Azərbaycanın dövlət qurumları “mygov” vahid rəqəmsal platformasına keçir

post-img

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan müşavirədə dövlətimizin başçısı ölkəmizin rəqəmsal inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin başlandığını diqqətə çatdırmaqla yanaşı, son illər müxtəlif nazirliklər və dövlət qurumları tərəfindən ayrı-ayrı platforma və tətbiqlərin yaradıldığını, bundan sonra isə bu prosesin koordinasiyalı və vahid yanaşma əsasında aparılmasının daim diqqətdə saxlanılmasının zəruriliyini xüsusi vurğulayıb.

Azərbaycan lideri bu baxımdan dövlət xidmətlərinin vahid mərkəzdən – “mygov” platforması üzərindən təqdim edilməsinin həm dövlət idarəçiliyinin səmərəliyinin artmasına müsbət təsir göstərəcəyini, həm də vətəndaşlar üçün daha rahat və əlçatan xidmət mühiti formalaşacağını xatırladıb.

Dövlət başçısı bildirib ki, vətəndaşlara lazım olan bütün xidmətlər bir ünvandan göstərilməli və mövcud platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu sahədə formalaşmış kadr potensialı vahid sistem çərçivəsində səfərbər edilməlidir. Prezident İlham Əliyevin bu yanaşması Azərbaycanın rəqəmsal transformasiyasının institusional əsaslarının yenidən qurulmasını və dövlət xidmətlərinin yeni idarəetmə fəlsəfəsi üzərində formalaşdırılmasını nəzərdə tutur.

Müşavirədə vurğulandığı kimi, “mygov” platforması artıq respublikada yeni fəlsəfə əsasında istifadəçilərin xidmətinə təqdim edilib və bu istiqamətdə mühüm nəticələr əldə olunub. Statistik göstəricilərlə bu prosesin dinamik xarakter daşıması təsdiqlənib. Belə ki, ötən ilin sonunda platformadan istifadə edənlərin sayı 2,2 milyon nəfər idisə, cari ilin yanvar ayının sonuna bu göstərici, təxminən, 2,5 milyon nəfərə yüksəlib. İlin sonuna qədər istifadəçi sayının isə, təxminən, 5 milyona çatdırılması hədəflənib.

Bu artımın əsas səbəbi rəqəmsallaşmanın mahiyyət etibarilə dəyişməsi ilə, yəni sənəd və qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına keçid ilə bağlıdır. Yeni modeldə vətəndaşın ehtiyacları və həyatında baş verən əsas hadisələr (doğum, nikah, təhsil, məşğulluq, sosial təminat və s.) xidmətlərin təşkilində əsas meyar kimi qəbul edilir.

Toplantıda bu yanaşmanın praktik nəticəsi konkret nümunə ilə izah edilib. Məsələn, əvvəllər vətəndaşın övladı doğulduqda bir neçə dövlət qurumuna ayrı-ayrılıqda müraciət etməsi tələb olunurdu. O, əvvəlcə tibb müəssisəsindən arayış alır, sonra həmin sənədi fiziki şəkildə Ədliyyə Nazirliyinə təqdim edir, doğum şəhadətnaməsini aldıqdan sonra Dövlət Sosial Müdafiə Fonduna üz tuturdu. Nəhayət, Daxili İşlər Nazirliyinə sənəd təqdim edərək şəxsiyyət vəsiqəsi alırdı. Bu proses həm vaxt itkisinə, həm də əlavə inzibati yükə səbəb olurdu.

Hazırda isə proses tamamilə fərqli mexanizm əsasında həyata keçirilir. Klinikada doğumla bağlı məlumat sistemə daxil edildikdən sonra məlumat avtomatik şəkildə Ədliyyə Nazirliyinə ötürülür. Nazirlik vətəndaşı elektron qaydada məlumatlandırır və övladına ad vermək, soyad seçmək imkanları təqdim edir. Daha sonra məlumat proaktiv şəkildə Dövlət Sosial Müdafiə Fonduna ötürülür və müavinət vətəndaşın əlavə müraciəti olmadan təyin edilərək onun bank kartına köçürülür. Növbəti mərhələdə isə şəxsiyyət vəsiqəsinin alınması prosesi də rəqəmsal şəkildə gerçəkləşdirilir.

Bu model dövlət xidmətlərinin təqdimatında yeni fəlsəfənin – proaktiv və vətəndaş mərkəzli yanaşmanın formalaşdığını göstərir. Əslində, bu transformasiya yalnız texnoloji yenilik deyil, həm də dövlət idarəçiliyinin yenidən konseptual şəkildə qurulmasıdır.

Müşavirədə vurğulanan əsas məsələlərdən biri də dövlət qurumlarında rəqəmsallaşma prosesinin qeyri-bərabər aparılması ilə bağlıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bəzi qurumlarda sənədlərin hələ də kağız formatında saxlanılması, rəqəmsallaşmanın prioritetləşdirilməməsi, məlumatların pərakəndə və fərdi standartlarla idarə olunması ölkənin rəqəmsal inkişaf perspektivləri üçün ciddi risklər yaradır.

Bu problemlər daha çox gələcəkdə Azərbaycanın rəqəmsal iqtisadiyyatının əsas elementlərindən biri olan verilənlər hövzəsinin – “Data lake”in formalaşdırılmasını çətinləşdirir. Xatırladaq ki, “Data lake” yalnız böyük həcmdə məlumatların toplanması deyil, həm də onların vahid standartlar əsasında strukturlaşdırılması və analitik məqsədlər üçün istifadəsini nəzərdə tutur. Bu isə süni intellekt texnologiyalarının səmərəli tətbiqi üçün əsas şərtlərdən biridir. Başqa sözlə, dövlət xidmətlərinin vahid platformada inteqrasiyası təkcə vətəndaşlara rahatlıq yaratmaqla məhdudlaşmır, eyni zamanda, ölkənin rəqəmsal suverenliyinin, texnoloji müstəqilliyinin və innovasiya potensialının gücləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.

Rəqəmsal hökumət sahəsində mühüm yeniliklərdən biri də vətəndaşların “mygov” platforması üzərindən dövlət qurumlarına rəsmi məktub göndərmək imkanının yaradılmasıdır. Eyni zamanda, dövlət qurumları da vətəndaşlara rəsmi məktub və bildirişlər ünvanlaya bilir. Belə bir önəmli layihə isə vətəndaşlara rəsmi müraciətlərin hazırlanması və təqdim olunması prosesini sadələşdirir. Vətəndaşlar “mygov” vasitəsilə sorğu başlatmaq, məlumat və ya hər hansı məsələ ilə bağlı aydınlıq əldə etmək üçün dövlət qurumlarına elektron qaydada müraciət ünvanlaya bilirlər. Yeri gəlmişkən, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət qurumları vətəndaş müraciətlərini ən geci 15 iş günü ərzində, əlavə araşdırma tələb olunduğu hallarda isə 30 gün müddətində cavablandırmalıdır.

Prosesin mexanizmi sadə və funksionaldır. İstifadəçi “mygov”un ana səhifəsində yerləşən xüsusi məktub işarəsi və ya “Daha çox” bölməsi vasitəsilə “Dövlət qurumlarına rəsmi məktub” funksiyasına daxil olur, burada müraciət yaradaraq məktubun ünvanlanacağı qurumu, başlığını və məzmununu diqqətə çatdırır. Zərurət olduqda isə əlavə sənədlər yükləyir, məlumatlar təsdiqləndikdən sonra müraciət SİMA və ya “ASAN rəqəmsal” imza vasitəsilə seçilmiş dövlət qurumuna göndərilir. Bundan sonra isə məktublar “Göndərilən” bölməsində saxlanılır, vətəndaş müraciətin statusunu real vaxt rejimində izləyə bilir. Dövlət qurumlarından daxil olan məktublar isə “Gələn” bölməsində əks olunur. Bu sistem “Vətəndaş – Dövlət” və “Dövlət – Vətəndaş” kommunikasiya modelinin rəqəmsal müstəvidə sabitləşir və rəsmi təşkilatlar (dövlət, qanunlar, ictimai qurumlar) tərəfindən dəstəklənir. Eyni zamanda, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təqdim etdiyi Rəqəmsal Sənəd Dövriyyəsi altsistemi vasitəsilə həyata keçirilir.

