Qarabağ Regional DOST Mərkəzində rekord sayda vətəndaş müraciəti qeydə alınıb. Belə ki, noyabrın 1-də mərkəzə gün ərzində 455 nəfər vətəndaş müraciət edib. Bu göstərici Qarabağ Regional DOST Mərkəzinin fəaliyyətə başladığı dövrdən bu günə qədər qeydə alınan ən yüksək nəticədir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, müraciətlər məşğulluq (53,63 faiz), sosial müdafiə (27,91 faiz), funksional yardımçı xidmətlər (5,27 faiz), vahid əlaqələndirmə mərkəzləri (5,71 faiz), əlillik (2,64 faiz) və digər xidmətlərlə bağlı olub.
Cari ilin avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Regional DOST Mərkəzinin açılışı olub. Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xankəndi və Xocavənd sakinlərinə xidmət edən mərkəzdə indiyədək 9 mindən çox vətəndaşa xidmət göstərilib. Xidmətlərdən yararlanan vətəndaşların məmnunluq səviyyəsi 98,9 faizdir.
Hazırda ölkə üzrə yeddi DOST Mərkəzi, həmçinin Zəngilan rayonunun Ağalı kəndində Smart DOST məntəqəsi fəaliyyət göstərir. Bu mərkəzlərdə indiyədək 1,8 milyondan çox vətəndaşa xidmət göstərilib. Mərkəzlər üzrə orta gözləmə müddəti 7 dəqiqə 5 saniyə, xidmət müddəti isə 3 dəqiqə 10 saniyə olub. DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,1 faiz təşkil edib.