Gəncədən Göygölə “ağ yol”...

post-img

Hamının arzuladığı gün gəldi: Gəncədən başlamış ta gözəllər gözəli Göygölə kimi hər tərəf ağ örpəyə büründü. Gəncənin park və meydanlarında, yol kənar­larında qartopu oynayan uşaqların sevinc dolu səsləri bir-birinə qarışıb.

Əvvəllər qar yağanda əksəriyyət gi­leylənərdi, “əşi, bizə qar yaraşmır, maşın­lar sürüşür, hər yer palçıq olur”, – deyir­dilər. Amma indi Gəncədə hara baxırsan, qar təmizləyən, duzlu qum səpən maşın­lara rast gəlirsən. Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri gecədən yolla­ra çıxıb fədakarlıqla çalışırlar. 

İcra hakimiyyəti başçısının müavi­ni, şəhər təsərrüfatı şöbəsinin müdiri Kamran Məhərrəmov deyir ki, bu sahə­də müəyyən bir bir sistem yaradılıb. Fövqalədə hallar zamanı fəhlədən tut­muş mühəndisə, idarə rəhbərinə kimi hər kəs öz vəzifəsini bilir. Niyazi müəllimin təşəbbüsü ilə Gəncəyə kifayət qədər tex­nika alınıb gətirilib. Yaydan bütün hazır­lıqları görmüşük və buna görə də çətinlik çəkmirik.

...Göygöl rayonu ərazisinə daxil olu­ruq. Hələ də sökülməmiş yaraşıqlı yolka diqqətimizi cəlb edir. Qara bürünən ağa­cın yarpaqları daha təbii, daha gözəl gö­rünür. Son vaxtlar yenidən bərpa edilən tarixi memarlıq abidələri, almanlardan qalmış yaşayış evləri gecədən yağan qarı sanki qoyunlarında saxlamaqla öyünür, onu gəlib-keçənlərə nümayiş etdirirlər. 

Təsadüfən rayon icra hakimiyyətinin şöbə müdiri Ariz Eyvazovla rastlaşıram. Uzun illərdir tanıyıram, təcrübəli dövlət qulluqçusu, rayonda sayılıb-seçilən zi­yalılardandır. Məni görən kimi “müəllim, ilk qarımız mübarək!” deyib hal-əhval tu­tur. Deyir ki, Göygöl rayon sakinləri qar­lı-şaxtalı havalara az-çox öyrəşsələr də, son vaxtlar onlar da qarı həsrətlə gözlə­yirdilər.

Ariz müəllim buradan Hacıkəndə, oradan da Göygölə gedəcəyimizi bilib çox inamla: “Arxayın gedin, yol işçiləri bürün tədbirləri görüblər, ətraf qar topa­ları olsa da, yol sürüşkən deyil, qarşısını alıblar”, – deyir.

Doğrudan da dağların, təpələrin qoy­nuna dolaşan, Hacıkənd meşələrinin arasından keçən yol çox rahatdır. Bəzi yerlərdə maşınımız sürüşsə də, elə bir ciddi narahatlıq doğurmur. Təbii ki, bir gecədə və gündüz saatlarında bu qədər qar yağdıqdan sonra yolları tam təmiz­ləmək o qədər də asan iş deyil.

Nəhayət, füsunkar Göygöl ərazisinə daxil oluruq. Qoruğun direktoru Fuad Qu­liyev deyir ki, bu əraziyə 20-25 santimetr qar düşüb. Hazırda Azərbaycan Avto­mobil Yolları Dövlət Agentliyinin aidiyyatı əməkdaşları tərəfindən Göygöl Milli Par­kının ərazisindən keçən asfalt yollarda qarın kürünməsi və duzlu qumlanması icra olunur. 

Biz də direktorun dediklərinin şahidi oluruq. Turistlər belə havada Göygölə gəlməyə daha çox həvəs göstərirlər. Bu­rada qış fəslində də istirahət üçün hər cür şərait yaradılıb. Gölün kənarında xeyli tu­rist var. Kimi xizək sürür, kimi şəkil çəkdi­rir, kimi də sadəcə əylənərək, Göygölün gözəlliyinə tamaşa edir. 

…Gəncədən Göygölədək məsafə­ni əvvəllər bir neçə saata qət edirdik. Çünki yol narahat idi, addımbaşı qarşıya çala-çuxur çıxırdı. Digər tərəfdən lazımi materiallarla təmizləmək əvəzinə yolun bir-iki yerinə adi torpaq tökürdülər, vəs­salam. İndi tamam başqa bir mənzərənin şahidi olduq, Gəncə-Göygöl yolunu cəmi 1 saata qət etdik və sevindik ki, nə yaxşı bizim də qarlı-şaxtalı günlərimiz olur. Nə yaxşı ki, Gəncəmiz, Göygölümüz var və qar onlara daha çox yaraşır!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri



Sosial həyat