Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan RespublikasıPrezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəlinin dərc edilməsi haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublika­sı Prezidenti seçkilərində namizədlərin qeydə alınma mərhələsi başa çatmış və nəticədə 7 iddiaçının namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seç­ki Məcəlləsi) 75.2-ci maddəsinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış, yəni 2024-cü il yanvarın 15-dən başlayan seçkiqabağı təşviqat mərhələsində qey­də alınmış namizədlər və buna hüququ olan subyektlər qanunvericiliklə müəyyən olunmuş qaydada ödənişli və ödənişsiz əsaslarla təşviqat apara bilərlər.

Seçki Məcəlləsinin 77.1-ci maddəsi­nin tələblərinə əsasən ictimai teleradio təşkilatları namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara təşviqat apar­maqdan ötrü bərabər şərait yaradırlar.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respubli­kası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televizi­ya və Radio Yayımları Şirkətinin (bun­dan sonra – İTV) ayırdığı ödənişsiz efir vaxtını prezidentliyə qeydə alınmış na­mizədlər və namizədi qeydə alınmış si­yasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 2024-cü il 14 yanvar tarixli 3/14 saylı Qərarı ilə püşkatma ko­missiyası yaradılmış, püşkatmanın yeri və vaxtı müəyyən edilmiş, bu barədə məlumat rəsmi dərc olunmuş və maraqlı subyektlər məlumatlandırılmışdır.

İTV Seçki Məcəlləsinin 80.5-ci mad­dəsində nəzərdə tutulandan 2 dəfə artıq (həftədə 6 saat olmaqla) ödənişsiz efir vaxtı ayıraraq, həmin vaxtın 3 saatını te­leviziyada, 3 saatını isə radioda hüququ olan subyektlər tərəfindən dəyirmi masa formatına uyğun istifadə edilməsi üçün təqdim etmək öhdəliyini öz üzərinə gö­türmüşdür. Qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyala­rın təşəbbüsü ilə Mərkəzi Seçki Komissi­yası və İTV arasında əldə edilmiş razılığa əsasən sözügedən efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan zamanda – həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 21.00-da televiziya iz­ləyicilərinə, 3 gün isə hər dəfə 1 saat ol­maqla saat 21.00-da radio dinləyicilərinə təqdim olunacaq.

Püşkatma komissiyası İTV tərəfindən ayrılmış efir vaxtının bölgüsünü püşkat­ma yolu ilə müəyyən etməli, püşkatma­nın nəticələri protokolla rəsmiləşdirilməli, efir vaxtının bölgüsü barədə cədvəl dərc edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4–80.7-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edil­miş növbədənkənar Azərbaycan Res­publikası Prezidenti seçkilərində püşkat­ma komissiyası İTV tərəfindən ayrılmış və həftəlik ümumi həcmi 6 saat olan efir vaxtının (2024-cü il yanvarın 15-dən baş­layaraq 3 saat televiziyada hər dəfə 1 saat, saat 21.00-da başlamaqla, 3 saat radioda hər dəfə 1 saat, saat 21.00-da başlamaqla) bölgüsünü püşkatma yolu ilə müəyyən etsin. 

2. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilsin və efir vaxtının bölgüsü barədə cədvəl dərc edilsin (əlavə olunur). 

3. Ayrılmış efir vaxtının keyfiyyətlə və vaxtında istifadəçilərin sərəncamına verilməsinin təmin edilməsi öz səlahiy­yətləri daxilində İTV rəhbərliyinə həvalə edilsin. 

4. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Son xəbərlər