Etnoqrafi məsələləri ətrafında açılan müzakirə
(əvvəli qəzetin 11 aprel 2026-cı il tarixli sayında)
Türk mədəniyyətinin inkişafında gündəlik məsələlər xüsusunda bir çox uzun məruzələr bulunduğundan, türklərin yaşayış və mədəniyyətini öyrənməyə nisbətən qurultayda az yer verilmişdi. Leninqrad professoru Rudenkonun bir məruzəsi və Miller, Meysorov və Kursin bu xüsusda 3 əlavəli məruzəsi bütün məruzələrin on beşdə bir hissəsini tuturdu. Məruzələrdən sonra kiçik bir məlumat verməklə çıxışda bulunan ayrı-ayrı cümhuriyyət müməssillərinin nümayəndələrinin mübahisələrindən anlaşılırdı ki, məsələ metodoloji və təşkilat cəhətdən lazımınca aydınlaşdırılmamışdır. Onlar göstərdilər ki, məruzəçilər türkün fiziki tipi məsələsindən qayət az danışdılar. Bu məsələ canlı bir mübahisə oyatdı. Özbəkistan müməssili Yunusov Əlinin çıxışı diqqətə şayan idi. O dedi: “Qurultayda bulunan bir çox yoldaşlar kəndilərinin nə millətə aid olduğunu bilmirlər”.
O cümlədən özünü oyratlar müməssili hesab edən mən də varam. Əsgi zamanlarda başqa-başqa tədqiqatçılar bizi büsbütün ayrı millətə mənsub hesab edirlərdi. Bəziləri də vardı ki, bizi mütəşəkkil bir millət olaraq yazırdı. Bizi gah kalmık, gah altaylı, gah teleyd adlandırırlardı; bəzən bizi xarici adlandıraraq, müəyyən millətə mənsub olduğumuzu unutdururdu. Odur ki, biz həqiqətən, hansı millətə mənsub olduğumuzu bilmirdik. Mən isə yalnız ali məktəbə girəndən sonra özümün türk olduğunu anladım.
Qalan natiqlər əhalinin fiziki tipinin və həyatının ciddi öyrənməsinin lüzumu üzərində durdular. Onlar gələcək qurultayda bu məsələyə xüsusi diqqət verilməsini arzu etdilər. Sonda bir çox nümayəndələr maddi mədəniyyət ünsürlərinin miqdar və cins etibarilə öyrənilməsi haqqında professor Rudenkonun irəli sürdüyü məsələ ilə əlaqədar olaraq, türk xalqlarını öyrənən zaman onların təsərrüfat yaşayışına və iqtisadi vəziyyətlərinə ciddi diqqət verilməsini arzu etdilər. Bundan başqa, qurultay bitənə qədər müəyyən bir komisionun əhalinin fiziki tipi, onun maddi yaşayışı və mənəvi həyatı nöqteyi nəzərindən türk cümhuriyyətlərini sistem üzrə tədqiq etmək üçün müfəssəl plan tərtib etməsini arzu etdilər və bununla bərabər türk qəbilələrinin tarixi keçmişi məsələlərini aydınlaşdırmaqdan ötrü ciddi-elmi poleontoqrafi qazıntıları yapılmasını lazım bildilər.
Nəticədə, professor Rudenkonun sədrliyi ilə bir komisyon təşkil olundu. Bu komisyona gələcək qurultayın əsasını təşkil edəcək gələcək tədqiqat planını tərtib etmək tapşırıldı.
