Hüseyn Saraçlı – 110
XX əsri, xüsusən də əsrin ikinci yarısını Borçalıda aşıq sənətinin inkişafının qızıl dövrü adlandıranlar haqlıdırlar. Bu dövr bütövlükdə Azərbaycan aşıq sənətində öz dəst-xəttinə görə seçilən çox böyük ustad saz-söz sənətkarları ilə fərqlənir. Şair Nəbi, Ağacan, Sadıq Sultanov, Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Alxan Qarayazılı, Kamandar Əfəndiyev, fəaliyyətləri XXI əsrin ilk onilliklərində də davam etmiş Aslan Kosalı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Nurəddin Qasımlı, Gülabı Xındı Məmmədoğlu və digərləri... Hər biri ayrıca bir məktəb olan ustad sənətkarlar.
Bu il sazının laylasında neçə-neçə aşıq böyüdən, neçə-neçə şairi xalqa tanıdan, insanların qəlbində sənət adlı sönməz işıq yandıran, ürəklərin dostu, könüllərin mehmanı olan Aşıq Hüseyn Saraçlının anadan olmasının 110 illik yubiley ilidir. Hüseyn Saraçlı bu gün də bizimlədi – sazda, mizrabda, pərdədə, simdədi. Onun ömrü ozan ömrü, saz ömrüydü.
Hüseyn Saraçlı (Hüseyn Qurban oğlu Həsənov) 1916-cı ildə Borçalıda – indiki Bolnisi rayonunun Saraçlı kəndində anadan olub. İlk dəfə kəndlisi Aşıq İsmayılın şəyirdi olub, Quşçu İbrahimdən sənətin sirlərini öyrənib, Şair Nəbi və Sarvan Bayram kimi (hər ikisi Borçalının Faxralı kəndindəndir) güclü saz-söz xiridarlarının yanında püxtələşərək, kamil el sənətkarına çevrilib.
Aşıq sənətinə əvəzsiz xidmətlərinə görə Gürcüstanın “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən ilk və hələlik yeganə aşıqdır.
Aşıq Hüseyn Saraçlının sənətdə öz dəst-xətti ilə seçilən 14 şəyirdi olub. Sonuncu şəyirdi aşıq-sazbənd Kövrək Muraddır. Özündən öncə və sonra gələn bütün sənət adamlarına hər zaman böyük ehtiram bəsləyən ustad sinəsində nə vardısa, əsirgəmədən, hamısını şəyirdlərinə öyrədib.
Aşıq Hüseyn Saraçlı 1987-ci il aprelin 16-da 71 yaşında dünyasını dəyişib. Doğulduğu Saraçlı kəndində büstü qoyulub.
Hüseyn Saraçlı klassik aşıqlardan Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər, Bozalqanlı Hüseyn və başqa sənətkarların zəngin ənənəsini ləyaqətlə davam etdirən sənətkar idi. Təsadüfi deyil ki, ondan ustadınız kim olub, – deyə soruşanda deyirdi, “ustadım birmi, ikimi, hansını deyim? Birinci ustadım Borçalı xalqı, ikinci ustadım aşıq Qurbani...”.
Onun çalğısı da söhbətləri kimi ürəyəyatımlı idi. Repertuarında “Dol hicranı”, “Qara kəhər”, “Koroğlu kürdüsü”, “Mansırı”, “Məmmədbağırı”, “Sultanı” və “Bəhməni” kimi qədim aşıq havaları mühüm yer tuturdu. Dastan söyləyən vaxt bu havalardan öz məqamına uyğun istifadə etməyi bacarırdı.
Xalq şairi Zəlimxan Yaqubun diliylə desək, o, “məhlə aşığı deyil, yurd-mahal aşığıydı, bal dilli millətimin dili bal aşığı, meydanda Qoç Koroğlu, Rüstəm Zal aşığıydı”. Onun varlığından nə qazandısa sazın ömrü qazandı, yoxluğundan isə “nə itirdi Azərbaycan itirdi”.
Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Qəmbər Hüseynli, Hüseyn Arif kimi görkəmli ədəbiyyat və incəsənət nümayəndələri zamanında Hüseyn Saraçlı yaradıcılığına yüksək qiymət vermişlər. Təsadüfi deyil ki, ona “Saraçlı” təxəllüsünü bəstəkar Qənbər Hüseynli verib. Ustad aşıq sənət zirvəsinə bu adla yüksəlib.
