Borçalıda Qaraçöp Bələdiyyəsinin Keşəli kəndində yerli müəllimlərin təşəbbüsü ilə “Parlaq gələcək” kitab evi yaradılıb. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin layihələri çərçivəsində kitab evi həm də tədris mərkəzi kimi fəaliyyət göstərir. Hazırda burada pulsuz kurslara start verilib.
Mərkəzin direktoru Rafael Süleymanov bildirdi:
– Qaraçöp mahalı Gürcüstanın azərbaycanlı icmasının yığcam şəkildə məskunlaşdığı və Kaxeti bölgəsinin Saqareco Bələdiyyəsinə daxil olan bir ərazidir. Qaraçöpdə əsrlər boyu türk boyları yaşayıb. Milli dəyərlər, adət-ənənələrimiz bu torpaqlarda bu gün də yaşadılır. Qaraçöp mahalı 8 kəndi özündə birləşdirir: İor-Muğanlı, Düzəyrəm, Ləmbəli, Keşəli, Tüllər, Qazlar, Qarabağlı, Muğanlı, Baldo. Burada yaşayan əhalinin əsas məşğuliyyət sahələri maldarlıq, qoyunçuluq və ticarətdir. Statistik məlumata əsasən, ölkə üçün xarakterik olan əhalinin azalma tendensiyası Qaraçöp mahalında qeydə alınmayıb.
Qaraçöp mahalında Azərbaycan dilində 4 tam orta məktəb fəaliyyətdədir, bu tədris ocaqlarında 4 minədək şagird təhsil alır. Gənclər kitab evində yeni açılan kurslarda tamamilə təmənnasız iştirak etmək imkanı əldə edirlər. Kurslara qeydiyyat may ayının 6-dan başlayıb. Dərs müddəti bir saat olmaqla həftədə 3 dəfə 4 ay davam edəcək. Qeydiyyatdan 12–18 yaşlı şəxslər keçə bilərlər. Mərkəzdə Azərbaycan dili, gürcü dili, şahmat və saz kurslarlı tədris olunur. Biz həm də elimizə xas olan xalçaçılıq sənətinin sirlərini də öyrətmək üçün belə bir dərnəyin açılmasını nəzərdə tuturuq.
Tea Qurqenidze uşaqların bu dili öyrənməsi üçün mərkəzdə hər cür şəraitin olduğunu qeyd etdi.
Kitabxanaçı Durna Mərdanova bildirdi:
– Mərkəz bizim uşaqlar üçün bir işıq yoludur. Məktəb şagirdləri bu mərkəzin kitabxanasından çox fəal bəhrələnirlər. Ancaq uşaq ədəbiyyatının azlığı ibtidai sinif şagirdlərinin cəlb olunmasına mənfi təsir göstərir. Azərbaycan dilində belə kitabların əldə olunmasına böyük ehtiyacımız var.
Jurnalist İsmixan Məmmədov isə Qaraçöp mahalının ictimai-siyasi xadimləri, yazıçıları və görkəmli şəxsiyyətləri barədə “Qaraçöp. Ensiklopedik toplu” adlı kitabın işıq üzü gördüyünü bildirdi.
XQ