Qədim Şirvanda cavanlaşan, gözəlləşən Ağsu

post-img

Gələn il bu şəhərin 60 yaşı tamam olacaq

... Elə güman edirdim ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov söhbətə həyata keçirilmiş sosial-iqtisadi yönümlü tədbirlər, icra olunmuş layihələr, müxtəlif sahələrdə əldə edilmiş uğurlar və konkret göstəricilər barədə danışacaq. Çünki həmin istiqamətdə nə qədər işlər görüldüyünü yaxşı bilirdim.

Lakin rayon rəhbəri ictimai-siyasi məsələləri daha önə çıxartmağı məqsədəuyğun saydı:

– Ötən il şanlı Zəfər gününün beşinci ildönümünü böyük fəxarət hissi ilə qeyd etdik. Bu münasibətlə keçirilən hərbi paradda son illər ərzində ordu quruculuğunda görülmüş işlərin bir hissəsi xalqımıza və bütün dünyaya nümayiş etdirildi. Son 5 il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırmışdır. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir.

Bu Qələbə dünyanın ən mötəbər ünvanı olan Amerika Birləşmiş Ştatlarının paytaxtında – dünyanın 1 nömrəli ofisi olan Ağ evdə ABŞ Prezidentinin iştirakı ilə təsdiqləndi. Beləliklə, 30 il ərzində əsas vəzifəmiz olan ərazi bütövlüyümüzün bərpası və bütün dünya tərəfindən bunun qəbul edilməsi məsələsi öz həllini tapmışdır. Bu gün isə bütün ölkə üzrə geniş quruculuq işləri aparılır, hər bir bölgədə inkişaf müşahidə olunur.

Bu yerdə rayon rəhbərinin dediklərinə əlavə edək ki, Ağsuda dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin sayı 136, müharibə əlillərinin sayı 61, müharibə veteranlarının sayı isə 1161 nəfərdir. Onlara göstərilən diqqət və qayğı daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Əminliklə deyə bilərik ki, şəhid ailələrinin və qazilərin hamısının problemləri rayon rəhbərliyinin diqqət mərkəzindədir. Onlarla dəfələrlə görüşmüşəm. Həmişə ağızdolusu danışıblar. Onlara göstərilən diqqətdən razı qaldıqlarını bildiriblər.

***

Bu şəhərə istər Şamaxıdan, istər Kürdəmirdən, istərsə də Göyçaydan – hansı istiqamətdən gəlsəm də, fərq eləmir. Dərhal Şirvanın saz-söz ustadlarından olan Aşıq Şakirin “Kəndimiz” adlı qoşması və bu ulu ozanımızın unudulmaz səsi yada düşür.

Qızıldır hər qarış torpağın, daşın,
Odur ki, dağlardan ucadır başın.
Şakirəm, hüsnünə min dastan qoşum,
Layiqsən şeirə, sözə, kəndimiz!

Aşıq bu sətirləri doğulub böyüdüyü Xəlilli kəndi haqqında yazmışdı. O Xəlilli ki, ötən ilin dekabrında Ərəbmehdibəy kənd ərazi vahidinin tərkibindən çıxarılaraq yeni kənd statusu verilməsinin 25 ili tamam olmuşdu. O Xəlilli ki, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun indi hesabatını vərəqlədiyimiz 2025-ci ildə sakinlərlə bir neçə dəfə görüşdüyü kəndlərdəndir.

Yadımdadır, ötən ilin avqustunda rayon rəhbərinin burada keçirdiyi səyyar qəbulda vətəndaşlar tərəfindən kənddə elektrik təchizatının yaxşılaşdırılması, yeni tibb məntəqəsinin tikilməsi, suvarma arxlarının bərpası, işlə təminat, ünvanlı dövlət sosial yardımın verilməsi ilə bağlı xahiş və təkliflər səsləndirilmişdi. Ən başlıcası, Xəlilli camaatı aşığın “Hüsnünə min dastan qoşmaq” istədiyi kəndin daha da abad və firavan olması üçün əllərindən gələni edir.

O da yadıma düşdü ki, mən 14 il əvvəl – 2012-ci il mart ayının 3-də “Xalq qəzeti”ndə verilmiş “Ağsuda Aşıq Şakir Hacıyevin 90 illiyi qeyd olunmuşdur” adlı yazıda Şirvan camaatının bu müqtədir ustada olan sevgisinin miqyasını qələmə almağa çalışmışdım. O vaxt akademik Rafael Hüseynov təkcə Aşıq Şakir haqqında deyil, bütövlükdə Ağsu haqqında necə danışmışdısa… sanki bu rayonu həmin gün yenidən tanımışdım.

