ADA Universitetinin Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə həyata keçirdiyi “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasının təmin edilməsi məqsədilə məcburi köçkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsi davam edir.
Bu barədə ADA Universitetindən məlumat verilib.
Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə həyata keçirilir.
ADA Universitetində professor Nazim İmanovun moderatorluğu ilə keçirilən “fokus-qrup” müzakirədə 15 məcburi köçkün iştirak edib. Onlar Qarabağda məskunlaşmaqla bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, layihə çərçivəsində “fokus-qrup” müzakirələr Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Gəncədə də keçirilib. Müzakirələrin aparılması üçün nəzərdə tutulan növbəti ünvanlar isə Ağdam, Zəngilan və Laçın rayonlarıdır.