Şair İlyas Tapdıq ötən əsrin 70-ci illərində yazırdı: “Onun sənətkarlığı sazı, qoşma və müxəmməsləri, təcnis və gəraylıları daha yaxşı başa düşməyə, təhlil etməyə imkan verir. Məsələn, cığalı havalar adlanan “Cığalı təcnis” və “Cığalı müxəmməs” Saraçlı sazında o qədər gözəl səslənir ki, misraların düzümü, cığa misralar, “cığa səs enmələri” bütün büllurluğu, aydınlığı ilə duyulur. Bir sözlə, təcnis “Cığalı təcnis”dən, “Müxəmməs” “Cığalı müxəmməs”dən seçilir”.
İstər sağlığında, istərsə də bu gün Hüseyn Saraçlı deyəndə ilk yada düşən onun bənzərsiz dastan ifaçılığı olur. Məclislərdə dastan söyləyəndə sanki bir mahir aktyora çevrilirdi. Dastandakı personajların hərəsini öz ləhcəsində səsləndirir, dinləyicini həyəcanla intizarda saxlamağı bacarırdı. Şair İlyas Tapdığın da dediyi kimi, dastanları söyləyərkən “qəhrəmanın obrazını sazla, sözlə, səsinin müxtəlif dönümləri ilə canlandıran, xalq məsəllərindən, atalar sözlərindən yerli-yerində istifadə edən, tamaşaçı və dinləyicisində dərin hiss-həyəcan oyadan bir aşıq, sənətkar kimi əvəzsiz idi”. Çaldığı havaların ruhuna uyğun söz seçir, bəziləri kimi yersiz hərəkətlərə yol vermirdi.
Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı: “Bir neçə dəfə Aşıq Hüseyn Saraçlının söylədiyi dastanları dinləmişəm. Xüsusən Aşıq Ələsgərin Gəncə səfərini ustad aşıq elə bədii və obrazlı danışır ki, vəziyyət teatr tamaşası kimi gözümüzün qarşısında canlanır. Elə bil, gözəl bir operaya baxırsan. Bu operanın rejissoru da o özüdür, dirijoru da, ifaçısı da, müşayiət edəni də. Eyni zamanda, o, həm libretto müəllifidir, həm də bəstəkar...”.
Sinəsi söz xəzinəsi olan Hüseyn Saraçlı həm də bədii yaradıcılıqla məşğul olur, aşıq şeirinin müxtəlif formalarında şeirlər qoşurdu. Sağlığında kitabı nəşr olunmasa da, onun şeirləri, söylədiyi dastan və qaravəllilər ilk dəfə 1992-ci ildə Süleyman Əfəndi (Süleymanov) tərəfindən nəşrə hazırlanaraq çap olunub. Anadan olmasının 100 illiyi ərəfəsində – 2016-cı ildə isə özünün bədii yaradıcılığı, dastan repertuarı və haqqında yazılan elmi-publisistik məqalələr və ona ithaf olunmuş şeirlərdən ibarət iki kitab (“Hüseyn Saraçlı” və “Nəğməli sinəmdə yüz dastan yatır”) tərəfimizdən hazırlanaraq nəşr olunub.
Bəli, o, bir dastan aşığıydı və elə bir ömür yaşadı ki, dünyasını dəyişəndən sonra özü də dillərdə dastan oldu. Haqqında məqalələr yazıldı, şəninə şeirlər qoşuldu. Ustadın vəfatı münasibətiylə yazdığı şeirdə Zəlimxan Yaqub deyirdi:
Yüz dəfə çək, yersiz ahdan nə çıxar,
Qəlbi yasda saxlamaqdan nə çıxar!
Ay Zəlimxan, ağlamaqdan nə çıxar,
Az sızılda, az inildə, az ağla!
Saraçlının taleyindən əsər yaz,
Saraçlının dastanını yaz, ağla!!!
Zəlimxan Yaqub həmin dastanı yaratdı.
Bu il bu böyük sənətkarın anadan olmasının 110 illik yubileyidir. Bu münasibətlə doğma yurdu Gürcüstanda və Azərbaycanda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ancaq sənətsevərlərin ustadla bağlı bir arzusu var: doğma kəndi Saraçlıda ev-muzeyinin yaradılması! Bu, ustadın ruhuna ehtiram olmaqla yanaşı, bütövlükdə ozan-aşıq sənətinə verilən qiymət, göstərilən diqqət və qayğı kimi əhəmiyyətli, həm də vacibdir.
Musa NƏBİOĞLU,
Əməkdar mədəniyyət işçisi

