılmasına kömək etmək, ictimai nəzarəti həyata keçirmək, subsidiyaların verilməsində şəffaflığı təmin etmək, fermerlər arasında rəy sorğuları keçirmək, aqrar sahənin inkişafına dair təkliflər verməkdir.

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elməddin Əhmədov qeyd edib ki, ölkə prezidentinin fermerlərə daha yaxın olmaq, onların problemlərini dinləmək və problemlərin həlli yollarını birgə axtarmaq kimi qarşıya qoyduğu vəzifələr bizim hər birimizin məsuliyyətini artırır. O, həmçinin könüllülük prinsipi əsasında kooperativlərin yaradılmasının vacibliyini vurğulayıb və fermerləri bununla bağlı maarifləndirmə işini sürətləndirməyə çağırıb. 

Tanınmış fermerlərdən Fuad Zalov, Təhminə Hacıyeva, Elmay Tanrıverdiyev, Rəfail Mustafayev, Mustafa Bəhruz çıxış edərək qarşıda duran vəzifələr, meydana çıxan problemlər barədə fikirlərini bölüşüb, təkliflər irəli sürüblər. 

Görüşdə gübrələrin keyfiyyəti, suvarma problemləri, intensiv bağların genişləndirilməsi, sertifikatlı toxumdan istifadə, heyvandarlığın inkişafı üçün atılacaq addımlar ətrafında müzakirələr aparılıb. 

Görüşün sonunda 15 nəfərdən ibarət Fermer və Koordinasiya Şurasının idarə heyətinə yeni üzvlər qəbul olunub.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri









İqtisadiyyat