Göy Orda, Ağ Orda, Böyük Orda

post-img

Qıpçaq türklərinin səhra dövlətləri

Göy Orda mədəniyyəti türk-monqol ənənələrinin sintezindən formalaşmışdı. XIII–XIV əsrlərdə bu dövlət Avrasiya çöllərində güclü siyasi qüvvə olmaqla yanaşı, həm də mühüm mədəni mərkəz idi. İlk dövrlərdə Göy Orda hökmdarları şamanizm və tanrıçılıq ənənələrinə bağlı idilər. Lakin XIV əsrdə, xüsusilə Özbək xan dövründə (1313–1341) İslam rəsmi din elan edildikdən sonra bu dəyişiklik xanlıqda məscid və mədrəsələrin, karvansaraların, saray komplekslərinin tikilməsinə, şəriət qanunlarının yayılmasına, ərəb əlifbasının istifadə olunmasına, Türk-islam ədəbiyyatının inkişafına güclü təsir göstərib. Arxeoloji tapıntılar şəhərlərdə inkişaf etmiş memarlıq və sənətkarlıq ənənələrinin olduğunu təsdiq edir.

Dövlət dili əsasən türk (qıpçaq) dili idi, rəsmi yazışmalarda uyğur və ərəb əlifbasından istifadə edilirdi, İslam dininin qəbul edilməsindən sonra dini və hüquqi ədəbiyyat nümunələri artırdı. Göy Orda ərazisi İpək Yolu üzərində yerləşdiyinə görə elm və mədəni mübadilə güclü idi. Şəhərlərdə zərgərlik, dulusçuluq, xalçaçılıq və toxuculuq, metal işləmə (silah, zireh, bəzək əşyaları) inkişaf etmişdi. Zərgərlikdə, silah, zireh, bəzək əşyalarında İslam naxışları və müxtəlif heyvan fiqurlu naxışlarından istifadə edilirdi. Xanlıqda köçəri türk ənənələri qorunurdu, dastanlar, qəhrəmanlıq nəğmələri, ağız ədəbiyyatı geniş yayılmışdı. Göy Orda ərazisində türklər, monqollar, Volqa bulqarları, yəhudilər, ruslar, İtalyan tacirlər (xüsusilə genuyalılar) yaşayırdı.

Köçəri dövlətlərin yaşamında yaranan ənənəyə görə, ərazisi və əhalisi iki əyalət qanadına bölünürdü. Adətən, biri qərbdə- “sağ” və ya “barunqar”, digəri isə şərqdə- “sol” və ya “cunqar” adlanırdı. Cuçi Ulusu nizamına əsasən dövlət Cuçinin böyük oğlanları Orda İçen və Batı arasında bölünmüşdü. Volqa çayı bu qanadlar arasında sərhəd rolunu oynayırdı.

Göy Ordanın yaranması

Göy Orda dövləti 1236–1242-ci illərdə Çingiz xanın nəvəsi, Cuçinin oğlu Batı xan tərəfindən Qərbi Sibir və müasir Qazaxıstan ərazisində yaradılıb, təxminən 1380-ci ilədək fəaliyyət göstərib. Göy Orda Qızıl Ordanın Şərq qanadı idi, bu qanad Şərqi Dəşti-Qıpçaq da adlanıb və əslində Göy Orda Ağ Orda və Böyük Orda müstəqil xanlıqlar olsalar da, əslində, qazax dövlətçiliyinin tərkib hissələri idi.

Dövlətin paytaxtı əvvəlcə Saray-Batı şəhəri, XIII əsrin ikinci yarısından Sırdərya üzərindəki Sığnaq şəhəri olub.

Göy Ordanın ərazisi Ural çayından Dunay və Karpat çaylarının mənsəblərinə qədər uzanıb. Göy Orda xanları rus knyazlıqlarının əksəriyyətindən xərac alırdı. Xanlar ərazilərini genişləndirmək üçün zaman-zaman Polşa, Bolqarıstan və digər dövlətlərə basqınlar edirdi.

1280-ci ildən 1299-cu ilə qədər Göy Orda, faktiki olaraq, iki xan tərəfindən idarə olunub. Göy Orda ilə həmsərhəd olan ölkələrə, xüsusən də Balkanlara hücum edən sərkərdə və nüfuzlu hökmdar Noqay xan və Toxtamış xan olub. Göy Orda 14-cü əsrin ortalarında Özbək xan və oğlu Canıbəyin hakimiyyəti dövründə mühüm uğurlara imza atıb və bu dövr Göy Ordanın Qızıl Dövrü hesab edilir.

Göy Orda 1240-cı ildən 1350-ci illərə qədər güclü dövlət kimi fəaliyyət göstərib.

Göy Ordanın ən böyük təsir göstərdiyi bölgələrdən biri rus torpaqları olub. 1237–1240-cı illərdə Batı xanın yürüşlərindən sonra rus knyazlıqları Göy Ordaya illik xərac ödəməyə başlayıblar, knyazlar hakimiyyətlərini qorumaq üçün xandan “yarlıq” (rəsmi icazə sənədi) almalı idilər. Bu dövr rus tarixində “Tatar-monqol əsarəti” adlanır. XIV əsrdə Moskva knyazlığı Göy Orda ilə yaxşı münasibətlər quraraq güclənir. Moskva knyazları vergi toplamaq səlahiyyəti əldə edirlər. Bu, gələcəkdə mərkəzləşmiş rus dövlətinin formalaşmasına zəmin yaradır. 1380-ci ildə Kulikovo döyüşündə rus qoşunları ilk böyük qələbəni qazansa da, asılılıq tam olaraq XV əsrin sonunda bitir. Göy Orda zəiflədikdən sonra rus knyazlıqları müstəqillik qazanır, 1480-ci ildə Uqra çayı qarşıdurması ilə Göy Ordanın rus üzərində hakimiyyəti faktiki sona çatır.

Göy Orda xanları

1. Orda Eçen xan, Cuçinin böyük oğlu, Çingiz xanın nəvəsi, Göy Orda xanı Batı xanın böyük qardaşı.

2. Gunqıran xan, Orda Eçenin dördüncü oğlu, 1270-ci illərin sonlarından hakimiyyətdə olub.

3. Sartaktay xan.

4. Kuinci xan, Sartaktayın oğlu, Orda Eçenin nəvəsi.

5. Bayan xan, Kuincinin oğlu, Vətəndaş müharibələri illərində hökmdarlıq edib, Şərqi Dəşti-Qıpçaqda irsi hakimiyyət hüququna malik idi, diplomatik münasibətləri dəstəkləyib.

6. Sası Buka xan, Bayanın ikinci oğlu və varisi, Kuincinin nəvəsi idi. Onun hakimiyyəti dövründə Göy Orda nominal olaraq Qızıl Ordadan asılı idi.

7. Erzen xan, Sası Bukanın oğlu və varisi, atasının ölümündən sonra taxta çıxıb. Orta əsr tarixçisi Muinəddin Natanzinin fikrincə, Erzen çox ağıllı, savadlı, müdrik, ədalətli və Allahdan qorxan bir hökmdar olub.

8. Mübarək xan, Erzen xanın oğlu və varisi.

9. Çimtay xan, 1341-1345-ci illərdə hakimiyyətdə olub.

10. Urus xan, 1372-1374 və 1375-ci illərdə Qızıl Orda xanı və hərbi lider idi, o öz hakimiyyəti dövründə Şərqi Dəşti- Qıpçağı birləşdirməyə nail olub.

11. Göyçıraq xan, Urus xanın kiçik oğlu və Barak xanın atası, XIV əsrin sonu, XV əsrin əvvəllərində Qızıl Orda ərazisində hakimiyyət uğrunda mübarizənin iştirakçılarından biri idi.

12. Barak xan, Urus xanın nəvəsi və Göyçıraq xanın oğlu, 1423–1426 və 1427–1428-ci illərdə Qızıl Orda xanı olub.

Tarixdə 151 il yaşayan Ağ Orda dövləti

Ağ Orda, qazaxca “Ақ Орда” və ya Cuçi ulusunun sol qanadı, 1225-ci ildə, Cuçinin, 1227-ci ildə Çingiz xanın ölümündən sonra Böyük Monqol İmperiyası sərhədləri daxilində Qızıl Ordanın Şərq torpaqlarında – əvvəlcə cuçilərin idarə etdiyi ərazinin qərb hissəsini və qərbi Türküstanı, həmçinin Cənub-Qərbi Sibiri əhatə edən xanlıq. Ağ Orda xanlığının tərkibinə Dəşti-Qıpçağın bütün şərq hissəsi, Aral gölünün şimal-şərqi, Sırdərya çayının hövzələri, İşim və Sarı Su çaylarına qədər olan ərazilər daxil idi.

Atası Cuçinin ölümündən sonra oğlu Orda bu əraziləri atasından miras aldığı 1227-ci illərdə Monqol İmperiyası daxilində bu dövləti yaradır.

Orda və onun nəsilləri Qızıl Ordanın sol qanadını idarə etdikləri üçün onlara sol qanad və ya sol şahzadələri deyilirdi. Ağ Ordanın paytaxtı əvvəlcə Balxaş gölünün yaxınlığında yerləşib, sonradan Sırdərya çayı sahilindəki Sığnak şəhərinə köçürülüb.

Orda xandan sonra hakimiyyətə gələn Köçü xanın dövründə Ağ Orda dövlətinə səyahət edən venesiyalı səyyah Marko Polo bu ərazilərin son dərəcə soyuq olduğunu yazıb və gördüklərini belə təsvir edib: Çingiz xanın soyundan olan Köçü xan kimsəyə boyun əyməz. Bu kralın nə bir qalası, nə də bir şəhəri vardır. O və xalqı geniş ovalarda və ya keçilməz dağlarda, yaylalarda sülh içərisində yaşayır. İribuynuzlu heyvanların əti və südü ilə qidalanırlar, ərazidə taxıl yoxdur. Onlar çoxlu inək, dəvə, at, öküz, qoyun və digər iri və xırdabuynuzlu heyvanlara sahibdirlər.

1378-ci ildə Ağ Orda xanlığının sonuncu hökmdarı Toxtamış xanlığı yenidən Qızıl Orda dövlətinin tərkibinə qatıb.

Xanlığın hökmdarları:

Orda xan, Cuçi xanın oğlu, Ağ Ordanın ilk hökmdarı, 1226–1280-ci illərdə hakimiyyətdə olub.

Köçü xan, 1280–1302…

Buyan xan, 1302–1309…

Sasibuqa xan,1309–1315…

İlbasan xan, 1315–1320…

Mübarək xan, 1320–1344…

Çimtay xan, 1344–1374…

Urus xan, 1374–1376…

Toqtaqiya xan, 1376–1377…

Teymur Məlik xan, 1377…

Toxtamış, Çingiz xanın kiçik nəvəsi Orda xanın soyundandır, 1377–1378…

Cuçi Ulusunun iki qanadı

Əvvəlcə Cuçinin ulusu onun böyük oğlanları Ordu İçen və Batı arasında bölünmüşdü, sol qanad Göy Orda və ya Cunqarlar, sağ qanad isə Ağ Orda və ya Burunqarlar da adlanıb. Bəzi orta əsr tarixçilərinin fikrincə, Volqa çayı onlar arasında sərhəd rolunu oynayırdı. Digər müəlliflər iddia edib ki, Yaik (Ural) çayı sərhəd hesab edilirdi. Ağ Orda Batının nəsli tərəfindən miras qalmışdı, Göy Orda isə Ordu İçenin nəsilləri tərəfindən idarə olunurdu. Sarayda yerləşən Qızıl Orda xanlarının hakimiyyəti Cuçi sülaləsinin bütün şahzadələrinə şamil olunurdu.

Göy Orda, həmçinin Şeybanilərin ərazisi olan Burunqarlara və Göy Orda xanının ərazisi olan Cunqarlara bölünürdü. XIV əsrdə Şeybanilərin mülkləri Orta İrtiş bölgəsini əhatə edirdi. Xanın mülkü Cuçinin beş oğlunun mülklərindən ibarət idi. Göy Orda əsasən türk və az sayda monqol çöl tayfaları, o cümlədən monqol işğalından əvvəl bölgədə məskunlaşmış qıpçaqlar və kanqlılar, eləcə də Çingiz xanla gələn naymanlar, kireytlər, karluklar, konqratlar, merkitlər, cəlairlər və tatarlar tərəfindən məskunlaşmışdı. Cuçi knyazlıqları arasındakı sərhədlər yalnız ən ümumi şəkildə müəyyən edilmiş və hərbi, siyasi vəziyyətdən asılı olaraq dəyişmişdi. Əvvəlcə Ordu İçenin iqamətgahı atasının Alakul gölü yaxınlığındakı İrtiş çayının yuxarı axarındakı iqamətgahı idi.

1360-cı illərdə Batı sülaləsinin varislik mübarizəsindən sonra Qızıl Ordanın hər iki hissəsi üzərində nəzarət şərqi Cuçilərə keçir.

Varislik mübarizəsi Toxtamışın Göy Orda xanı kimi taxta çıxmasından sonra nisbətən səngisə də əslində mübarizə davam edirdi. 1395-ci ildə Əmir Teymurun bu torpaqlara gəlişi böyük xaos və üsyana səbəb olur.

Batı xan 1242-ci ildə Avropadan qayıtdıqdan sonra Göy Orda yaradılır və 1245-ci ilə qədər Volqanın aşağı axınlarında Göy Ordanın paytaxtı Saray şəhəri qurulur. Eyni zamanda, Qızıl Ordanın şərq torpaqları Batınun böyük qardaşı Orda tərəfindən idarə olunurdu və Ağ Orda kimi tanınırdı. Batı xan 1238-ci ildə Vladimir və 1240-cı ildə Kiyev şəhərlərini talan etdikdən sonra Rusiya knyazlıqları üzərində nəzarətini bərpa edir, ruslar illik xərac ödəməyə məcbur olur.

Ordanın qərbindəki çətinliklər, Valaxiya, Dobruja, Moldaviya və qərbi Ukraynanın, eləcə də 1362-ci ildə “Mavi sular” döyüşündə məğlub olduqdan sonra Kiyevin qərbindəki vassal knyazlıqların və Polşanın itirilməsinə səbəb olur. Real gücə malik olmayan xanların bir-biriləri ilə apardığı münaqişələr Göy Orda daxilində uzun müddət davam edən vətəndaş müharibəsinə səbəb olur. Bu vaxt Mamay güclü çıxır və Göy Ordanın “boz kardinalı” olur. Bu müddət ərzində moskvalı I Vasili Göy Ordadakı vətəndaş qarşıdurmasından istifadə edir və Göy Ordaya xərac verməyi dayandırır, baxmayaraq ki, Göy Orda 1408-ci ildə Moskvaya növbəti dəfə güclü hücum etmişdi.

Toxtamışın hakimiyyətə gəlişi bütün bu münaqişələrin aradan qaldırılmasına səbəb olur. O, Göy Ordanı Ağ Orda ilə birləşdirir.

Böyük Orda

İsmayıl İlyasın komandanlığı altındakı noqaylar 1557-ci ildə Rusiyanın nəzarəti altına keçərək Volqaboyu əraziləri əhatə edən Böyük Ordanı yaradır və Böyük Ordanın bəyi özünü IV İvan Qroznının vassalı elan edir. Bu baxımdan Böyük Orda və Qazı Mirzə bəyin rəhbərliyi ilə Şimali Qafqazda yenə də Mos-

kvaya tabe olan Kuban Ordasına (Kiçik Noqay Ordasına) bölünür, Jema və Oyila çaylarının sahillərində Altı Ulus Ordası yaradılır. Təxminən o illərdə Yaik, Emba və Sırdərya çayları arasında köçəri həyat sürən Altıaul Ordası (Altyul ulusu) meydana çıxır.

1577-ci ildə Böyük Ordanın paytaxtı Sarayçik rus knyazı Serebrınının ordusu tərəfindən zəbt olunur. XVII əsrin əvvəllərində kalmıklar Yaikin hər iki sahilindəki Volqaya qədər olan noqay düşərgələrində məskunlaşırlar.

Noqayların bir hissəsi isə Şimali Qafqaza köç edir.

Böyük Ordanın hökmdarları:

Din Əhməd bəy, 1563-1578...

Urus bəy, 1563-1578,

Dinbəy Mirzə bəy, 1578-1584...

Səyid Əhməd Mirzə bəy, 1584-1587…

Uraz Məhəmməd bəy, 1584-1590…

Din Məhəmməd bəy, 1590-1598, 1598-1600…

Yaş Tarak bəy, 1600-1619…

Din Əhməd bəy, 1600-1604…

Qaraqulu Məhəmməd Mirzə bəy, 1604-1622…

Dinbay Mirzə bəy, 1622-1634…

Ordalar və Elxanilər dövləti arasında əlaqələr

XIII–XV əsrlərdə Göy Orda, Ağ Orda və Böyük Orda Cənubi Qafqaz siyasətində mühüm rol oynayıb. 1256-cı ildən 1335-ci ilə qədər (XIII əsrin ortalarından XIV əsrin ortalarına qədər) Azərbaycan Elxanilər dövlətinin tərkibində olub. Təbriz bu dövr-

də dövlətin rəsmi paytaxtı və mühüm siyasi-mədəni mərkəz idi. Azərbaycan strateji mövqeyinə görə (ticarət yolları, zəngin şəhərlər, ipək istehsalı) mühüm ərazi sayılırdı. Volqa–Xəzər yolu vasitəsilə Orda dövlətlərri ilə Azərbaycan arasında ticarət əlaqələri də var idi. Qafqazın qapısı–Dəmir Qapı Dərbənd keçidi mühüm strateji və iqtisadi məntəqə idi. Azərbaycanın Təbriz, Şamaxı və digər şəhərləri beynəlxalq ticarət mərkəzləri olduğundan Orda xanlıqları bu fürsətdən istifadə edirdi. Ordalarla Elxanilər arasında Qafqaz və Azərbaycan uğrunda zaman-zaman fikir ayrılıqları da olub. XIII əsrin sonlarında Göy Orda hökmdarlarının dövründə Azərbaycan istiqamətində yürüşlər olmuşdu. XIV əsrdə xüsusilə Ağ Orda hökmdarı Toxtamış Cənubi Qafqaza yürüş etmişdi.

Orda dövlətlərinin rəng çalarları

İlkin mənbələr Qızıl Ordanın ərazi sistemini təsvir edərkən rəng çalarlarından istifadə edirdilər–Ağ Orda və Göy Orda. Ağ və mavi rənglər müvafiq olaraq sağ (qərb) və sol (şərq) tərəfləri təmsil edən ənənəvi türk və monqol simvollarıdır. Ordaların rəng çalarlarına həm rus salnamələrində, həm də Şərq müəlliflərinin əsərlərində rast gəlinir.

Qızıl Ordanın ərazi sistemində rəng məsələsi uzun müddət qeyri-müəyyən qalsa da, 1980-ci illərə qədər əksər orta əsr tarixçiləri “Göy Orda” termininin Cuçi Ulusunun şərq qanadına, “Ağ Orda”nın isə qərb qanadına uyğun olduğu barədə ortaq bir fikrə gəliblər.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd







Sosial həyat