Xalqımızın tarix və mədəniyyətinin, milli-mənəvi dəyərlərinin nəsildən-nəslə ötürülüb təbliğ edilməsində qeyri-maddi mədəni irsin mühüm əhəmiyyəti var. Milli atçılıq oyunları da ölkəmizin mədəni zənginliyini özündə ehtiva edir.
Bakıda qədim və zəngin tarixə malik çövkən üzrə dünya çempionatının təşkili bu baxımdan mühüm əhəmiyyət daşıyır. 10 ölkədən komandaların iştirakı ilə Binə Atçılıq Mərkəzində keçirilən yarışın açılış mərasimində Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident, həmçinin Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirdə Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev, eləcə də Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev çıxış edərək çövkən idman növünün tarixindən danışdılar.
Bildirildi ki, Bakıda artıq 2-ci dəfə dünya çempionatı keçirilir. Bu idman növü Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində inkişaf edir və kütləviləşir. Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılması tarixi hadisədir. Təşkil edilən yarışlar, keçirilən tədbirlər çövkən idman növünün dünyada tanınmasında əhəmiyyətli rol oynayır. Qeyd edildi ki, Peşəkar Çövkən Liqasının təşkili bu idman növünün daha da inkişaf etməsinə səbəb olacaq.
Sonra yarışa start verildi. Qrup mərhələsində keçirilən ilk görüşdə Azərbaycan və Qazaxıstan yığmaları qarşılaşdı. Azərbaycan seçməsi rəqibinə 5:0 hesabı ilə qalib gəldi.
Matçdan sonra jurnalistlərə açıqlama verən Azərbaycan millisinin üzvü Elçin Camallı qələbə qazanacaqlarına inandığını dedi. Komandanın kapitanının sözlərinə görə, yarışa yüksək səviyyədə hazırlaşıblar.
Bəhruz Nəbiyev isə açıqlamasında mundialda 3 qitəni təmsil edən yığmaların iştirak etdiyini bildirdi. Qeyd etdi ki, budəfəki yarışda iştirak edən millilər arasında debütantlar da var.
Qeyd edək ki, dünya çempionatına iyunun 16-da yekun vurulacaq. Əminik ki, tarixi və mədəni irsimiz olan çövkənin inkişafında, coğrafiyasının daha da genişlənməsində və beynəlxalq arenalarda inkişaf etdirilməsində dünya çempionatı daha bir töhfə olacaq.
Leyla QURBANOVA
XQ