"Şamaxı" ilə yoxlama oyunu Gəncə klubunun acı reallığını üzə çıxardı
Futbol üzrə Azərbaycan Premyer Liqasının iştirakçısı olan "Kəpəz", yay hazırlıqları çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda “Şamaxı”ya 1:6 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus etdi.
Bu nəticə "sadəcə yoxlama oyunudur" deyə keçişdiriləcək bir hal deyil. Meydançada təşkilatlı oyun əvəzinə xaotik və zəif koordinasiyalı çıxış gördük. Müdafiə tamamilə dağılmış vəziyyətdə idi, qapıçı oyunu izləyirdi, hücumçular isə "zəif təzyiqli yürüş" nümayiş etdirirdilər. Sanki komanda məşqə yox, məğlubiyyətə çıxmışdı.
Belə ağır hesablı məğlubiyyət, xüsusilə də "təcrübə toplamaq" adı altında baş verirsə, o zaman bu, baş məşqçidən tutmuş idarəçiliyə qədər hər kəs üçün xəbərdarlıq siqnalı olmalıdır. Belə görünür ki, komanda yalnız fiziki yox, psixoloji və taktiki baxımdan da mövsümə hazır deyil.
İllərdir "Kəpəz"in dirçəlişinə ümid edən Gəncə futbolsevərləri bu dəfə də meydanda ruhsuz, cansız və məqsədsiz bir kollektiv gördü. Bu cür nəticələr nə klubun tarixinə, nə adına, nə də fanatlarının gözləntilərinə yaraşır. “Kəpəz” adı bir dövrün simvolu idi, bu gün isə məğlubiyyətlərin xronikasına çevrilmək üzrədir.
Əgər hər məğlubiyyətdən sonra eyni bəhanələr səsləndiriləcəksə – “oyun önəmsizdir”, “əsl hədəf mövsümdür” və sair, o zaman sual yaranır: bu mövsüm üçün hansı hədəfdən danışırıq? Qapısına altı top buraxan bir komanda hansı məqsədə çatmağı düşünür?
Nəticə etibarilə, "Kəpəz" bu qarşılaşmada yoxlanmadı, əksinə ifşa olundu.
Əgər real islahatlar və ciddi hazırlıq görülməzsə, Gəncədə futbol adına yenə də qaranlıq günlər yaşanacaq.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Gəncə