Deyəsən, yazının girişi üçün qələmə aldığımız tarixi ekskurslar çox oldu. Ona görə də Ağsunun bu gününə diqqət yetirək. Sərlövhədə xatırlatdığımız kimi, bu rayonun müasir mənzərəsi də tarixi qədər zəngindir.

***

Rayon icra hakimiyyətinin başçısının 2025-ci ilin sosial-iqtisadi göstəriciləri ilə bağlı hesabatında göstərilir ki, son illər dövlət proqramlarının və konsepsiyalarının həyata keçirilməsi nəticəsində Ağsu rayonunda da müasir texnologiyalar əsasında yeni istehsal sahələri yaranıb, rayona cəlb edilmiş investisiyaların həcmi artıb: Məhz bunun nəticəsində yerli icra 2025-ci ildə Ağsu rayonuna özəl investisiya qoyuluşlarının həcmi, ümumilikdə, 94,1 milyon manat olub. Bunun 17,6 milyon manatı kənd təsərrüfatının, 5,2 milyon manatı ticarətin, 69,1 milyon manatı tikintinin, 2,2 milyon manatı isə digər xidmət sahələrinin inkişafına yönəldilib.

Xatırladaq ki, Ağsu həmişə ölkənin pambıqçılıq, taxılçılıq, üzümçülük, narçılıq və heyvandarlıq rayonlarından biri kimi tanınıb. Təbii ki, ən mühüm sahə taxılçılıqdır. Elə rayon rəhbərinin hesabatında da ilk xatırladılan istiqamət taxılçılıq idi. Ötən il rayonda buğda istehsalı 27 min 510 ton, arpa istehsalı 64 min 359 ton olmaqla hər hektardan məhsuldarlıq 33,1 sentner olub ki, bu da 2024-cü illə müqayisədə hər hektara 1,6 sentner çoxdur.

Yeri gəlmişkən, onu da vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyev son zamanlar ölkədə yaradılan aqroparkların fəaliyyətinə xüsusi önəm verir. Həmin istiqamət Ağsuda da daimi diqqət mərkəzindədir. Məsələn, ötən il Ərəbsarvan kəndində ümumi ərazisi 1252 hektar olan “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətində torpaqların münbitliyinin artırılması üçün həyata keçirilən tədbirlər nəticəsində yüksək məhsuldar qarğıdalı, buğda, arpa kimi kənd təsərrüfatı məhsulları istehsal edilib.

Öyrəndik ki, həmin parkda müasir maşın və avadanlıqdan ibarət nəqliyyat-texnika parkı, yem zavodu, toxum fabriki, ətlik və südlük heyvandarlığın inkişafı məqsədilə kompleks fəaliyyət göstərir. 2024-2025 təsərrüfat ilində Aqroparkda 1192 ton buğda, 210 ton arpa, 318 ton dən üçün qarğıdalı, 3475 ton yaşıl kütlə qarğıdalı istehsal olunub. Eləcə də 1963 hektar sahədə fəaliyyət göstərən “Süsən Aqro” MMC-də 2024-2025 təsərrüfat ilində 1105 ton buğda, 1019 ton arpa və 643 ton dən üçün qarğıdalı istehsal edilib. Bundan başqa, ötən il rayonun iri fermer təsərrüfatları tərəfindən kənd təsərrüfatında tətbiq olunan mütərəqqi metod və texnologiyalara xüsusi önəm verilib. Bunun nəticəsidir ki, damcı suvarma sistemi 1115 hektara, pivot suvarma sistemi isə 3246 hektara çatdırılıb.

***

Üç-dörd il əvvəl hansısa yazıda qeyd etmişdim ki, Ağsu rayonu aranı da, dağı da olan rayonlarımızdan, Ağsu şəhəri isə mərkəzindən eyniadlı çayın keçdiyi şəhərlərimizdəndir. O zaman ağsulu həmkarlarımızdan biri soruşmuşdu ki, bəs Ağsu dolaylarını nə üçün demirsən? Axı 14 kilometr uzunluğunda olan həmin dolaylar uzun illərdir çoxsaylı bədii filmlərdə, ədəbi əsərlərdə, turist yazılarında öz əksini tapır.

Demişdim ki, təbiətin bu rayonun sakinlərinə bəxş etdiyi həmin gözəllik artıq ikinci plana keçmək üzrədir. Çünki bu gün insan əli Muğanlı – İsmayıllı yolunun Ağsu ərazisindən keçən hissəsində – Ağsuçayın üstündə və Sanqalan dağının altında, sözün həqiqi mənasında, möcüzəyəbənzər işlər aparır.

