BMU ilə AGTL əməkdaşlığa başlayır

post-img

Bakı Mühəndislik Universiteti (BMU) ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilənin əsas məqsədi AGTL-in ixtisaslı mütəxəssislərlə təmin olunması, işləyən əməkdaşların peşə bilik və bacarıqlarının artırılması, eləcə də istehsalat proseslərində yeni texnologiyaların, elmi yeniliklərin tətbiqi istiqamətində birgə fəaliyyətin təşkili və təhsil-istehsalat əlaqələrinin gücləndirilməsidir. Əməkdaşlıq çərçivəsində müasir tələblərə cavab verən ixtisaslı kadrların hazırlanması, AGTL mütəxəssislərinin universitetdə tədris prosesinə cəlb olunması, tələbələr üçün təcrübələrin təşkili, proqramların həyata keçirilməsi, eləcə də birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur. Tərəflər əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının gerçəkləşdirilməsi, məzunların peşə istiqamətləndirilməsi və müvafiq strukturlarda işlə təmin olunmasına dəstək göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev bildirib ki, logistika və nəqliyyat sektoru hazırda ölkə iqtisadiyyatının strateji istiqamətlərindən biridir. Azərbaycanın regionda strateji tranzit mərkəzinə çevrilməsini önə çəkən rektor gələcəkdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin yeni tranzit imkanlarını daha da genişləndirəcəyini vurğulayıb. Bütün bunların yüksəkixtisaslı kadrlara tələbatı artırdığını deyən Yaqub Piriyev BMU-da logistika və nəqliyyat mühəndisliyi, eləcə də digər əlaqəli ixtisasların müasir çağırışlara uyğun şəkildə tədris olunduğunu söyləyib.   Qeyd olunub ki, tədris prosesində nəzəri biliklərlə yanaşı, praktik hazırlığa xüsusi önəm verilir, tələbələr sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində real iş mühitinə uyğun bacarıqlar əldə edirlər. Bu baxımdan AGTL ilə imzalanmış müqavilə yeni imkanlar yaradacaq, logistika və nəqliyyat mühəndisliyi sahəsində kadr hazırlığının keyfiyyətinin artırılmasına, məzunların əmək bazarına daha effektiv inteqrasiyasına və ölkənin nəqliyyat-logistika potensialının inkişafına mühüm töhfə verəcək.

Rektor son illər BMU-da təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması, həyata keçirilən ikili diplom proqramları, maddi-texniki bazanın gücləndirilməsi, yeni ixtisasların açılması və elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi barədə də məlumat verib. 

AGTL nümayəndələri isə çıxışlarında bildiriblər ki, qurulan tərəfdaşlıq tələbələrin istehsalat mühitinə daha tez adaptasiyasına, real iş bacarıqları qazanmasına və gələcəkdə sənaye sektorunda uğurla fəaliyyət göstərməsinə şərait yaradacaq. Assosiasiya üzv şirkətlərlə birlikdə tələbələrin təcrübə proqramlarına cəlb olunmasına, mütəxəssislərin tədris prosesində iştirakına və birgə elmi-praktiki təşəbbüslərin həyata keçirilməsinə daim dəstək verəcək. 

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. 

XQ









Təhsil