Məruzədən sonra mübahisələr başlandı. Şərəfov yoldaş çıxışda bulunaraq, qeyd etdi ki, müştəriklər başlıca keçmişi öyrənirkən din və bu kimi ideoloji xüsusiyyətlərə əhəmiyyət verirlər. Onlar ayrı-ayrı türk xalqlarının iqtisadi vəziyyətini, məsələn, qəndil təsərrüfatını, kustar sənayesini və həmin istehsalatda milli proletariyanın vəziyyətini öyrənirlər. Belə bir öyrənişi, təbii olaraq, tatar cümhuriyyətinin təcrübəsində görmək olar. Müxtəlif siniflərin vəziyyətini iqtisadən öyrənmək keçmişdən öyrənməkdən daha faydalıdır. Şərəfov yoldaş müştəriklərin diqqətini bu tərəfə cəlb edərək etnoqrafi və türkoloji məsələləri öyrənmək üçün məhəlli işçiləri cəlb etməyi təklif edir. Türkoloqlar və türkoloji işçiləri hazırlayan müəssisələr iqtisadiyyat və statistika veşlərini öyrənməli və təbii olaraq arxeoloji və ideoloji vəziyyəti öyrənməkdən də əl çəkməyərək əməlli işə yaxın olmalıdırlar.
İbrahimov yoldaş çıxışda bulunaraq, göstərmişdir ki, ümumiyyətlə, məsələlər elmi əsas üzərində qurulmalıdır. İstər insan, istər milləti tədqiq etmək üçün lazım olan sosioloji və biolojidə yeganə tədqiq olunacaq metod olan marksist metodu tətbiq olunmalıdır.
Bununla səhərki iclas bitir.
“Yeni yol” qəzeti, №52 (463) səhifə 2
I Ümumittifaq Türkoloji Qurultayı
27 fevral 3-cü iclas
Türk dilləri arasında olan qohumluq rabitəsi haqqında
İclas Cəbiyev yoldaşın sədarətilə açılaraq mübahisə başlanır.
Mübahisə zamanı Sabaşkin yoldaş, professor Yakovlev, Yunusov Əli, Odabaş, Eyyubov, Berdiyev və Petrov yoldaşlar və professor Rudenko çıxışda bulunmuşlar. Bunlardan sonra son sözlə Əliyev yoldaş çıxışda bulunmuşdur. Əliyev yoldaş etnoqrafi məsələsinə dair bir komisyon keçilməsini təklif edir. Komisyona bu yoldaşların seçilməsi təklif olunmuşdur: Rudenko, Mayorov, Korsin, Miller, Məhəmmədbəyov Kərim, Yunusov, Təkizadə, Əbdül Nadir, Ömərov, Akimov və Odabaş.
Bu komisyon iclasının çağırılması Rudenkoya tapşırılmışdır. Başqa bir təqlitə görə, bu komisyon Berdiyev və Əlimcanov yoldaşlar dəxi daxil edilirlər. Bundan sonra türk dillərinin öz aralarında olan qohumluq rabitəsi və bu dillər ilə monqol-tunquz, fin-uyğur və yafəs dilləri arasındakı rabitə haqqında məruzədə bulunmak üçün professor Çobanzadəyə söz verilir.
Profesor Çobanzadənin məruzəsi
Professor Çobanzadənin türkcə söylədiyi və sonradan ruscaya tərcümə edilmiş məruzəsi ondan əvvəl danışan məruzəçilərin məruzə və tezislərinə, xüsusən akademik Bartoldun tezislərinə, aiddir. Bu tezislərin səkkizi türk tarixinin bir çox dövrlərini, xüsusən monqol, özbək və Temir dövrlərini şübhə altında buraxır. Məruzəçi diqqətini etnoqrafi işləri ilə lisançılıq arasındakı sıkı rabitə olduğunu xüsusi qeyd edən professor Messoroşun sözlərinə cəlb edərək deyir ki, bunların arasında bir rabitə var. Zira, etnoqrafi tədqiqatı ilə lisançılıq tədqiqatı arasında sıkı rabitə olmazsa, hər iki məsələlərə dair aparılan tədqiqat natəmam qalacaq. Ortən yazılarından tutmuş türk xalqları tarixinə aid XVII və XVIII əsrlərin tarixi abidələrinə qədər toplanmış materiallar dəxi buraya əlavə olunarsa və bu materialların təsadüfi olaraq tapıldığı və bunların arasında bulunan rabitənin zəifliyi nəzərə alınarsa, o zaman türk dillərinin biri-birilərinə olan rabitələri aşkar olur.