İndiyədək bu funksiya çərçivəsində sistemə inteqrasiya olunan dövlət qurumlarının sayı davamlı şəkildə yüksəlib və yaxın vaxtlarda bütün qurumların inteqrasiyasının tamamlanacağı proqnozlaşdırılıb. Platforma üzərindən ilk ay ərzində, təxminən, 11 min məktub mübadiləsi həyata keçirilib. Ən çox məktub göndərən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ön mövqedə qərarlaşıb. Vətəndaşlar isə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi və Ədliyyə nazirlikləri, eləcə də “ASAN Xidmət”ə müraciət ediblər.

Azərbaycanın rəqəmsal transformasiyası artıq yalnız texnoloji layihə deyil, dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. “mygov” platforması bu siyasətin mərkəzi elementi kimi çıxış edir. Vahid rəqəmsal arxitektura konsepsiyası isə dövlət idarəçiliyində “müxtəlif yerlərə səpələnmə” yanaşmasından sistemli və inteqrasiya olunmuş modelə keçidi gerçəkləşdirməyi hədəfləyir. Bu baxımdan, rəqəmsal hökumət modeli yalnız xidmətlərin elektronlaşdırılması ilə məhdudlaşmır. O, həm də dövlət qurumları arasında məlumat mübadiləsinin optimallaşdırılması, idarəetmə qərarlarının data əsaslı reallaşdırılması, süni intellekt və böyük verilənlər texnologiyalarının tətbiqi, eləcə də vətəndaşların dövlət idarəçiliyində iştirak imkanlarının genişləndirilməsi kimi strateji məqsədləri əhatə edir.

Prezident İlham Əliyevin “vahid mərkəz” ideyası isə, əslində, Azərbaycan üçün yeni inkişaf modelinin konturlarını müəyyənləşdirir. Bu modeldə dövlət xidmətləri texnoloji platformalar üzərində deyil, vahid rəqəmsal ekosistem çərçivəsində formalaşır. Bu isə uzunmüddətli perspektivdə ölkənin iqtisadi rəqabət qabiliyyətinin yüksəldilməsinə, innovasiya potensialının gücləndirilməsinə və vətəndaş rifahının artırılmasına xidmət edir.

Bu məqamda bir məsələyə də toxunmaq yerinə düşər. Belə ki, Azərbaycanın rəqəmsal transformasiya strategiyası qlobal təcrübə ilə müqayisədə də diqqətəlayiqdir. Məsələn, Estoniya modeli dövlət xidmətlərinin 99 faizinin elektronlaşdırılması ilə tanınır. Bu ölkədə “X-Road” platforması dövlət qurumları arasında məlumat mübadiləsinin əsas infrastrukturunu təşkil edir. Sinqapur “Smart Nation” konsepsiyası çərçivəsində rəqəmsal hökuməti milli təhlükəsizlik və iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsinə çevirib. Cənubi Koreyada isə dövlət xidmətlərinin rəqəmsallaşdırılması sənaye siyasəti ilə paralel şəkildə aparılır. Azərbaycan modeli isə bu təcrübələrin sintezi kimi qiymətləndirilə bilər. Çünki “mygov” platforması Estoniyanın inteqrasiya prinsipinə, Sinqapurun strateji planlaşdırmasına və Koreyanın innovasiyayönümlü yanaşmasına yaxın bir konsepsiya üzərində qurulur.

Beləliklə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” konsepsiyası ölkənin rəqəmsal inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. “mygov” platformasının genişlənməsi, proaktiv xidmət modelinin tətbiqi, “data lake” və süni intellekt üçün infrastrukturun formalaşdırılması, dövlət-vətəndaş kommunikasiya mexanizmlərinin rəqəmsallaşdırılması Azərbaycanı regional miqyasda rəqəmsal dövlət modelinə yaxınlaşdırır.

Bu prosesin uğuru isə yalnız texnoloji həllərdən ibarət deyil, həm də institusional islahatlardan, koordinasiyalı idarəetmədən və vahid strateji baxışdan asılıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan yeni rəqəmsal arxitektura məhz bu baxışın konseptual ifadəsidir və Azərbaycanın gələcək inkişafında strateji üstünlük rolunu oynamaq potensialına malikdir.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat