Şahmat Tacı uğrunda...

post-img

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Arkadi Dvorkoviç Şahmat Tacı uğrunda yarışda üz-üzə gələcək rusiyalı qrossmeyster Yan ­Nepomnyaşi ilə çinli Dinq Liren görüşü haqqında fikirlərini mediaya açıqlayıb. Bu barədə “Championat.com” portalı məlumat yayıb. 
Mənbə yazır ki, FİDE rəhbəri çinli qrossmeysterlə müqayisədə Rusiya şahmatçısının daha təcrübəli olduğunu vurğulayıb. Dvorkoviş deyib: “Reytinqdə ikinci və üçüncü sırada qərarlaşan şahmatçılar üz-üzə gələcək. Onların gücləri demək olar ki, eynidir. Ancaq Nepomnyaşi daha təcrübəli şahmatçıdır.  Dinq Liren isə bir qədər geridədir. Bu, şəxsi görüşlərə nəzərə salanda da bəlli olur. Belə ki,  Yan Nepomnyaşi daha üstün görünür. Amma Lirenin çətin vəziyyətlərdə inadkarlığını da xüsusi qeyd etmək gərəkdir. O, çox güclü şahmatçıdır və demək olar ki, nadir hallarda məğlub olur”.
Qeyd edək ki, FİDE hazırkı çempion Maqnus Karlsenin titulunu qorumaqdan imtina etməsinə görə iddiaçılar turnirinin qalibi olan Nepomnyaşi ilə 2-ci yerin sahibi Dinq Lireni qarşılaşdırmaq qərarına gəliblər. Nepomnyaşi ilə Liren arasında Şahmat Tacı uğrunda görüşlər aprelin 7-dən mayın 1-nə qədər Qazaxıstanda keçiriləcək.

Elçin AĞAMİRZƏ, 
“Xalq qəzeti”

İdman