Professor Çobanzadənin məruzəsi bu məsələlər üzərində qurulmuşdur. Onun fikrinə görə, bu xalqların bir-birlərinə olan əlaqələri bəlli edilmədikcə by dillərin bir-birlərinə olan rabitələri haqqında danışma və bu dillərin hanki xalqa aid olduğu haqqında fikir söyləmək artıqdır. Öz fikrini sübut etmək üçün məruzəçi profesor Köprülüzadənin fikrini misal gətirir. Köprülüzadə “Türklərdə ilk mütəcəvviflər” adlıqlı kitabında “Qudaktu-bilig” kitabı haqqında danışır. Bu kitabın bir hissəsi uyğur ləhcəsinə tərcümə olunmuşdur.
Türk xalqları tarixində öylə mühüm dövrlər vardır ki, türk millətlərinin tarixi və maddi mədəniyətləri nöqteyi nəzərincə bu xüsusda əlimizdə olan materiallar pək azdır və intizama salınmamışdır. Odur ki, bu vaxta qədər aparılan təsnif tarixi düzgünlükdən uzaqdır. Bu, yalnız təsnif deyil, ümumiyyıtlə türk xalqları arasındakı mütəqabil əlaqələrin aydınlaşdırılması uğrunda aparılan tədqiqata aiddir. Akademik Radlovun tədqiqatında inzibati-coğrafi cəhət ən başlıca bir faktor olaraq irəli gəlmişdir. Digər tərəfdən göstərilən fonetik xüsusunda bütün ləhcələr deyil, yalnız ayrıca şərtlər göstərildiyi üçün bu təsnif gözlənilən qədər müvəffəqiyyətli ola bilmir.
Bundan sonra professor türk sərf-nəhvi tarixindən bəhs edərək, vaxtın az olduğundan bu məsələ üzərində çox durmur və qurultayın diqqətini bu xüsusda olan bir əsərinə cəlb edir. Bundan başqa bu konqranın ayarına müvafiq olaraq aparılan fəaliyyətin yekununu göstərmək üçün o, professor Samoyloviçin son əsərlərindən birisini qeyd edir.
Məruzəçi göstərir ki, bunda da bir nöqsan vardır ki, professor özü də bunu etiraf etmişdir. O da tarixi əsasların az olmasından ibarətdir. Bunu isbat üçün məruzəçi bir çox misallar göstərir. Bundan sonra türk dilləri üçün tarix və müqayisəli grammer (sərf) yaratmaq üçün materiallar toplamaqdan bəhs edərək, bu məsələdə müəllimlərin, xüsusilə türk müəllimlərinin nə qədər böyük bir rol oynayacağını qeyd edir. Zira, müəllimlər, hazırda əksəriyyət etibarilə lisançılıq məsələləri uğunda çalışırlar. Bunu isbat üçün məruzəçi göstərir ki, qurultayda iştirak edənlərin içərisində xüsusi bir sərf nəhvi olmayan şəxs tapmaq çox çətindir. Məruzəçi ümid edir ki, türk müəllimləri gələcəkdə bu məqsədin irəli yürüdülməsi üçün materiallar yığmaq yolu ilə böyük yardım etmiş olacaqlar. Zira, onlar kütlələr ilə sıkı rabitədədirlər. Çobanzadə yoldaş öz məruzəsinin axırında göstərir ki, bir çox lisançı türkoloji alimlər və Şuarlar ittifaqında olan lisaniyyət müəssisələri, Avropa və başqa əlaqələrdəki türkoloji alimləri ilə sıkı münasibətdə buluna bilmirlər.
O, ümid edir ki, istər şuralar və istərsə Avropa müəssisələri öz aralarında sıkı bir rabitə yaratmaq ilə vəzifələri təksim edər. Və bu sürətlə gələcək konqrada yalnız türk ləhcələri haqqında deyil, bəlkə türk-tatar dillərinin tarixi və müqayisəli qrameri (səhvi) haqqında bəhs etməyə imkan vermiş olur (alqışlar).
Etnoqrafi komisyonuna çuvaş nümayəndəsi Prokofyevin əlavə edilməsi təklif və qəbul olunur.
