ATMU-da daha bir layihə başa çatıb

post-img

Azərbaycan Turizm və Menecment Universitetində daha bir layihəyə - “Career Hacks by ATMU alumni”-yə yekun vurulub. Tədbirə bu təhsil müəssisəsinin onlarca tələbə və məzunu  qatılıb. Universitetin  Karyera və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə gerçəkləşən layihədə ATMU məzunları ilə işgüzar görüş, uğurlu karyeraqurmada doğru və yanlış addımlara adekvat münasibət, uyğun anlarda kiçik hiylələr, əsas və qeyri-əsas məqamdan bəhrələnmək və s. əksini tapıb.

ATMU-nun ilk məzunu, “Səyahət, Sağlamlıq və Turizm” şirkətinin icraçı direktoru Tərlan Quliyev turizm ixtisasının üstünlükləri, gəlirli  sahə imkanları, o cümlədən qarşıya çıxan  çətinliklərə şəxsi təcrübəsi prizmasından münasibət sərgiləyib. Gənc turizmçilərə Amadeus və Galileo proqramları üzrə kurslarda iştiraka dəstək olacağını xüsusi vurğulayıb. 

Universitetin mətbuat xidmətindən bildiriblər ki,  “Career hacks by ATMU alumni” layihəsi çərçivəsində ATMU tələbələri ilə görüşdən məmnunluğunu bildirən Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli karyeraqurmanın muzey sektorundakı üstünlüklərindən danışıb. Fikir mübadiləsi şəraitində keçən təlimdə muzeyşünaslıq təcrübəsinə istinad edən S.Mirseyibli tələbələrə peşə fəaliyyətilə bağlı dəyərli məsləhətlər verib. 

Layihənin digər qonaqlarından “Parkside Hotel & Apartments”-ın Satış departamentinin direktoru Əfsanə İbadova-Məmmədova və ”Elit Travel” MMC-nin təsisçisi və icraçı direktoru Həvva İbrahimova çalışqan tələbə kimi fərqlənməklə bərabər, müvafiq təlimlərdə yaxından iştirakı, dil biliklərini daim mənimsəməyi, hədəflərə çatmaqda əzmli olmağı tövsiyə ediblər. 

Layihə çərçivəsində keçirilən təlimlərdə ATMU-nun Karyera və kommunikasiya şöbəsinin əməkdaşları və 3 fakültənin tələbələri iştirak ediblər. 

Z.HÜSEYNOVA
XQ





Təhsil