ABŞ Ukraynaya Abrams tanklarının çatdırılmasını sürətləndirir

post-img

Pentaqon rəhbəri Ostin Ukraynaya "M1 Abrams" tanklarının tədarükünün sürətləndirildiyini açıqlayıb.

ABŞ Ukrayna Silahlı Qüvvələrinə vəd etdiyi "M1 Abrams" tanklarının tədarükü sürətini artırıb. "Xalq qəzeti" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Pentaqon rəhbəri tankların Ukraynaya gətirilməsinin dəqiq vaxtını açıqlamayıb, lakin Ukrayna əsgərlərinin təlim keçməsi üçün ilk "Abram"ların yaxın bir neçə həftə ərzində Almaniyaya gətiriləcəyini qeyd edib.

Ostin deyib: “Biz həmçinin Ukraynanı yaxın aylarda daha çox zirehli texnika ilə təmin etmək üçün "M1 Abrams" tanklarının çatdırılmasını sürətləndirmişik”.

Bundan əvvəl "Associated Press" agentliyi ABŞ rəsmilərinə istinadən xəbər vermişdi ki, mayın 31-də tank Almaniyanın Qrafenvur poliqonuna çatdırılacaq və burada Ukrayna Silahlı Qüvvələrinin tankerləri on həftə ərzində təlim keçəcək. Ümumilikdə, 250 ukraynalı hərbçi - tankçılar və təmirçilər təlim keçəcəklər.

S.ELAY,

"Xalq qəzeti"

Dünya