Ölümcül “Freddi” siklonu bir neçə rekord vurub

post-img

Tədqiqatçılar güman edirlər ki, o, müşahidələrin bütün tarixi boyu ən güclü və davamlı fırtınadır.

Çox güclü “Freddi” siklonu ilk dəfə fevralın 6-da Avstraliyanın şimal sahilləri yaxınlığında yaranıb. “Space” yazır ki, siklon o vaxtdan bəri 8 min kilometrdən çox məsafə qət edib, bütöv Hind okeanını keçib və üç dəfə quruya hücum edib.

Ölümcül siklonun miqyasının çox böyük olması fonunda tədqiqatçılar ehtimal edirlər ki, siklonların miqyası ilə müqayisədə o, uzunmüddətli fəaliyyəti boyu bir neçə ağlasığmaz rekord vurmağa nail ola bilib. Birincisi, o, çox güman ki, bütün müşahidələrin tarixi boyu ən güclü, ikincisi, indiyə qədər qeydə alınanlar arasında ən davamlısı olub.

Məlumdur ki, ümumilikdə “Freddi” siklonu Hind okeanının cənub hissəsindən cənub-şərqi Afrikaya doğru 8 min kilometr yol qət edib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ümumdünya Meteorologiya Assosiasiyasının (WMA) məlumatına görə, “Freddi” siklonunun qücu nəhayət tükənməyə başlayıb və indi o, çox güman ki, sakitləşir.

Mavriki və Reyunyon adaları “Freddi” ilə birbaşa toqquşmadan qaçmağa nail ola biliblər, lakin buna baxmayaraq, o, yerli infrastruktura qismən ziyan vurub. Fevralın 21-də siklon ilk dəfə olaraq quruya çıxıb və Madaqaskar ada dövlətinin ərazisindən keçib. Bir neçə gün sonra “Freddi” Mozambikdə sahilə hücum edib, daha sonra isə qısa müddətə dənizə qayıdıb, burada yenidən Madaqaskara yaxınlaşıb, geri dönərək yenidən Malavi və Zimbabveyə istiqamətlənərək Mozambik sahilini bürüyüb.

Tədqiqatçılar qeyd edirlər ki, “Freddi” siklonu səbəbindən ən azı 148 nəfər həlak olub, 19 nəfər itkin düşmüş hesab olunur. Lakin BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi (OCHA) hesab edir ki, qurbanların sayı arta bilər.

Həmçinin məlumdur ki, ölümcül siklon quruda ağlasığmaz miqdarda yağıntıya səbəb olub, bu da sürüşmə və daşqınlara gətirib çıxarıb, nəticədə on minlərlə insan təxliyə olunub. Malavidə yayılmış vəba epidemiyası fırtınaların daha bir nəticəsidir. Belə ki, WMA-nın məlumatlarına görə, təkcə cənubi Mozambikdə "Freddi" quruda illik yağıntının miqdarından iki dəfə çox olan yağıntıya səbəb olub, Malavidə isə cəmi üç gün ərzində təxminən 0,5 m yağış yağıb.

Hazırda siklon dənizə qayıdıb, tədqiqatçılar onun yaxın zamanda sakitləşəcəyini güman edirlər.

Dünya