* * *
Professor Bəkir Çobanzadə məruzəsini 1926-cı il Türkoloji Qurultayında aparılan elmi müzakirələrin konseptual əsaslarından biri kimi təqdim edir. Çobanzadənin çıxışı əvvəlki məruzəçilərin, xüsusilə akademik V.V.Bartoldun irəli sürdüyü tezislərə tənqidi münasibət üzərində qurulmuşdur. Bartoldun türk tarixinin bir sıra mühüm mərhələlərini – monqol, özbək və Teymurilər dövrlərini şübhə altına alan yanaşması, məruzəçi tərəfindən mövcud mənbələrin natamamlığı və metodoloji qeyri-kafiliyi kontekstində qiymətləndirilir.
Çobanzadə etnoqrafiya ilə dilçilik arasında üzvi və qarşılıqlı asılılıq olduğunu xüsusi olaraq vurğulayır və bu sahələrin biri digərindən təcrid edilərək öyrənildiyi halda nəticələrin elmi baxımdan natamam qalacağını bildirir. Erkən yazılı abidələrdən XVII–XVIII əsrlərə aid tarixi mənbələrə qədər toplanmış materialların təsadüfi xarakter daşıması və aralarındakı əlaqələrin zəifliyi türk dilləri və xalqları arasındakı münasibətlərin düzgün rekonstruksiyasını çətinləşdirən əsas amillər kimi göstərilir. Bu baxımdan dil qohumluğunun müəyyənləşdirilməsi, etnik əlaqələr aydınlaşdırılmadan aparıldıqda elmi əsasdan məhrum qalır.
Mətn türk xalqları tarixində bəzi həlledici dövrlərə dair maddi və yazılı materialların azlığı səbəbilə mövcud təsnifatların tarixi həqiqətə tam uyğun olmadığını qeyd edir. Akademik Radlovun inzibati-coğrafi meyarları əsas götürən təsnifatının və fonetik göstəricilərin məhdud istifadəsinin metodoloji çatışmazlıqları bu kontekstdə tənqid edilir. Çobanzadənin yanaşması dil, tarix və etnoqrafiyanın kompleks şəkildə birləşdirildiyi yeni təsnifat modelinə ehtiyac olduğunu ortaya qoyur.
Məruzənin son hissəsində türk dillərinin tarixi və müqayisəli qrammatikasının yaradılması üçün material toplanmasının vacibliyi vurğulanır və bu prosesdə xüsusilə türk müəllimlərinin rolu önə çəkilir. Müəllimlərin xalq kütlələri ilə birbaşa təmasda olmaları onları empirik dil materialının əsas daşıyıcılarına çevirir. Çobanzadə, həmçinin Sovet məkanındakı türkoloji qurumlarla Avropa elmi mərkəzləri arasında əlaqələrin zəifliyini qeyd edərək, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin gələcək qurultayların əsas vəzifələrindən biri olacağını bildirir.
Ümumilikdə mətn Çobanzadənin məruzəsini türkoloji elmdə metodoloji sintez, mənbə tənqidi və beynəlxalq elmi inteqrasiya çağırışı kimi xarakterizə edir və 1926-cı il Qurultayının yalnız təsviri deyil, həm də istiqamətləndirici elmi rolunu aydın şəkildə əks etdirir.
28 fevral 4-cü iclas
Ağamalıoğlunun sədrliyi ilə Türkoloji Qurultayın 4-cü iclası açılır. Professor Poppe türk dillərinin monqol dili ilə qohumluğu haqqında məruzədə bulunur.
Professor Poppenin məruzəsi
Professor Poppenin məruzəsinin xülasəsi bundan ibarətdir: Altay dillərinin, yəni monqol türk və tunquz dillərinin müqayisəli surətdə öyrənilməsinin uzun keçilmiş yolu vardır. Bu yol varlığı etibarilə nə düz və nə də o qədər təhlükəsizdir. Oraya gedənlər bir çox dəfə gedəmədilər və nəhayət, yenə davam etməyi qərara aldılar.
