Peşəkar Çövkən Liqasında gərgin mübarizə davam edir

post-img

27 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının 2-ci turunun oyunları keçirilmişdir.

Bu barədə Lider-media.az-a ARAF-dan məlumat verilib.

Bildirilib ki, martın 27-də saat 12:00-da “Embawood” və “Şamaxı” çövkən komandaları arasında baş tutan gərgin mübarizə “Embawood” komandasının 2-1 hesablı qələbəsi, saat 13:00-da “Zəfər” və “Buta Qolden” komandaları arasında keçirilən günün ikinci oyunu “Buta Qolden” komandasının 0-1 hesablı qələbəsi ilə başa çatmışdır.

28 mart tarixində keçirilən turun növbəti oyunları saat 12:00-da baş tutmuşdur. “Omar” və “Sərhədçi” komandaları arasında keçirilən günün ilk qarşılaşması “Sərhədçi” komandasının 1-6 hesablı qələbəsi ilə başa çatmış, saat 13:00-da baş tutan qarşılaşma isə “Elite” komandasının “Xəzər” komandası üzərində 4-0 hesablı qələbəsi ilə bitmişdir.

Günün və turun son oyunu saat 14:00-da “Atilla” və “Polad” komandaları arasında keçirilmişdir. Mübarizədə “Polad” komandası “Atilla” komandası üzərində 0-9 hesablı qələbə əldə etmişdir.

Qeyd edək ki, 10 komandanın mübarizə apardığı Peşəkar Çövkən Liqasında 3-cü turun oyunları  3-4 aprel  2026-cı il tarixlərində baş tutacaq.

N.Adilqızı

XQ

 

 

İdman