Aprelin 25-də ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Təchizat zəncirində süni intellekt” mövzusunda interaktiv təlim proqramı təşkil olunacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə verilən məlumata görə, proqram müasir biznes mühitində süni intellekt texnologiyalarının təchizat zənciri proseslərinə inteqrasiyasını əhatə edir və bu sahədə fəaliyyət göstərən rəhbər şəxslər, menecerlər və mütəxəssislər üçün nəzərdə tutulub.
Altı saatlıq intensiv proqram çərçivəsində iştirakçılara təchizat zəncirində ən kritik problemlər və onların süni intellekt əsaslı həll yolları təqdim olunacaq. Eyni zamanda tələb proqnozlaşdırması, inventar optimallaşdırması və logistika planlaması üzrə müasir yanaşmalar izah ediləcək.
Risklərin qabaqcadan aşkarlanması və operativ qərarvermə üzrə praktik yanaşmalar beynəlxalq real keyslər əsasında təqdim olunacaq. İştirakçılar bu yanaşmaları tətbiq edərək 90 günlük pilot layihə planlarının hazırlanması, “quick-win” strategiyalarının müəyyənləşdirilməsi, investisiya effektivliyinin (ROI) qiymətləndirilməsi və risk analizinin aparılması üzrə əsas bacarıqları interaktiv sessiyalar vasitəsilə mənimsəyəcəklər.
Təlim Türkiyədən dəvət olunmuş, təchizat zənciri və rəqəmsal transformasiya sahəsində geniş beynəlxalq təcrübəyə malik ekspert tərəfindən təqdim olunacaq.
Əsas məqsəd şirkətlərdə məlumat əsaslı qərarvermə mədəniyyətinin formalaşdırılması, süni intellekt texnologiyalarının effektiv tətbiq sahələrinin müəyyənləşdirilməsi və biznes proseslərində rəqəmsal transformasiyanın sürətləndirilməsidir.
Yer sayı məhdud olduğundan erkən müraciət edənlərə üstünlük verilir.
Qeydiyyat üçün keçid: https://forms.gle/Pf58TAGm9qjX7LcA8

