Müasir dövrdə şəhərsalma və məskunlaşma prosesləri yalnız ərazi-planlaşdırma və tikinti fəaliyyəti ilə məhdudlaşmır, dövlət idarəçiliyinin səmərəliliyini, institusional koordinasiyanı və hüquqi tənzimləmənin keyfiyyətini müəyyən edən kompleks ictimai münasibətlər sistemi kimi çıxış edir. Qlobal miqyasda şəhərləşmə səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi diferensiasiyanın dərinləşməsi, mənzil təminatı sahəsində struktur böhran və iqlim risklərinin artması şəhərsalma siyasətinin hüquqi və idarəetmə aspektlərini ön plana çıxarıb.
Şəhərsalma münasibətlərinə hüquqi və inzibati yanaşma
XXI əsrdə şəhərlər ictimai münasibətlərin məkan ifadəsi olmaqla yanaşı, dövlətin sosial, iqtisadi və ekoloji funksiyalarının icra olunduğu əsas inzibati-ərazi vahidlərinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının rəsmi statistik məlumatlarına əsasən, hazırda dünya əhalisinin əksəriyyəti şəhər tipli yaşayış məntəqələrində məskunlaşmışdır və bu tendensiyanın yaxın onilliklərdə daha da intensivləşəcəyi proqnozlaşdırılır. Bu proses şəhərsalma sahəsində aşağıdakı hüquqi nəticələri doğurur:
–dövlətin mənzil təminatı üzrə sosial öhdəliklərinin genişlənməsi;
–yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının səlahiyyət dairəsinin yenidən qiymətləndirilməsi;
–şəhərsalma qərarlarının hüquqi legitimliyi və icra mexanizmlərinin gücləndirilməsi zərurəti.
Beləliklə, şəhərsalma problemi öz mahiyyətinə görə idarəetmə və hüquqi tənzimləmə problemidir.
Dünya Şəhər Forumunun hüquqi və təşkilati statusu
Dünya Şəhər Forumu 2002-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) çərçivəsində təsis edilib. Forum beynəlxalq müqavilə hüququ subyekti olmasa da, beynəlxalq “yumşaq hüquq” (soft law) mexanizmləri kontekstində mühüm rol oynayır. Dünya Şəhər Forumunun (WUF) institusional xüsusiyyətləri aşağıdakılardır:
–hüquqi baxımdan tövsiyə xarakterli sənədlərin formalaşdırılması;
–dövlətlərin şəhərsalma siyasətinə dair normativ yanaşmalarının uzlaşdırılması;
–milli hüquq sistemlərinə adaptasiya edilə bilən model və konsepsiyaların təşviqi.
Bu baxımdan WUF norma yaradan deyil, normativ davranış standartlarını formalaşdıran beynəlxalq platforma kimi xarakterizə olunur.
Dünya Şəhər Forumunun hüquqi təsiri
WUF-un hüquqi təsiri birbaşa normativ aktların qəbulunda deyil, aşağıdakı sahələrdə özünü göstərir:
–milli şəhərsalma qanunvericiliyinin konseptual yenilənməsi;
–yerli idarəetmə orqanlarının hüquqi statusunun gücləndirilməsi;
–inzibati qərarların əsaslandırılmasında elmi-analitik yanaşmaların tətbiqi.
Bu səbəbdən WUF beynəlxalq normativ davranış modeli formalaşdıran mexanizm kimi qiymətləndirilə bilər.
WUF-13-ün Bakıda keçirilməsinin hüquqi və strateji əsasları
Azərbaycan Respublikasının WUF-13-ə ev sahibliyi etməsi aşağıdakı hüquqi-strateji amillərlə əsaslandırılır:
–ölkənin regional səviyyədə nəqliyyat, iqtisadi və inzibati əlaqələndirici funksiyası;
–postmünaqişə dövründə ərazilərin bərpası və yeni şəhərsalma modellərinin tətbiqi təcrübəsi;
–Yeni Şəhərsalma Gündəliyinin icrasının onillik mərhələsi ilə üst-üstə düşməsi.
Bu məsələlər Bakını beynəlxalq şəhərsalma siyasətinin praktiki tətbiq mühiti kimi təqdim edir.
