İnsult bu gün insan həyatına və sağlamlığına ciddi təsir göstərən əsas xəstəliklərdən biridir. Dünyada hər il milyonlarla insan bu xəstəliklə üz-üzə qalır, minlərlə ailənin həyatı isə bir anın içində dəyişir. Tibbi statistika göstərir ki, insultun vaxtında aşkarlanması və düzgün müdaxilə həyati əhəmiyyət daşıyır. Uzun illər ərzində insultun əsas səbəbləri kimi yüksək qan təzyiqi, şəkərli diabet, stress və zərərli vərdişlər göstərilsə də, son elmi araşdırmalar bu siyahıya daha bir mühüm amili əlavə edir – insultun baş verdiyi günün vaxtı.
İspaniyanın III Karl Milli Ürək-Damar Tədqiqatları Mərkəzinin (CNIC) alimlərinin apardığı yeni araşdırma bu baxımdan maraqlı və düşündürücü nəticələr ortaya qoyub. Alimlər müəyyən ediblər ki, işemik insultun ağırlığı onun baş verdiyi günün vaxtından asılıdır.
Araşdırmalara görə, axşam və gecə saatlarında baş verən insultlar zamanı beyinin zədələnməsi, adətən, daha güclü olur. Tədqiqatların əticələri nüfuzlu “Circulation Research” jurnalında dərc olunaraq elmi ictimaiyyətin diqqətinə çatdırılıb. Bildirilir ki, bu prosesdə əsas rol neytrofillərin - anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələrinin - sutkalıq ritmlə tənzimlənməsidir. Məhz bu hüceyrələr insult zamanı ilk reaksiya verənlərdir. Siçanlar üzərində aparılan təcrübələr və 500-dən çox pasiyentin klinik məlumatlarının təhlili göstərib ki, sutkalıq dövrün müəyyən fazalarında neytrofillər daha aqressiv, iltihab yaradan vəziyyətə keçir.
Axşam və gecə saatlarında bu hüceyrələr daha fəal şəkildə hüceyrədənkənar tələlər - DNT və zülallardan ibarət hörümçək toruna bənzər strukturlar - ifraz edir. Normal halda bu strukturlar orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin insult zamanı onların artıqlığı beyində mikrosirkulyasiyanı pozur, mikrotrombların yaranmasına səbəb olur, əlavə qan dövranını azaldır və toxuma zədələnməsini gücləndirir. Əksinə, səhər saatlarında neytrofillər daha sakit davranır, bu isə insult zamanı zədələnmə zonasının daha kiçik olmasına kömək edir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu məlumatlar izah edir ki, niyə eyni simptomlara malik xəstələrdə insultun nəticələri tamamilə fərqli ola bilər.
Bu fakt bir daha göstərir ki, insult yalnız qəfil baş verən hadisə deyil, onun arxasında mürəkkəb bioloji mexanizmlər dayanır və bu mexanizmlərin düzgün öyrənilməsi gələcəkdə daha effektiv müalicə üsullarının tətbiqinə yol aça bilər.
Nəticə olaraq deyə bilərik ki, müasir elmin ortaya qoyduğu bu fakt cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır. İnsultun yalnız qəfil baş verən tibbi hadisə deyil, günün vaxtı ilə birbaşa əlaqəli həyati risk olduğu artıq elmi əsaslarla təsdiqlənir. Xüsusilə axşam və gecə saatlarında sağlamlığa diqqətin artırılması, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin mütəmadi tibbi nəzarətdə saxlanılması və ailə üzvlərinin məsuliyyətinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir vətəndaş bilməlidir ki, sağlamlığa qarşı laqeydlik bir gecənin içində bütöv bir ömrün axarını dəyişə bilər. Bu baxımdan, elmin səsinə vaxtında qulaq asmaq, tövsiyələrə əməl etmək və profilaktik tədbirləri həyat tərzinə çevirmək hər kəsin mənəvi borcudur. Çünki bəzən həyatımızın taleyi təkcə saatlarla deyil, saniyələrlə ölçülür.
Nurəngiz Adilqızı
XQ