Mətbuatdan məlum olduğu kimi, həmin ərazidə Cənubi Qafqazın ən böyük asma körpüsünün tikintisi aparılır. Körpü Ağsuçay üzərindən, 4,5 kilometrlik Muğanlı – İsmayıllı – Qəbələ avtomobil yolunun üzərində tikilir. Bu möhtəşəm mühəndislik qurğusunun uzunluğu 1135 metr, yerdən hündürlüyü isə 76 metrdir. Bildirilir ki, yol adıçəkilən körpüdən sonra tuneldən keçəcək. Tikintisi başa çatmaqda olan tunelin uzunluğu isə nə az, nə çox düz 865 metr olacaqdır.

Bu tikintiyə hamıdan çox sevinənlərdən biri də mənəm. Çünki bölgə müxbiri kimi fəaliyyət göstərdiyim İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarına məhz bu yolla gedib gəlirəm. İndi həmin məsafəni həm xeyli tez başa vuracağam, həm də yolun bir kilometrdən çox hissəsinin 76 metr hündürlükdə qət edilməsinin özü gözəllik, romantika və adrenalin olacaq. Doğrudur, bu tikintiləri Ağsu rayonu yerinə yetirmir, amma o da faktdır ki, istənilən əcnəbi reportyor buradan hazırladığı materialda “Azərbaycanın Ağsu rayonunda yol-tikinti uğurları” ifadəsini mütləq dilə gətirəcək.

***

Rayonun iqtisadi göstəriciləri haqqında daha bir fakt: “ Cənubi Qafqaz regionunda ən iri müəssisələrdən olan “Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunda ötən il 11 milyon 933 min kiloqram şirələr, 117,6 min dekalitr spirtli içkilər istehsal olunub. Bu göstəricilər 2024-cü illə müqayisədə şirə istehsalı üzrə 1 milyon 436 min kiloqram, spirtli içkilər üzrə 41,3 min dekalitr çoxdur. Müəssisənin məhsulları yerli bazarlarda satılmaqla yanaşı, dünyanın 11 inkişaf etmiş ölkəsinə də ixrac olunur. Bunların sırasında Amerika Birləşmiş Ştatları, Yaponiya, Almaniya, Kanada, Rusiya, Finlandiya, Belarus, Çin Xalq Respublikası, Avstraliya və digər ölkələr var.

***

Mirnemət Məmmədovla söhbət edirəm. Uzun illər bir yerdə işləmişik. Əslən Ağsunun Bozavand kəndindəndir. Atası Seyidağa Məmmədov uzun illər təsərrüfat rəhbəri olub. Rayonun sayılıb-seçilən bir ziyalısı kimi onun bir sözünü iki eləyən adama heç kəs rast gəlinməyib. Dəfələrlə görüşmüşdük. Bizi öz doğma balası kimi qarşılayardı. Ruhu şad olsun!

Mirnemət də təqaüdə çıxan kimi Bakıda qalmadı. Öz doğma yurd-yuvasına, Ağsuya qayıtdı. İndi burada yaşayır. Hər gedəndə mütləq görüşürəm. Rayonu o baş, bu baş gəzirik. Zövq alırıq. Hər dəfə söhbət düşəndə doğulduğu rayonun bugünkü günündən həvəslə danışır. Deyir ki, son illər Ağsuda görülən işlərə baxanda adamın ürəyi qürurla döyünür, hər yerdə yaradılmış gözəlliklərə baxıb heyran olursan.

Bu gün turistləri Ağsuya daha çox cəlb edən ünvanlardan biri də “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğudur. Dostum danışdı ki, cənab Prezidentin 22 oktyabr 2019-cu il tarixli “Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Sərəncamının üçüncü bəndi bizim üçün, sözün həqiqi mənasında, bayram bayram əhvali-ruhiyyəli xəbər idi. Həmin sənədin preambulasında deyilirdi ki, Azərbaycanın qədim və orta əsrlər tarixi Şərq və Qərb mədəniyyətləri arasında körpü rolunu oynayaraq yüzillər boyu bəşər sivilizasiyasının inkişafına dəyərli töhfələr vermiş İpək Yolu ilə sıx şəkildə əlaqəlidir. Qədim şəhər yerləri, karvansaraylar, körpülər, qoruyucu qalaların qalıqları və memarlıq abidələri ilə zəngin Azərbaycan ərazisi bu gün də İpək Yolunun parlaq izlərini daşımaqdadır.

Mirnemət dediklərinə onu da əlavə etdi ki, cənab Prezidentin həmin sərəncamı ilə “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu və Ağsu rayonunun tarixi ərazisi “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilmişdi. 104 hektardan çox ərazini əhatə edən qoruq haqqında öyrəndiklərimizin hamısını qeyd etməyə imkan yoxdur. Ən yığcam olan məlumat isə bu cümlələrdən ibarətdir: “Orta əsrlər Ağsu şəhəri XVIII əsrdə ərazisinə və əhalisinin sayına görə Azərbaycanın ən böyük şəhərlərindən biri idi. 1735-ci ilin mayında Nadir şah tərəfindən Ağsu kəndi yaxınlığında tikdirilən qala uzun müddət bu bölgədə ən əhəmiyyətli iqamətgah olmuşdur. Nadir şahın bölgəyə təyin etdiyi hakimlər – Şirvan xanları bu qalada otururdular… XVIII əsrin məşhur səyyahları Samuel Qmelin, Biberşteyn, Bronevski və başqaları bu qala haqqında yazmışlar. Ağsuda iki dəfə taun xəstəliyi yayılmış, xeyli insan bundan vəfat etmişdi. Şirvan xanları dövründə Ağsuda sənətkarlıq, ticarət, mədəniyyət xeyli inkişaf etmişdi.

Bu da yurd, torpaq namusu olan bir ağsulunun dedikləri. Yəqin sizə də maraqlı oldu.

Bu tarixi faktları yada salandan sonra onu da əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədilə ölkəmizdə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Öyrəndik ki, bu məqsədlə Ağsuda tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq rayonda tikinti, abadlıq-quruculuq işləri rayon icra hakimiyyətinin aidiyyəti şöbəsi, eləcə də rayonun aidiyyəti qurumları tərəfindən diqqət mərkəzində saxlanılır.

***

Rayon rəhbəri əmindir ki, 2026-cı ildə Ağsunun hələ də telefon rabitəsi və internet şəbəkəsi mövcud olmayan ucqar yaşayış məntəqələrinin telefonlaşdırılması və internet xidməti göstərilməsi üçün bütün imkan və vasitələrdən istifadə ediləcək. Eləcə də müəssisə, idarə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə olunacaq, əhalinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı dövlət tədbirlərinin reallaşdırılması davam etdiriləcəkdir.

Rövşən Bağırovun fikrincə, bəzi iqtisadi çətinliklərə baxmayaraq, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, 2026-cı ildə qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan tam və səmərəli istifadə edəcəklər.

***

Şirvan camaatının havanın çərşənbələr ərəfəsində tez-tez dəyişməsini xarakterizə edən belə bir ifadəsi var: “Hava açılanda yaz olur, tutulanda qış”. Məhz həmin “yaz olan” günlərdə dağların güney yamacında, dərələrin gün düşən bucaqlarında əvvəlcə xırda göy çiçəklər, sonra isə titrək bənövşələr görünür…

…Yenə də çərşənbələr ərəfəsidir və belə gözəl məqamda ağsulu dostum, sonralar qardaş kimi yaxın münasibətlərimiz olmuş Sabir Sarvanın “Bənövşə” şeiri yadıma düşür. Mən onun şeirlərini neçə məclisdə, nə qədər oxumuşamsa, bir Allah bilir.

Dəfələrlə ona irad tutmuşdum ki, nə üçün Ağsu barədə şeir yazmırsan? Bir dəfə də həmin etirazımı Ramiz Qusarçaylının yanında dilə gətirmişdim. Ramiz demişdi ki, Sabirin bütün şeirlərindən Ağsu ətri gəlir: “Onun “Bənövşə” şeiri Ağsu dağlarının, bağlarının, dərələrinin, düzlərinin ətrini vermirmi?”.

Xəyalım toxunur dünənə gəlir,
Ötənlər nə haya, nə ünə gəlir,
Gündə gözlərimin önünə gəlir,
Mən o bənövşəni niyə dərmədim?!
Duruşu həyalı, baxışı incə,
Bir üzü gül idi, bir üzü qönçə,
Yandırıb-yaxacaq məni ölüncə,
Mən o bənövşəni niyə dərmədim?!

Şeirin dərin qatlarına baş vurmasaq, hürkək, titrək bənövşənin boyu göz önündə canlanır, ətri varlığımıza hakim olur.

Bənövşə ətirli çərşənbələrin mübarək, Ağsu! Bu gününü tarixin kimi zənginləşdirən sakinlərinin yeni-yeni uğurlarını qələmə alaq, İnşallah!

Gələn il isə bu qədim və müasir şəhərin 60 yaşını vəsf edəcəyik. Çünki Ağsu 1967-ci ilə qədər şəhər tipli qəsəbə adlanmış, həmin ildə isə şəhər statusu almışdır...

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri









Sosial həyat