Azərbaycanın şəhərsalma hədəfləri
Azərbaycan WUF-13 çərçivəsində aşağıdakı strateji məqsədləri irəli sürür:
–şəhərsalma siyasətinin dövlət idarəçiliyinin institusional komponenti kimi hüquqi təsbit edilməsi;
–dövlət qulluqçularının şəhərsalma və məskunlaşma sahəsində ixtisaslaşmış hazırlıq sisteminin yaradılması;
–icrayönümlü və ölçülə bilən tövsiyələrin formalaşdırılması;
–beynəlxalq təcrübənin milli hüquq sisteminə adaptasiyası.
Aparılan təhlil göstərir ki, Dünya Şəhər Forumu şəhərsalma siyasətinin beynəlxalq səviyyədə normativ düşüncə çərçivəsinin formalaşmasında, dövlətlərin bu sahədə hüquqi və institusional yanaşmalarının uzlaşdırılmasında mühüm rol oynayan çoxtərəfli platforma kimi çıxış edir. WUF hüquqi baxımdan məcburedici mexanizm yaratmasa da, beynəlxalq “yumşaq hüquq” alətləri vasitəsilə dövlətlərin şəhərsalma sahəsində siyasət dizaynına, normativ aktların hazırlanmasına və idarəetmə modellərinin yenilənməsinə real təsir göstərir. Bu xüsusiyyət WUF-u klassik konfrans formatından çıxararaq qlobal şəhərsalma siyasətinin intellektual və institusional istinad nöqtəsinə çevirir.
“WUF-13 Bakı” strateji mexanizmdir
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycan üçün yalnız beynəlxalq tədbirə ev sahibliyi etmək anlamı daşımır, əksinə, şəhərsalma siyasətinin milli dövlət idarəçiliyi sistemində yenidən konseptuallaşdırılması üçün strateji imkan yaradır. Forum şəhərsalma məsələlərinin deklarativ, layihə və sektor səviyyəli müzakirə predmetindən çıxarılaraq hüquqi tənzimləmə, inzibati məsuliyyət və icra mexanizmləri müstəvisinə keçirilməsini stimullaşdırır. Bu, şəhərsalma münasibətlərinin dövlətin sosial, iqtisadi və ekoloji funksiyalarının icrası ilə bilavasitə əlaqələndirilməsinə şərait yaradır.
Eyni zamanda, WUF-13 prosesi şəhərsalma siyasətinin mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün, institusional koordinasiyanın və hesabatlılıq mexanizmlərinin yenidən qiymətləndirilməsi üçün hüquqi əsas formalaşdırır. Bu kontekstdə forumun nəticələri şəhərsalma qərarlarının hazırlanması və icrasında hüquqi legitimliyin gücləndirilməsinə, qərarların elmi-analitik əsaslandırılmasına və dövlət qulluqçularının bu sahədə ixtisaslaşmış bilik və bacarıqlarla təmin olunmasına xidmət edə bilər.
Nəticə etibarilə, WUF-13 Azərbaycan üçün şəhərsalma siyasətinin normativ-hüquqi müstəvidə sistemləşdirilməsi, dövlət idarəçiliyində şəhərsalma münasibətlərinin institusional davamlılığının təmin edilməsi və bu sahənin uzunmüddətli strateji planlaşdırma çərçivəsinə inteqrasiyası baxımından dönüş nöqtəsi kimi çıxış edir. Forumdan irəli gələn tövsiyələrin və konseptual yanaşmaların milli hüquq sisteminə və inzibati praktikalara ardıcıl şəkildə transferi şəhərsalma sahəsində idarəetmə keyfiyyətinin yüksəldilməsinə, sosial ədalətin və ərazi balansının təmin edilməsinə, eləcə də dövlətin inkişaf strategiyalarının dayanıqlılığının artırılmasına real zəmin yaradır.
Beləliklə, WUF-13-ün Bakıda keçirilməsi şəhərsalma siyasətini yalnız qlobal diskursun predmeti kimi deyil, Azərbaycanın dövlət idarəçiliyində hüquqi, institusional və icra məsuliyyəti daşıyan sistemli fəaliyyət sahəsi kimi möhkəmləndirən strateji mexanizm rolunu oynayır.
Kəramət QƏNBƏROV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi


