Azərbaycanın ilk kosmik ünvanı

post-img

46 dərəcə şərq uzunluğu (ş.u.) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, qeydiyyat Beynəlxalq Telekom­munikasiya İttifaqı (BTİ) tərəfindən təs­diqlənib.

Məlum olduğu kimi, 2013-cü ildə or­bitə buraxılan “Azerspace-1” telekommu­nikasiya peyki Malayziya administrasiya­sına məxsus 46° şərq uzunluğu orbital mövqeyinin C və Ku tezlik diapazonların­da fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziya­nın deyil, ölkəmizə məxsus orbitdə fəa­liyyət göstərir.

46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün 8 dekabr 2020-ci ildə zə­ruri sənədlər BTİ-yə təqdim olunub ilə fəaliyyətə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yed­diillik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses üç ilə tamamlanıb. Bu müddət ərzində ölkə­miz ümumilikdə 34 ölkənin 265 peyk şə­bəkəsi ilə bağlı koordinasiya danışıqla­rını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.

Qeyd edək ki, 46° ş.u. mövqeyi Azər­baycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommu­nikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u.-da yerləşdirməsinə imkan verir. 

Anar ƏLİ
XQ

Son xəbərlər