Makronun reytinqi aşağı düşüb

post-img

Fransa prezidenti Emmanuel Makronun reytinqi qeyri-populyar pensiya islahatı fonunda enməkdə davam edir. Bunu "Le Journal du Dimanche"yə istinadən Fransa İctimai Rəy İnstitutunun (İfop) sorğu məlumatları təsdiqləyir.

Ifop sorğusu martın 9-dan 16-dək aparılıb. Sorğuda 1952 nəfər iştirak edib.

Son sorğu məlumatlarına görə, respondentlərin yalnız 28 faizi Fransa prezidentinin işindən razıdır. Bu, "sarı jiletlilər"in Fransada etiraz etdiyi 2019-cu ildən bəri ən aşağı dəstək səviyyəsidir. Fevralda Ifop-a görə, Makronu respondentlərin 32 faizi, bir ay əvvəl isə 34 faizi dəstəkləyib.

Yanvarın əvvəlində Fransa hakimiyyəti 2030-cu ildən pensiya yaşını 62-dən 64-ə yüksəltmək niyyətində olduqlarını açıqlamışdı. Bu təklif hələ də davam edən irimiqyaslı etirazlara səbəb olub.

Martın 16-da baş nazir Elizabet Born pensiya yaşının artırılmasını rəsmən elan edib. İslahat Konstitusiyanın 49.3-cü maddəsi tətbiq edilməklə parlamentdə təsdiq olunmadan qəbul edilib. Müxalifət buna cavab olaraq hökumətə etimadsızlıq votumunu istisna etməyib. "Toluna Harris Interactive"in sorğusuna əsasən, fransızların 71 faizi Fransa hökumətinə etimadsızlıq göstərilməsini və onun istefasını dəstəkləyir.

"Xalq qəzeti"

Dünya