Müasir məktəb yüksək təhsilə qapı açır

post-img

Son 20 ildə Azərbaycanın mərkəzi şəhərlərindən tutmuş ən ucqar kəndlərinə qədər yaşayış məntəqələrində 3 min 600 yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Təkcə tarixə qovu­şan 2023-cü ildə ölkə üzrə 40 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb. Heydər Əliyev Fondu 20 məktəbdə təmir-tikinti, 61 təhsil müəssisəsində əsaslı, 890-da isə carı təmir işlərini başa çatdırıb. Hazırda Şuşa, Füzuli, Zəngilan, Laçında, Tərtərin Talış və Suqovuşan kəndlərində, ümumilikdə, 7 təhsil müəssisəsində 550 şagird və 84 müəllim var. Bu il Ağdam, Cəbrayıl və Kəlbəcərdə bir neçə məktəblərin istifadəyə verilməsi nəzərdə tutulur.

Belə möhtəşəm işlərin həyata keçmə­sində, əlbəttə, ölkə başçısı İlham Əliyevin müstəsna xidmətləri var. Məhz onun rəh­bərliyi altında son 20 ildə həyata keçirilən məqsədyönlü siyasət, zamanın çağırışla­rına uyğun genişmiqyaslı islahatlar nəti­cəsində Azərbaycanın iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Bu, ölkəmizdə digər sahələr kimi müasir təhsil quruculuğu istiqamətində də uğurlu addımlar atılması­na geniş imkanlar yaradıb. Azərbaycan məktəbinin dünya təhsil sisteminə inteqra­siyası sürətlənib. Aydın məsələdir ki, güc­lü maddi-texniki baza yaratmadan təhsil sahəsində hansısa uğurlardan bəhs etmək mümkün deyil. Məhz təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə ciddi uğurların qazanılması və ölkənin elmi potensialının gücləndirilməsi üçün əsasdır. 

Bu illər ərzində təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün genişmiqyaslı, ardıcıl tədbirlər hə­yata keçirilib. Əlbəttə, bu tədbirlərdən biri yeni çoxsaylı təhsil müəssisələri tikilib is­tifadəyə verilməsidir. Bu gün Azərbaycan­da elə təhsil ocaqları var ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərdən nəinki fərqlənmir, hətta onları üstələyir.

Təhsil müəssisələrinin infrastrukturu­nun yeniləşdirilməsi ilə bağlı qarşıya qo­yulan vəzifələr, ilk növbədə, qəzalı vəziy­yətdə olan məktəbləri əhatə edir. Qəzalı məktəblərin yenilənməsinə böyük məb­ləğdə vəsait ayrılıb. Verilən tapşırıqlara uyğun olaraq, qəzalı vəziyyətdə olan çox sayda məktəb binası ya əsaslı təmir edi­lib, ya da onların yerində müasir məktəb binaları tikilib. 

Bu işlər bu gün də sürətlə davam et­dirilir. Məsələn, Quba rayon mərkəzindən 24 kilometr kənarda yerləşən Vəlvələ kən­dindəki Çingiz Mursalov adına tam orta məktəbin yeni binasının inşası artıq ye­kunlaşmaq üzrədir. Məktəbin köhnə bina­sı 1940–1950-cı illərdə Samur–Dəvəçi ka­nalının tikintisi zamanı fəhlə yataqxanası kimi inşa olunmuş, 1970-cı ildən məktəb binası kimi fəaliyyət göstərirdi. 

Məktəbin direktoru İsmayıl Fərzəliyev bildirdi ki, binanın istismar müddətinin bit­məsi, son illər ciddi çətinliklər yaradırdı. Darısqal, odunla qızdırılan, sahəsi 17,5 kvadratmetr olan otaqlarda 13– 20 nəfər şagirdin yerləşdirilməsi tədrisin müasir tələblərə uyğun aparılmasına imkan ver­mirdi. Pedaqoji kollektiv, texniki işçilər və kənd əhalisi məktəbin bu vəziyyətindən çox ciddi narahatlıq keçirirdilər. 

Vəlvələ kəndində əhalinin əksəriyyəti­nin məşğuliyyəti əkinçilik olsa da insanlar təhsilə böyük önəm verirlər. Tədrisin müa­sir tələblərə cavab verməyən binada keçi­rilməsinə baxmayaraq, böyük uğurlar qa­zanılıb. Məktəbin məzunlarından tam orta təhsil üzrə son 4 ildə 18 nəfər ali məktəbə qəbul olunub. Şagirdlər məktəbdə və ra­yonda keçirilən ictimai tədbirlərdə həvəslə iştirak edirlər.

Məktəbin direktoru təhsil müəssisəsi­nin yeni binasının tikilməsinin kənd üçün böyük bir hadisə olduğunu bildirərək dedi:

– 2022-ci ilin dekabr ayında yeni mək­təb binasının təməli qoyulanda sevincimi­zin həddi-hüdudu yox idi. Mövcud binanın söküntüsü ilə əlaqədar məktəbin bütün iş­çiləri və şagirdləri dövlət tərəfindən ayrılan avtobusla rayonunun Qaraçay qəsəbəsin­də fəaliyyət göstərən tam orta məktəbə aparılaraq təhsil prosesini burada davam etdirirlər. Tikinti işlərini Azərbaycan Res­publikası Elm və Təhsil Nazirliyinin tende­rinə əsasən “SN Construction” MMC şirkəti həyata keçirir. Artıq son tamamlama işləri gedir. Məktəbdə müasir avadanlıqla tə­min olunan – informatika, çağırışaqədər­ki hərbi hazırlıq, fizika, kimya, biologiya, texnologiya və s. fənn kabinetləri yaradı­lıb. Yeni məktəbimizdə müasir kitabxana, akt və idman zalları fəaliyyət göstərəcək. 264 yerlik məktəb bütün tədris vasitələri ilə təmin olunub. Bizim üçün yaradılan bu gözəl şəraitin qarşılığında fəaliyyətimizi müasir tələblərə uyğun qurub cəmiyyətə vətənpərvər, sağlam düşüncəli, yüksək savadlı vətəndaşlar yetişdirmək kimi mü­hüm vəzifə düşür. İnanırıq ki, kollektivimiz bu vəzifələrin öhdəsindən şərəflə gələcək. 

İndi Vəlvələ kəndində uşaqdan böyü­yə hər kəs səbirsizliklə, möhtəşəmliyi ilə kənddə xüsusi gözəllik verən yeni məktəb binasının tikintisinin başa çatmasını və is­tifadəyə verilməsini gözləyir. O gün isə lap yaxındadır. 

Rövşən AĞAYEV,
Azərbaycan Yazıçılar Birliyinin üzvü

Təhsil