Dünya İqtisadi Forumu (DİF) Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün əhəmiyyətli bir platformadır. Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən forumda ölkəmizin iştirakı dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə, eyni zamanda, respublikamızın iqtisadi potensialı, xarici investisiyaların cəlb edilməsi imkanlarının təqdimatına, dünyaya lazımlı mesajların verilməsinə əlverişli şərait yaradır.
Xatırladaq ki, DİF 1971-ci ildə yaradılıb. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin şəkilləndirilməsində önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. DİF, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan forum, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.
Ölkəmizin DİF-də iştirakı ötən əsrin 90-cı illərinin ortalarından başlayıb. 1995-ci il yanvarın 27-31-də Prezident Heydər Əliyev ilk dəfə olaraq forumda iştirak etmək üçün İsveçrənin Davos şəhərində işgüzar səfərdə olub. Azərbaycan Respublikasının DİF-də ilk dəfə iştirakı münasibətilə forum çərçivəsində ölkəmizə həsr olunan görüş keçirilib. Ümummilli lider respublikamız haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişaf göstəriciləri barədə tədbir iştirakçılarına geniş məlumat verib. Dahi şəxsiyyət Azərbaycanın karbohidrogen ehtiyatları ilə zəngin olduğunu və respublikamızın bu resurslardan dünyanın gələcək inkişafı naminə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edib.
Ulu öndər DİF-ə növbəti dəfə 2000-ci il martın 27-30-da qatılıb. Dahi şəxsiyyət forum çərçivəsində keçirdiyi görüşlərdə ölkəmizin iqtisadi siyasətini diqqətə çatdırmaqla yanaşı, Qarabağ münaqişəsi ilə bağlı məsələləri də müzakirələrə çıxarıb.
Prezident İlham Əliyev də ötən illər ərzində DİF-də fəal iştirak edib. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Ölkə rəhbəri DİF-in qlobal pandemiyadan əvvəl 2020-ci ilin yanvarında, həmçinin pandemiyadan sonra 2023-cü ilin yanvarında reallaşan toplantılarında da iştirak edib.
Forumun pandemiyanın pik mərhələsindən sonra ilk dəfə ötən ilin yanvarında keçirilən toplantısında dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox yüksək ranqlı siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gəlib. Forumda cəmiyyətləri və iqtisadi dairələri maraqlandıran qlobal mövzularda müzakirələr aparılıb. Beynəlxalq media ötənilki toplantının siyasi çalarlarını xüsusi olaraq diqqət mərkəzində saxlayıb: pandemiya başlayandan ilk dəfə yüksək ranqlı Çin nümayəndə heyətinin iştirakı, Rusiyanın forumda təmsil olunmaması və Ukraynanın geniş heyət və mövzularla ön planda dayanması diqqətçəkən məqamlar olub. Bir neçə gün davam forumun gündəliyində iqlim dəyişiklikləri, inflyasiya və aşağı inkişaf səviyyəsi kimi qlobal iqtisadi çağırışlar, yüksək borclanma və ərzaq qıtlığı probleminə qarşı mübarizə kimi mövzular əks olunub.
Qeyd edək ki, “Etimadın bərpası” devizi altında keçirilən builki forumun məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir. Məqsəd getdikcə mürəkkəbləşən mühitdə elm, sənaye və cəmiyyətdə ən son nailiyyətləri təqdim etməklə uzaqgörənliyi, perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.
Forumun təhlükəsizliyini təmin etmək üçün İsveçrə Müdafiə Nazirliyi 5 min hərbçini səfərbər edib. DİF-də 60-dan çox hökumət və dövlət başçısı, o cümlədən Avropa Komissiyasının, BMT, NATO, Dünya Bankının, Ümumdünya Valyuta Fondunun, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Avropa dövlətləri ilə yanaşı Asiya, Latın Amerikası və ərəb dövlətləri də foruma qatılıblar.
Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr və yeni reallıqlar fonunda builki forumun ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradacağı, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş söhbət gedəcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycan dövlətinin tarazlı xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyimiz ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır. Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təminatına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və dərinləşməsinə, yenilərinin da yaranmasına gətirib çıxarır. Ona görə də DİF ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün də son dərəcə böyük əhəmiyyət daşıyır.
Forumun prezidenti Berge Brendenin qeyd etdiyi kimi, Davosdakı hazırkı sessiya son onilliklərin ən çətin geosiyasi və geoiqtisadi fonunda keçirilir. Toplantıda müzakirə edilən əsas mövzulara Yaxın Şərqdəki münaqişə, Ukraynadakı müharibə və süni intellektin texnoloji sıçrayışı daxildir.
Davos Forumunda əsas dünya liderləri iştirakı ilə yanaşı, ABŞ-dan dövlət katibi Antoni Blinken və milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın da xüsusi müraciəti olacaq.
Xatırladaq ki, Azərbaycandan iqtisadiyyat naziri Mikayıl Cabbarov və dövlət strukturlarının, o cümlədən yerli şirkətlərin bir sıra nümayəndələri iştirak edirlər.
V.BAYRAMOV
XQ