SOCAR İstiqrazlarının 5-ci kupon ödənişi edilib

post-img

Nominal qiyməti 1000 ABŞ dolları, tədavül müddəti 5 il, illik gəlirliliyi 4,5 faiz olan və kupon gəlirləri rüblük qrafiklər əsasında ödənilən SOCAR İstiqrazlarının 1 milyon 125 min ABŞ dolları dəyərində növbəti kupon ödənişi fevralın 1-də istiqraz sahiblərinin hesablarına köçürülüb.

“SOCAR Capital”dan AZƏRTAC-a bildirilib ki, yerli fond bazarında ən çox müraciət olunan qiymətli kağıza çevrilən SOCAR İstiqrazları, 2023-cü ilin 1-ci, ümumilikdə isə 5-ci faiz ödənişi nəticəsində sahiblərinə yenidən 1,125 milyon ABŞ dolları dəyərində gəlir qazandırıb. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 5 milyon 625 min ABŞ dollarına yüksəlib.

Tədavülə buraxıldığı son 15 ay ərzində təkrar bazar əməliyyatları həcminin 31 milyon ABŞ dollarına çatması, bağlanmış əqd sayının 380-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruması və alqı–satqı əməliyyatlarının daim nominal qiymətin üzərində olması SOCAR İstiqrazlarına yüksək tələbatın göstəricisidir.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi 2023-cü il mayın 1-də baş tutacaq.

Xatırladaq ki, 5 illik tədavül müdddətinin sonunda investorlara ödəniləcək qazanc məbləği 22,5 milyon ABŞ dolları təşkil edəcək.

İqtisadiyyat