Bu bəla məndən, səndən,
bizdən ötsə hamımıza dəyəcək
Narkomaniya müasir dünyanın ən ciddi problemlərindən biridir. Hər il milyonlarla insan narkotik maddələrə aludə olaraq, öz həyatlarını və cəmiyyətlərini təhlükəyə atır.
Azərbaycanda da “ağ ölüm” aludəçilərinin olması gizli deyil. Xüsusilə, gənclər arasında narkotiklərdən istifadə meyilləri yox deyil. Narkotik asılılığı olan şəxslərin sağlamlığı pozulur, iş qabiliyyəti azalır və bu da cəmiyyətdə sosial təhlükəsizliyi zəiflədir.
Cənub bölgəsində narkomaniya ilə bağlı vəziyyətə nəzər salaq: Son illərin statistikasına görə, Lənkəranda narkotik maddələrdən asılılığı olan şəxslərin sayı artmaqdadır. 2023-cü ilin məlumatlarına əsasən, rayonda bu say 250 nəfəri keçmişdir. Həmin şəxslərin 60 faizi 18–35 yaş aralığındadır və bu göstərici, narkomaniyanın əsasən gənclər arasında yayılmasını göstərir. Lənkəran Polis İdarəsi tərəfindən narkotik cinayətkarlıqla bağlı 100-dən artıq cinayət işi açılmışdır və bu, problemin ciddiliyini bir daha təsdiqləyir.
Bununla yanaşı, narkomaniya ilə mübarizə çərçivəsində Lənkəranda müxtəlif maarifləndirici tədbirlər və proqramlar həyata keçirilir. Məsələn, 2024-cü ilin birinci yarısında Lənkəran şəhərində 10-dan artıq məktəbdə narkotiklərin zərərləri ilə bağlı seminarlar keçirilmişdir. Bu seminarlar vasitəsilə 1500-dən artıq şagird və valideyn narkomaniyanın zərərləri haqqında məlumatlandırılmışdır.
Ümumiyyətlə, dünyada “ağ ölüm”ün yaratdığı təhlükəni aradan qaldırmaq üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilməlidir. İlk növbədə, narkotiklərə qarşı mübarizə üçün qlobal səviyyədə koordinasiya olunmuş siyasətin hazırlanıb tətbiq olunması zəruridir. Təhsil proqramlarının genişləndirilməsi, narkotiklərin zərərləri haqqında məlumatlandırma kampaniyalarının təşkili və gənclərin bu mövzuda daim maarifləndirilməsi əhəmiyyətlidir. Eyni zamanda, narkotik asılılığı olan şəxslərə yardım proqramları daha da gücləndirilməli və reabilitasiya mərkəzlərinin əməli fəaliyyəti artırılmalıdır.
Yalnız bu şəkildə mübarizə ilə gələcək nəsillərin sağlam və təhlükəsiz bir mühitdə yaşaması təmin edilə bilər.
Zamin VƏLİYEV,
Məhkəmə Ekspertizası Mərkəzi Lənkəran regional bölməsinin rəisi