Bartın Universitetində “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirə dinlənilib

post-img

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı Türkiyənin Bartın Universitetinin informasiya və sənəd menecmenti ixtisasının tələbələrinə 2024-2025-ci tədris ilinin başlaması münasibətilə açılış mühazirəsi oxuyub.

Universitetdən bildirilib ki, mühazirə “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda olub. Dosent Ələmdar Cabbarlı ölkəmizdə kitabxanaçılıq təhsilinin yaranması və inkişaf mərhələlərini tarixi xronologiya baxımından şərh edib. O vurğulayıb ki, kitabxanaların sayının, eyni zamanda, oxucu kütləsinin artması ali təhsilli peşəkar kitabxanaçı kadrların hazırlanmasını zərurət kimi ortaya çıxarıb. Bu məqsədlə 1947-1948-ci tədris ilində BDU-nun Filologiya fakültəsində Kitabxanaçılıq şöbəsi yaradılıb. 1962-ci ilin avqust ayında isə universitetdə müstəqil Kitabxanaçılıq fakültəsi təşkil olunub: “BDU-nun peşəkar kadr hazırlığı sistemində fakültə həmişə xüsusi yeri və mövqeyi ilə seçilib. Fakültənin ilk dekanı Abuzər Xələfov olub. Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfov fakültənin inkişafı üçün müstəsna xidmətlər göstərib, Azərbaycanda kitabxanaşünaslıq elmi məktəbinin təməlini qoyub”.

Mühazirədə qeyd olunub ki, müasir dövrün çağırışları nəzərə alınaraq 2023-cü ildən fakültə İnformasiya və sənəd menecmenti adlandırılır. Fakültədə kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası ilə yanaşı, muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə də kadr hazırlığına başlanılıb.

Məruzədə fakültədə tədris olunan ixtisas və ixtisaslaşmaların tədris planları, fənlərin məqsədi, təlim nəticələri barədə ətraflı məlumat verilib. Ali kitabxanaçılıq təhsilinin səviyyəsinin daha da artırılmasının prioritet məqsəd kimi qarşıya qoyulduğunu bildirən fakültə dekanı bu sahədə beynəlxalq əməkdaşlığın, xüsusilə Türkiyədə müvafiq ixtisas üzrə kadr hazırlayan universitetlərlə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.





Təhsil