Altay dillərinin müqayisəli surətdə öyrənilməsi tarixində 2 əsas dövrün varlığını sezmək olar. Birinci dövr türk dilinin və yaxın əqrəba dillərin Ural-Altay adlanan ümumi kütlədən ayrılmaz qaldıqları dövrdür. İkinci dövr isə türk monqol və tunquz dillərinin Altay dili adlanan xüsusi qrupa bölünməsi dövrüdür ki, digər dillərlə əlaqədar olmayaraq öyrənilməyə başlayır. Türk dillərinin əqrəbalıq əlaqəsini sezən hərbi əsir sifətilə Rusiyanın Şərqi hissəsində və Sibirdə bir neçə illər qalmış və bir çox xalqlarının dillərini nəzərdən keçirmiş olan Şfralenberq olmuşdur. Onun əsərində dillər haqqında ona məlum olmayan əsas məlumatlar verilir. Onun əsərinin mühüm hissəsini zamanında birinci olan canlı kalmık dili lüğəti təşkil edir. Bu əsər Ural-Altay dillərinin əqrəbalığını birinci dəfə təkid etmək səbəbilə qeydə salandır.
Ştralenberq ümumi “tatar” dili altında birləşdirdiyi yaxın dilləri birinci dəfə olaraq xalqın bu ailəsini (semyasını) altı qrupa bölür.
Keçən əsrin ortalarında lisaniyyat (dilçilik) böyük müvəffəqiyyət əldə etdi; dillərin müqayisəsi üçün prinsiplər düzəldi; o zaman hind-Avropa dil müqayisəli dilçiliyi vardı.
Ştralenberqin nəzəriyyəsi Raskın “skif” və Müllerin “turan” nəzəriyyələri ilə genişləndi.
Sonralar yapon dilinin Ural-Altay dillərinə mənsub olduğunu sübut etmək təşəbbüsünü ( bu təşəbbüs indiyə qədər davam edir) müvəffəqiyyətli saymaq olmaz.
Ural-Altay dillərinin qarşılıqlı əqrəbalıq məsələsi hələ qəti sürətdə həll edilməmişdi. Bu qruplarda daxil olan dillərin bəzilərinin öyrənilmədiyinə görə Ural-Altay nəzəriyyəsi möhkəm əsasa malik deyildir.
İndiki halda bir tərəfdən samoyed və fin-uqor dillərinin, digər tərəfdən, türk və monqol dillərinin əqrəbalığı sübut edilmişdir.
Hazırda Altay dillərinin qarşılıqlı münasibəti təqribən aşağıdakı şəkildədir: monqol-türk dillərinin birliyinin biri monqol, digəri çuvaş-türk dilləri adlanan iki budağa ayrılması, bunların yek – digərindən ayrı olaraq tərəqqi etməsinə səbəb oldu. Sonralar isə türk-çuvaş budağı da iki qrupa ayrıldı. Bunların biri çuvaş, yaxud bolqar budağıdır. Bu budaq indiki çuvaş dilinin babası olan elin-bolqar, digəri isə türk budağıdır. Çuvaş-türk budağının bölünməsi nəticəsində əmələ gələn əski türk dili, ondan tarixcə sonra olan Orxon abidələrinin tərəqqi dərəcəsinə yaxın olan dildir.
Altay müqayisəli dilçiliyi keçirdiyi tarixdə öz tədqiqatı sahəsini durmadan daraltdı. Turanizmdən Ural-Altayizmə və Ural-Altayizmdən türk və monqol dillərinin müqayisəli sürətdə öyrənilməsinə keçmək yolu elm yoludur.
İndiki Altay müqayisəli dilçiliyi böyük nailiyyətlər əldə etmişdir ki, bu görülən işlərə yekun vurmağa və yaxın vəzifələri zikr etməyə imkan verir. Altay müqayisəli dilçiliyinin nailiyyəti hamısından qabaq monqol türk dillərinin əqrəbalıq məsələsini müsbət sürətdə həll etmək və eyni zamanda, elmdə uzun mübahisələrə səbəb olan çuvaş dilinin müəyyən yerini göstərməkdən ibarətdir.
