Kimyaçı alimlər Rusiyada mükafata layiq görülüblər

post-img

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları sözügedən müəssisənin baş direktoru, akademik Vaqif Abbasov, şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Ülviyyə Yolçuyeva, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Səbinə Seyidova və aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru Mehriban Nağıyeva Rusiya Federasiyasının Xantı-Mansiysk Muxtar vilayətinin rəhbərliyinin dəvəti ilə Xantı-Mansiysk şəhərində və Nijnivartovsk şəhərində ezamiyyətdə olublar.

İnstitut əməkdaşları Yuqor Dövlət Universitetində və V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəzdə olublar. Fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Kimyaçı alimlər 22-23 mart 2023-cü ildə Xantı-Mansiysk Muxtar vilayətinin “Altıncı beynəlxalq gənclərin” elmi-praktiki forumunda iştirak ediblər.

Tədbirdə akademik Vaqif Abbasov müalicəvi Naftalan neftinin tədqiqatının nəticələri haqqında məruzə ilə çıxış edib. Ayaz Məmmədov konfransda elmi məruzə ilə çıxış edib.

Səbinə Seyidova və Mehriban Nağıyeva “İnnovasiya layihələri” müsabiqəsində (“Neftqaz texnologiyası”) məruzələrlə çıxış ediblər. Müsabiqədə Rusiya Federasiyasının nüfuzlu ekspertləri qiymətləndirmə aparıblar. Müsabiqədə 15 ölkədən nümayəndələr iştirak edib.

Sevindiricidir ki, müsabiqənin nəticələrinə görə qaliblər Azərbaycan və Rusiya Federasiyasının alimləri olub.

Mehriban Nağıyeva həvəsləndirici yerə layiq görülüb və ona 15000 rubl mükafat verilib. Rusiyanın gənc alimləri 2-ci və üçüncü yerlərə layiq görülüblər.

Müsabiqənin qalibi Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi Səbinə Seyidova olub. Birinci yerin qalibi kimi ona 150000 rubl mükafat verilib.

Qeyd edək ki, Neft-Kimya Prosesləri İnstitutu, V.İ.Şpilman adına Yerin Rasional İstifadəsi üzrə Elmi-Analitik Mərkəz və Rusiya Federasiyasının Reabilitasiya və Kurortalogiya üzrə Milli Tibbi Tədqiqatlar Mərkəzi arasında əməkdaşlığın təşkili üzrə razılıq müqaviləsi imzalanıb.

Kimyaçılar-5.jpg

Kimyaçılar-6.jpg

Kimyaçılar-3.jpg

Kimyaçılar-4.jpg

Elm