BMU-da yeni Kompüter laboratoriyası istifadəyə verilib

post-img

Bakı Mühəndislik Universitetində (BMU) təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir çağırışlara uyğunlaşdırılması istiqamətində görülən işlərin davamı olaraq daha bir Kompüter laboratoriyası istifadəyə verilib. 

Bu barədə XQ-yə universitetdən məlumat verilib.

Bildirilib ki, yeni laboratoriya informasiya texnologiyaları (İT) ixtisaslarında təhsil alan tələbələrin müvafiq fənləri mənimsəməsi, praktik bilik və bacarıqlarının gücləndirilməsi, innovativ ideyalarının reallaşdırılması məqsədilə texnoloji yeniliklər əsasında qurulub. Laboratoriyadakı yüksək performanslı, ən son model avadanlıqlar mühəndislik və İT sahəsində tətbiq edilən müasir proqramlarla işləmək üçün geniş imkanlar yaradır. 

Yeni laboratoriyanın istifadəyə verilməsi BMU-nun güclü maddi-texniki bazaya malik ali təhsil müəssisəsi kimi mövqeyini bir daha nümayiş etdirir. Kompüter laboratoriyalarının sayı və texniki imkanlarına görə BMU ölkənin ali təhsil müəssisələri arasında öncül yerdə qərarlaşıb. Universitetdə 2024-cü ildən fəaliyyət göstərən, ən müasir qurğu və avadanlıqlarla təchiz edilmiş Kibertəhlükəsizlik laboratoriyası isə təyinatına və proqram-texniki imkanlarına görə unikal tədris-təcrübə mərkəzidir. Ali məktəbin mövcud çoxsaylı laboratoriyaları müxtəlif ixtisaslar üzrə tədrisin müasir standartlara uyğun aparılmasına, habelə elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsinə xidmət edir. 

Yeni kompüter laboratoriyası xüsusilə SABAH proqramı çərçivəsində təhsil alan qruplar üçün böyük əhəmiyyət daşıyır. Laboratoriyada keçirilən dərslər SABAH proqramlarında əsas ixtisas fənlərinin daha dərindən və tətbiq yönümlü tədrisinə imkan verəcək.

Yaradılan bu cür imkanlar gənc mütəxəssislərin peşəkar yetişməsinə, onların əmək bazarında rəqabətqabiliyyətli kadrlar kimi hazırlanmasına əhəmiyyətli töhfə verir. 

BMU tədris və elmi infrastrukturun davamlı şəkildə yenilənməsini strateji prioritet kimi müəyyənləşdirib və yaxın vaxtlarda daha iki analoji laboratoriyanın istifadəyə verilməsi nəzərdə tutulur. 

Təhsil