* * *
Bu mətn professor Poppenin məruzəsi əsasında Altay dillərinin müqayisəli dilçilik kontekstində öyrənilməsinin tarixi və metodoloji təkamülünü ümumiləşdirir. Müəllif Altay dil nəzəriyyəsinin xətti olmayan, elmi mübahisələr və metodoloji axtarışlarla müşayiət olunan inkişaf yolu keçdiyini vurğulayır və erkən təsnifatların sınaq-səhv xarakteri daşıdığını göstərir. Məruzədə Altay dillərinin tədqiqində iki əsas mərhələ fərqləndirilir: ilkin mərhələdə türk və yaxın dillərin Ural-Altay adlı geniş və qeyri-müəyyən dil birliyi çərçivəsində dəyərləndirilməsi, sonrakı mərhələdə isə türk, monqol və tunquz dillərinin ayrıca Altay qrupu kimi müqayisəli şəkildə öyrənilməsi. Bu keçid dilçilikdə fikirlə manipulyasiya ümumiləşdirmələrdən empirik və faktoloji əsaslı yanaşmaya doğru metodoloji dönüşü əks etdirir.
Ştralenberqin fəaliyyəti Altay müqayisəli dilçiliyinin başlanğıcı kimi qiymətləndirilir, onun dilləri “tatar” adı altında qruplaşdırması və kalmık dili üzrə tərtib etdiyi lüğət Ural-Altay əqrəbalığı ideyasının ilk sistemli ifadəsi sayılır. Raskın “skif” və Müllerin “Turan” nəzəriyyələri bu xətti genişləndirsə də, xüsusən yapon dilinin Ural-Altay ailəsinə daxil edilməsi cəhdlərinin elmi baxımdan yetərli olmadığı vurğulanır. Mətn Ural-Altay nəzəriyyəsinin tam sübuta yetirilmədiyini, bunun isə bəzi dillərin kifayət qədər tədqiq olunmaması ilə bağlı olduğunu qeyd edir. Bununla yanaşı, fin-uqor və samoyed dilləri arasındakı əlaqə, eləcə də türk və monqol dillərinin əqrabalığı elmi cəhətdən əsaslandırılmış nəticələr kimi təqdim olunur. Poppenin təsnifatında çuvaş dilinin bolqar qolu kimi ayrıca mövqedə göstərilməsi Altay dilçiliyinin mühüm nailiyyəti hesab edilir.
Ümumilikdə məruzə Altay müqayisəli dilçiliyinin turançılıq və Ural-Altayçılıq kimi geniş, lakin zəif əsaslandırılmış konsepsiyalardan uzaqlaşaraq, daha dar, metodoloji baxımdan möhkəm və empirik əsaslı elmi sahəyə çevrildiyini nümayiş etdirir.
Professor Genkonun məruzəsi
Qurultaya gəlməyən akademik Marrın əvəzinə professor Genko yafəs dili ilə mərbut olması haqqında məruzədə bulunur. Professor bu məsələnin sair həll edilməmiş və ya ayrıca olaraq həll edilən ümumi məsələlər ilə əlaqəsi olduğundan öyrənilməsi çətin olduğunu göstərmişdir. 30 ildən bəri elmi ədəbiyyatda və fənn aləmində yafəs dili namını alan türk xalqlarının dili bura daxil olur. Dillərin rabitəsi məsələsi ən azından dörd rəyin törənməsinə yol verir.
Əvvələn, dillərin rabitəsini, onun doğrusundakı qərabəti kimi anlamaq olar. Bunlardan əlavə, üç türlü qərabət daha mövcuddur.
İkincisi proqramatikdir ki, bu da morfoloji nöqteyi-nəzərdən yox, əsasi intisari, dolayısı ilə.
Dillərin rabitəsi haqqında üçüncü mübahisəli məsələlərdə son zaman ən çox substrat nəzəriyyəsi mövcuddur.
Dillərin rabitəsindəki dördüncü rəy, ola bilər ki, dilçilər nəzərində qiyməti o qədər də qiyməti hafiz olmayan qərabət rabitəsi tipi olsun.
