Artıq soyuq qış fəsli öz dövranını başa vurur və qarşıdan hamımızın səbirsizliklə gözlədiyi füsunkar yaz fəsli gəlir. Ana yurdumuzun barlı-bərəkətli meyvə bağlarında isə yaz aylarında bağbanlarımızın qayğıları daha da artır. Belə ki, onlar bol məhsul almaq üçün erkən yaz-becərmə işlərini aqroxteniki qaydalara uyğun olaraq vaxtında və keyfiyyətlə başa çatdırmalıdırlar.
Redaksiyamız ölkəmizin aqrar sektorunda çalışan fermer və torpaq pay mülkiyyətçilərinə əməli kömək göstərmək məqsədilə tanınmış alimlərimizin, təcrübəli mütəxəssislərin rəy və təkliflərini dərc edir. Bu dəfə aqrar məsələlər üzrə təcrübəli ekspert, biologiya üzrə fələsəfə doktoru Mədət Qurbanovdan hazırda Azərbaycanın müxtəlif bölgələrində becərilən çəyirdəkli meyvə bağlarında həyata keçirilən yaz-becərmə işləri haqqında məlumat verməsini xahiş etdik. Hörmətli alim-aqronom dedi:
– Qeyd etmək lazımdır ki, 2010-cu illərdən başlayaraq ölkəmizin ayrı-ayrı rayonlarında müasir tələblərə cavab verən texnologiyalar əsasında 10 min hektarlarla gilas, şaftalı, ərik, gavalı, albalı, alça bitkilərindən ibarət olan intensiv tipli çəyirdəkli meyvə bağları salınmışdır.
Belə müasir bağlarda hazırda müxtəlif xarici ölkələrdən gətirilmiş 65-ə qədər yeni gilas, 30-a qədər şaftalı (nektarin), 10-a qədər ərik, 20-yə qədər gavalı və 5-ə qədər albalı və alça sortları becərilir. Bağlarda aqrotexniki qaydalara əməl etməklə qulluq işləri xüsusi diqqət tələb edir və hər bir tədbir vaxtında yerinə yetirilməlidir.
Xatırladaq ki, fermerlər erkən yaz dövründə, yəni qarşıdakı 2 həftə ərzində bağlarda cərgə aralarının diskilənməsi və frezlənməsi (torpağn yumşaldılması) işlərini, həmçinin müvafiq oalraq bitkilərin aralarının da frezlənməsi işlərini başa çatdırmalıdırlar. Bağlarda budama və formavermə işlərinin sona çatdırılması ilə ağaclar qurumuş, xəstə budaqlardan təmizlənir və çətirin içərisinə normal işığın düşməsi təmin edilir.
Novruz bayramınadək havanın temperaturunun yüksəlməsi, eləcə də rütubətin çoxalması nəticəsində bir çox xəstəliklərin, o cümlədən klasterosporioz (deşikli qonur ləkə), monilioz (moniliya yanığı), unlu şeh, polistiqmoz, cibcibə və digər göbələk mənşəli xəstəliklərin, habelə bakterial xərçəng xəstəliyinin kütləvi inkişafının qarşısını almaq və tamamilə məhv etmək məqsədi ilə bağlarda mütləq kimyəvi çiləmə işi aparılmalıdır.
Çəyirdəkli meyvə bağlarında qışlama dövründən ayılmaqda olan müxtəlif yastıca növləri – gənələr, mənənələr, uzunburun böcəklər, şərq və gavalı meyvəyeyənləri, tripslər və s. zərərvericilərə qarşı çiçəkləməyə ən azı 20-22 gün qalmış qışlıq mineral yağ preparatından 30-35 litri 1 ton suda qarışdıraraq çiləmək lazımdır. Bu kimyəvi mübarizə tədbirini həyata keçirməklə bağbanlar yuxarıda adları qeyd olunmuş zərərvericiləri məhv etməklə yanaşı, həm də çiçəkləmə fazasını 2-3 gün gecikdirə bilərlər ki, bu da yazda baş verə biləcək donvurmanın fəsadlarının qarşısını almaqda bağbanlara kömək edə bilər.
Belə bir məqamı da qeyd etmək lazımdır ki, çiçəkləmə ərəfəsində yuxarıda adları qeyd olunmuş xəstəlik və zərərvericilərin kökünü kəsmək, həmçinin meyvə tutumunu artırmaq üçün bağlara müvafiq kimyəvi məhlullar çilənməlidir.
Çiçəkləmə zamanı açılmış çıçəklərin şaxtalara həssas olmasını nəzərə alaraq qəfil don və şaxtaların zərərlərinin qarşısını almaq üçün bağın müxtəlif yerlərinə küləş, saman, nəm ot qalıqları qoyulmalıdır. Onların yandırılmasından əmələ gələn tüstü ağaclardakı çiçəkləri qorumaq üçün səmərəli vasitə ola bilər.
Nəhayət, çiçəkləmənin sonunda xəstəlik və zərərvericilərin qarşısını almaq və meyvə tutumunu normal vəziyyətdə saxlamaq üçün yuxarıda verilmiş kompleks müalicə tədbirini mütəxəssislərlə məsləhətləşərək təkrarlamaq lazımdır.
Sonda ümid edirəm ki, bağbanlar bütün lazımi becərmə tədbirlərini vaxtında həyata keçirməklə bağlarda bol məhsul yetişdirə bilərlər.
Hazırladı:
Məsaim ABDULLAYEV
XQ