Hərgah, türk xalqlarının yafəs dili ilə rabitəsi haqqındakı məsələyə tədric ilə baxmış olsaq hazırkı zamanda mövcud olan vəziyyətdən başlamaq daha yerli olardı. İndiki zamanda Qafqaziyada yafəs və türk dili mövcud bulunduğundan biz də buna istinadən bunlar arasında müəyyən rabitənin olmasını da təsəvvür edə biləriz. Ədəbiyyatda mərufən doğma olan qərabət tipi meydandan artıq çıxarılır. Türklərin moğollar ilə və ya tunquzlar ilə rabitəsi yafəs dillərinin verdiyi məlumatlara istinad edərək, yafəs dillərini türk dilləri ilə doğulma qərabət ehtimalını aradan qaldırır.
Hazırda qərabətin ən əvvəlki qramer məsələsindən bəhs etmək vaxtsızdır. Türk dillərinin yafəs dili ilə son iki tip üzrə olan rabitəsi, yəni ki, substrat (əsası) və bir-birindən alınmış kəlmələr yerlidir.
Sonra professor qaraçay, azərbaycanlı və başqa dillərin elmi ədəbiyyatının bu məsələni geniş surətdə müzakirə etməyə müsaid bir vəziyyətdə olmamasını və bu xüsusda materialın az olmasını göstərir.
Professor Genkoya görə, hunlar, xəzərlər və sair xalqlar barəsindəki məsələlər onların tarixcə həll olunmasına yol vermir. Məruzəçi öz məruzəsinin sonunda türk və Yafəs dillərinin tədqiqi lazım olduğunu və Yafəs dillərinə əhəmiyyət verilməsini göstərmişdir; çünki bu dil Qafqaziyadakı hüsula gələn şəkilləri yüz illərdən bəri özündə inikas etdirmişdir. İstər ərəb, istərsə sair yazı tarixi mənbələri öz əllərində bu qədər fakt və lüğətləri mühafizə edəməmişlər.
* * *
Professor Genko, Yafəs dilinin türk dilləri ilə əlaqəsini araşdırır və bu tədqiqatın çətinliyini vurğulayır. O, dillərin rabitəsini dörd nöqteyi-nəzərdən qiymətləndirir:
1. Dil əqrəbalığı və doğrudan əlaqə;
2. Struktur rabitə;
3. Substrat təsir – əsas morfoloji əlaqə;
4. Qeyri-müəyyən, elmi baxımdan zəif qiymətləndirilən rabitə tipi.
Genko qeyd edir ki, Qafqazda Yafəs və türk dillərinin indiki mövcudluğu bu dillər arasında müəyyən rabitənin olduğunu təsəvvür etməyə imkan verir və əvvəlki “doğma” rabitə tipinin artıq aktual olmadığı vurğulanır.
Professor bildirir ki, moğol və tunquz dilləri ilə əlaqələr Yafəs dilinin məlumatlarına əsaslanaraq nəzəri olaraq izah olunur. Hazırda qaraçay, azərbaycanlı və digər türk dilləri üzrə elmi material məhduddur, bu da tədqiqatın genişləndirilməsini çətinləşdirir. Hunlar, xəzərlər və digər xalqların tarixi məsələləri də bu sahədə aydınlıq gətirmir.
Nəticədə Genko Yafəs dilinin tədqiqinin vacibliyini vurğulayır; bu dil Qafqazdakı türk xalqlarının tarixi və mədəniyyətini başa düşmək üçün zəngin və unikal mənbədir. Ədəbiyyat və yazılı tarix mənbələri yüzilliklər boyu fakt və lüğətləri qoruyub saxlamışdır.
Müzakirə
Professorlardan Poppe, Çobanzadə və Genkonun məruzələri üzrə açılan müzakirədə Həbibulla Həmidov, Sacdi, Ziffeldt, Şerba, Xalid Səid, Musayev və Açaryan çıxışda bulunub iştirak etmişdirlər. Bunlardan sonra professor Çobanzadə son söz ilə çıxışda bulunur.
(ardı var)
Nadir MƏMMƏDLİ,
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor


