Azərbaycan Prezidenti İlham Əliyevin “I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli sərəncamı türk xalqlarının həyatında necə böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Türkoloji Qurultayın əks-sədasını böyük coşqu ilə əhatə edən coğrafiyalardan biri də Qərbi Azərbaycan idi. Ümumtürk mədəni sisteminə daxil olan bu coğrafiyada yeni türk əlifbasına keçid prosesinin öyrənilməsi də olduqca vacibdir. Bu, eyni zamanda, Qərbi Azərbaycan ziyalılarının Türk dünyasının ortaq milli dəyərlərinin inkişaf etdirilməsində və mənəvi bütövlüyə qovuşmasında yerini müəyyən edir.
Qədim tarixə, zəngin mədəniyyətə və ədəbi irsə malik olan xalqımız dünya sivilizasiyasına önəmli töhfələr vermişdir. Qədim Azərbaycan dilinin formalaşması onun tarixi köklərinin dünya sivilizasiyasının ilkin çağlarına gedib çıxdığını əyani şəkildə sübut edir. Dünya mədəniyyətinin beşiyi olan şumerlərin dil elementlərinin dilimizdə olması, Qobustan, Gəmiqaya təsvirlərində və başqa tarixi, milli və mənəvi dəyərlərimizdə əks olunması, keşməkeşli dolaylardan keçib bu günümüzədək gəlib çatması buna aydın nümunədir. Bütün bunlara baxmayaraq, dünya tarixində türklər qədər əlifbası dəyişdirilən, müxtəlif tarixi dövrlərdə fərqli yazı sistemindən istifadə edən xalq, demək olar ki, yoxdur.
Əlifba dəyişikliyi əksər hallarda xalqın iradəsinə zidd olaraq aparılmışdır. Ərəb və fars dili qanunlarının təsiri altına düşmüş ana dilimizi ərəb yazı üslubundan xilas etmək, doğma dilimizin hüququnu özünə qaytarmaq dövrün mütərəqqi ziyalılarını ciddi düşünməyə vadar etmişdir. Yeni əlifba ideyasını böyük ictimai hərəkata çevirən böyük mütəfəkkir, XIX əsr Azərbaycan elmi, mədəniyyəti və ədəbiyyatı tarixinə dahi şəxsiyyət kimi daxil olmuş, dilimizin varlığı və saflığı uğrunda mübarizənin önündə gedən M.F.Axundovun xələfləri Məhəmmədağa Şahtaxtinski, Cəlil Məmmədquluzadə, Məmmədtağı Sidqi, Firudin bəy Köçərli, Mahmud Mahmudbəyov, Nəriman Nərimanov, Abdulla Şaiq, Xalid Səid Xocayev, Fərhad Ağazadə, Bəkir Çobanzadə, Vəli Xuluflu və başqaları bu işıqlı ideyanın həyata keçirilməsi uğrunda böyük fədakarlıq göstərmişlər.
1921-ci ilin yanvarında Azərbaycan Xalq Maarif Komissarlığı yanında Əlifba islahatı üzrə Komissiya təşkil edildi. 1922-ci ilin aprelinə qədər fəaliyyət göstərən komissiya çox mühüm işlər gördü, latın əlifbasına keçid ideyası getdikcə daha da reallaşırdı.
1922-ci ilin may ayında Bakıda yaradılmış Yeni Türk Əlifba Komitəsinin İrəvanda, Tiflisdə və Azərbaycanın başqa şəhərlərində şöbələri yaradıldı. Bu filial və şöbələr dövri olaraq Bakı Yeni Türk Əlifba Komitəsinə məlumat və hesabat verirdilər. Azərbaycanda başlanan yeni əlifba hərəkatı getdikcə daha geniş vüsət alırdı. Buna səbəb yeni latın əlifbasının bütün Cənubi Qafqaz respublikalarında məcburi qəbul edilməsi haqqında Zaqafqaziya MİK Divani-Rəyasət Heyətinin 20 oktyabr 1923-cü il tarixli qərarı oldu. Latın əlifbasına keçid prosesini sürətləndirmək üçün Tiflis və İrəvan YTƏK-in şöbələri daha təsirli tədbirlərə əl atırdılar. 1922-ci ilin dekabr ayında bir qrup İrəvan ziyalısının təşəbbüsü ilə yeni əlifbaya keçmək üçün “Mərkəzi büro” yaradılsa da, qurumun fəaliyyəti bir o qədər nəzərə çarpmamışdı. Yalnız İrəvan Rabfakı nəzdindəki türk şöbəsinin müəllim və tələbələri tərəfindən yeni əlifba dərnəyi fəaliyyət göstərmişdi.
1924-cü il aprelin 28-də Gümrüdə azərbaycanlı müəllimlərin qurultayında İrəvan Yeni Türk Əlifba Komitəsi (YTƏK) təşkil olunmuşdur. 9 nəfər azərbaycanlı – Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Əşrəf Yusifzadə, Əziz İlyasov, Mir Hüseyn Mirbağırov, Ruqiyə Mirbağırova, Zərri Axundova, Səcidə Qayıbova və bir nəfər erməni – Karapet Manukyan komitəyə üzv, Səməd Qulubəyov, Mirsadıq Mirheydərzadə, Cəfər Əliyev isə komitə üzvlüyünə namizəd seçilmişlər.
Ümumiyyətlə, İrəvan YTƏK-nin bütün maliyyə xərclərini Bakı YTƏK ödəyirdi. İrəvan şəhərində türk kənd işçiləri üçün kurslar açılmışdır ki, onlardan dərs deyənlər heç olmazsa, yazıb-oxumağı bilsinlər. Bununla belə, məktəb və maarif işlərini təşkil etmək çətin idi. Bu böyük işlərin başlanğıcında isə, ümumiyyətlə, 15 yaşından 50 yaşına qədər insanların savadsızlığını ləğv etmək lazım gəlirdi. Amma İrəvan YTƏK-in maddi vəziyyəti yeni kursların açılmasına imkan vermirdi. Azərbaycan YTƏMK-nin və şəxsən Səməd Ağamalıoğlunun maddi dəstəyi və qayğısı sayəsində İrəvan ziyalılarının “savadsızlığı ləğvetmə” hərəkatı daha geniş vüsət almışdı. 1924-cü ildə İrəvanda daha bir qadınlar və bir kişilər kursu təşkil olunmuşdu. Artıq İrəvanda savadsızlığı ləğv etmək üçün dörd kurs fəaliyyət göstərirdi və kurslarda dərslər artıq yeni əlifba ilə keçirilirdi.
1924-cü il may ayının 9-da Tiflis Yeni Türk Əlifba Komitəsi sədrinin müavini Əziz Şərif İrəvana gələrək yenidən təşkil olunmuş İrəvan YTƏK-in iclasında yeni əlifbaya keçidin mədəni, tarixi əhəmiyyəti və zəruriliyi barədə ətraflı məruzə etmiş və qurumun gələcək fəaliyyəti ilə bağlı iş planı təsdiq edilmişdir. Ə.Şərif İrəvanda və eləcə də yerlərdə yeni əlifbaya keçid kampaniyasını daha da genişləndirmək üçün Bakı YTƏK-in sədri S.Ağamalıoğlu tərəfindən 1924-cü ilin may ayının 23-nə qədər ilkin kömək üçün İrəvan YTƏK-ə 1000 manat pul göndərəcəyini də bildirmişdir.
1924-cü il sentyabr ayının 26-da İrəvan YTƏK-in təşəbbüsü ilə azərbaycanlı ziyalıların və yeni əlifba tərəfdarlarının iştirakı ilə birinci iclası çağırılmışdı. Bala Əfəndiyevin sədrliyi və Əziz İlyasovun katibliyi ilə keçirilən iclasın gündəliyində 3 məsələ öz əksini tapmışdı:
- Komitənin hesabatı barəsində Bala Əfəndiyevin məruzəsi;
- Yeni Türk Əlifbasının vəziyyəti barəsində Mehdi Kazımovun məruzəsi;
- Komitənin yeni tərkibinin seçilməsi.
İrəvan YTƏK-in büro üzvü Mirhüseyn Mirbağırov təbrik məktubunu oxuduqdan sonra gündəlikdə duran məsələlərə baxılmışdır. İclasda komitə sədri, katib və komitədə çalışanların aylıq məvacibləri aşağıdakı şəkildə müəyyənləşdirilmişdir. Sədr – 130 manat, katib – 100 manat, mühasib – 30 manat, çapçı – 20 manat, kuryer – 15 manat.
1925-ci ildən İrəvan Yeni Türk Əlifba Komitəsi Yeni Türk Əlifbası Ermənistan Komitəsi adlandırılmışdır. İrəvan YTƏK bu müddət ərzində təbliğat işləri aparmış, yeni əlifbanın kütləviləşdirilməsi və Azərbaycan dilində nəşr olunan “Zəngi” qəzeti səhifələrində yeni əlifbanın əhəmiyyəti və s. məsələlər haqqında yazılar dərc etdirmişdi. 1926-cı ildə qəza büroları ləğv edilərək “Yeni Əlifba dostları” cəmiyyəti ilə əvəzlənmişdir.
1924-1925-ci tədris ilində İrəvan Yeni Türk Əlifba Komitəsi azərbaycanlı məktəblərində dərslərin yeni əlifba ilə keçirilməsi haqqında dekret imzalamış, Qərbi Azərbaycanda 115 I dərəcəli azərbaycanlı məktəbində dərslər tamamilə yeni əlifba ilə keçirilmişdir. 1927-ci ildə Qərbi Azərbaycanda savadsızlığı ləğvetmə kurslarının sayı 269, yeni əlifba ilə savadlananların sayı isə 17 min 867 nəfər olmuşdur. Onlardan 436 nəfəri qadın idi. 1926-1927-ci tədris ilində İrəvan YTƏK tərəfindən aylıq kurslar təşkil olunmuşdur ki, bu kurslarda da 50 nəfər müəllim yeni əlifba ilə dərs demək üçün hazırlanmışdı. Bu kursların təşkil edilməsində EK(b) P MK-nin nəzdində yaradılmış “Azsaylı xalqlar şöbəsi” və Yeni Türk Əlifba Komitəsinin İrəvan şöbəsinin çox böyük rolu olmuşdur.
1927-ci ildə Qərbi Azərbaycanda 70-ə qədər savadsızlığı ləğvetmə kursu açılmışdı. Həmin kurslarda dərslər yeni türk əlifbası ilə keçirilirdi. İrəvan YTƏK yeni əlifbanı kütləviləşdirmək məqsədilə Ali siyasi maarif idarəsi savad kurslarının açılması üçün 13 min 380 manat vəsait ayırmışdır. Bu vəsait hesabına Qərbi Azərbaycanda–İrəvan qəzasında 11, Zəngəzur qəzası üzrə 6, Lori-Pəmbəkdə 6, Yeni Bəyazid qəzasında 5, Dilicanda 2, Dərələyəzdə 4, Üçmüədzində 2, Meğridə 2, Ağbabada 2 olmaqla 40 savadsızlığı ləğvetmə və Böyük Vedi (İrəvan qəzası) 1, Qəmərli (İrəvan qəzası 1, Qaraqışlaq (Üçmüədzin qəzası) 1, Zod (Yeni Bəyazid qəzası) 1, Qafanda 1, Ağbabada (Gümrü qəzası) 1, Allahverdidə 1, Çaykənddə 1, İrəvan şəhərində 2 (biri isə qadınlar üçün idi) olmaqla yaşlılar üçün 10 gecə kursu açılmışdır.
Dərslər yarımsavadlılar üçün açılan kurslarda 3, gecə kurslarında isə 4 ay davam edirdi. Oxu materialları üçün Bakıdan yeni türk əlifbası ilə 667 manatlıq dərs kitabları və proqramlar alınaraq qəzalarda açılmış kurslara göndərilmişdi. Dərsləri aparan müəllimlərə 25 manat, yaşlılar kurslarında isə ayda 50 manat əməkhaqqı verilirdi. Bakı YTƏK tərəfindən 1927-ci ildə İrəvan qəzası üçün 2920 nüsxə dərs kitabı, savadsızlar üçün isə 1000 nüsxə “Savada doğru”, savadlılar üçün 120 nüsxə “İşçinin ikinci kitabı”, 1500 nüsxə isə “Hesab” kitabı, 604 ədəd lövhə və plakat, 100 ədəd diaqram göndərilmişdir.
Savadsızlığın aradan qaldırılması, yeni əlifbanın öyrədilməsi üçün kursların açılmasına İrəvan YTƏK Bakı YTƏK ilə birlikdə 13 min 380 manat vəsait ayıra bilmişdi. Həmin vəsait hesabına Ermənistanda yalnız 46 savad və 6 gecə kursu açılmışdı. Beləliklə, 1926-cı ildə İrəvanda açılan kurslarda 2345 nəfər latın əlifbasını öyrənmişdi.
İrəvan Yeni Türk Əlifba Komitəsinin 1928-ci ildə Qarakilsədəki I dərəcəli azərbaycanlı məktəbləri üçün təşkil etdiyi kurslarda 60 nəfər müəllim hazırlanmışdı. İrəvan YTƏK azərbaycanlı müəllimlərini kitab, dərslik və s. ləvazimatlarla təmin etmək üçün Azərbaycandan 2500 manatlıq kitab və s. ləvazimatlar almış, azərbaycanlı məktəblərinə paylamışdır.
İrəvanda yaşayan azərbaycanlı ziyalıları aydın dərk edirdilər ki, köhnə ərəb əlifbası ilə savad məsələsini həll etmək mümkün olmayacaq. Ona görə də Bakıda başlanan və bütün türk respublikalarını, Türkiyəni hərəkətə gətirən yeni əlifba ideyasını İrəvanda getdikcə qətiyyətlə həyata keçirirdilər. Lenin Şərq-müsəlman xalqlarının yeni əlifbaya keçməsini “Şərqdə böyük inqilab” adlandırmışdı.
Yeni əlifbaya keçmək üçün Bakıda qurultay çağırılmasına Zaqafqaziya, o cümlədən bütün sovet respublikaları hazırlaşırdı. Bu işə İrəvanda EK(b) P MK nəzdində azsaylı xalqlar şöbəsinin müdiri, YTƏ İrəvan şöbəsinin rəhbəri Bala Əfəndiyev rəhbərlik edirdi. 1926-cı il fevral ayının 22-də Ermənistan Yeni Türk Əlifbası Mərkəzi Komitəsinin çağırdığı fövqəladə konfransda 163 nümayəndə iştirak etmişdir. Konfransı İrəvan Yeni Əlifba Komitəsinin sədri Bala Əfəndiyev açmış, Səmədağa Ağamalı oğlu, Lunaçarski, Kalinin və başqaları konfransın fəxri sədri seçilmişlər. Konfrans belə bir şüarla işini yekunlaşdırmışdı: “Yaşasın türk-tatar zəhmətkeşlərini birləşdirəcək asan və ümumi ədəbiyyat təməlini quracaq yeni türk-tatar əlifbası əsas olacaq Türkoloji Qurultay”.
Sonda Bakıda 26 fevral 1926-cı ildə açılacaq I Türkoloji Qurultaya nümayəndələr seçilmişdir. Onların arasında Bala Əfəndiyev, Mustafa Hüseynov və Dilicandan olan Əziz İlyasov da var idi. “Zəngi” qəzeti həmin nömrəsində Hraciya Acaryanın da Bakıya qurultayda iştirak etməyə göndərildiyini bildirir. Hraciya Acaryan və Bala Əfəndiyev qurultay nümayəndəsi kimi siyahıya alınmışdılar. Amma Mustafa Hüseynov və Əziz İlyasov isə qurultayın rəsmi nümayəndələri sırasına daxil edilməsələlər də, I Türkoloji Qurultayda iştirak etmişlər.
Sonradan yeni əlifba tərəfdarlarına qarşı həyata keçirilən amansız repressiyalara məruz qalanlar içərisində Qərbi Azərbaycandan olan ziyalılar, ictimai, maarif xadimləri də olmuşdur. Bala Əfəndiyev, Mustafa Hüseynov, Əhməd Əhmədov güllələnmişdilər. Əziz İlyasov və Mirsadıq Mirheydərzadə də repressiyaya məruz qalanlar arasında idi.
1926-cı il fevral ayının 26-da Bakıda öz işinə başlamış I Türkoloji Qurultay latın əlifbasına keçidin zəruriliyini təsdiqləmiş, həmçinin türk dilinin öyrənilməsi, ana dilinin tədrisi metodikası, orfoqrafiya, ölkəşünaslıq haqqında qətnamələr qəbul etmişdir.
“Zəngi” qəzeti 20 mart 1926-cı il tarixli sayında qurultayın yekunları, 7 səsə qarşı 101 səslə yeni əlifbanın qəbul edilməsi haqqında məlumat verir. Bala Əfəndiyev “Zəngi” qəzetini bütünlükdə yeni latın əlifbası ilə çap etmək üçün Bakıda olarkən S.Ağamalıoğlu və başqalarının köməyilə 15 pud şrift və çap dəzgahı alaraq İrəvana gətirmişdir. 2 dekabr 1926-cı ildə İrəvanda Yeni Türk Əlifba Komitəsinin toplantısı keçirilmiş, toplantıda 28 nəfər nümayəndə iştirak etmişdir.
Toplantını YTƏK-in İrəvan üzrə bölməsinin sədri Bala Əfəndiyev açaraq yeni türk əlifbasının türk-islam aləminin inkişafı üçün əhəmiyyətindən danışmışdır. Komitənin katibi Mustafa Hüseynov, komitə üzvü Asiya Məsudi və Marakulov məruzə etmiş, yerli büroların çıxışları dinlənilmişdir. Onu da qeyd edək ki, YTƏK-in İrəvan bölməsi fəaliyyətini zamanın vacib tələbləri səviyyəsində qurmuşdur.
Müəyyən obyektiv səbəblərə görə, İrəvanda da qurultayın qərarı dərhal həyata keçirilmədi. Buna görə də bir sıra qəzet və jurnallar, o cümlədən “Zəngi” qəzeti də həm latın, həm də ərəb əlifbası ilə çap edilirdi. Qurultaydan sonra Azərbaycan YTƏMK-si SSRİ MİK sərəncamına verilmiş və Ümumittifaq Yeni Türk Əlifba MK adlanmış, iki plenumu keçirilmişdi.
Bakıda keçirilən Türkoloji Qurultay Türkiyədə bu ideyanın bir hərəkata çevrilməsinə səbəb oldu. Türkiyədə Atatürkün xalqın savadlanması qayğısına qalması da bu əlifbanın qəbul edilməsinə yardımçı oldu. “Zəngi” qəzetinin Türkiyədə bu işə Atatürkün bilavasitə rəhbərlik etməsi haqqında dərc etdiyi xəbərdə deyilirdi: “Bu günlərdə Mustafa Kamalın sədrliyi ilə jurnalist nümayəndələrin, ictimai işçilərin, mütəxəssislərin iştirakı ilə yeni əlifbanın qəbulu üçün seçilmiş komissiyanın məruzəsi eşidildi və qəbul olundu”.
“Zəngi” qəzeti qonşu Türkiyədə latın əlifbasına keçidin dövlət səviyyəsində müdafiə edildiyini yazmaqla İrəvanda bu işin sürətlənməsinə kömək etmişdir. Məlumdur ki, bəzi azərbaycanlı mühafizəkarlar kimi, Ermənistan rəhbərliyi də azərbaycanlıların yeni latın əlifbasına keçməsini istəmirdilər. Ermənilərin yeni əlifbaya qarşı gizli və xəbis mübarizəsinin arxasında isə başqa niyyətlər dururdu. Bunun da başlıca səbəblərindən biri yeni latın əlifbasının azərbaycanlıların tezliklə savadlanmasına yol açması və xalqımızın öz böyük intellektual potensialını gerçəkləşdirməsinə imkan verməsi idi.
Dünya türk xalqlarının eyni əlifbaya keçməsi onların dil nöqteyi-nəzərindən yaxınlaşmaları, bu xalqlar arasında mədəni əlaqələrin genişlənməsi, mənəvi ünsiyyətin formalaşması üçün şərait yaradırdı. Ermənilər aydın dərk edirdilər ki, türk xalqlarının birliyi onların gələcəkdə çirkin ideyalarının həyata keçməsində ən böyük maneəyə çevrilə bilər. Sonradan ifşa olunmuş Ağasi Xancyan, Anastas Amatuni və Aşot Hovanesyan kimi qatı erməni şovinistləri, əlbəttə ki, yeni əlifbaya keçidin əleyhinə idilər.
Yeni əlifba ideyasının müəlliflərindən biri olan Səməd Ağamalıoğlu Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin sədri kimi müttəfiq respublikaların paytaxtlarına gedir və yeni əlifbaya keçidin təşkili ilə yaxından maraqlanırdı. Bu məqsədlə o, 1928-ci il sentyabr ayının 8-də İrəvana gəlmiş və burada qadınlar klubunda görülən işlərlə tanış olmuşdu.
Bundan iki ay əvvəl “Zəngi” qəzeti S.Ağamalıoğlunun “Yeni əlifba ilə silahlanacağıq” adlı böyük bir məqaləsini dərc etmişdi. Məqalədə deyilirdi: “İyul ayının 22-də yeni əlifbanın 6 illiyi tamam olur. Hazırda Azərbaycanda yeni əlifba ilə savadlı olanların sayı 200 min nəfərə çatır. Bu, yaşlı əhalinin 13 faizini təşkil edir. Halbuki, 100 illərlə ərəb əlifbası ilə savadlı olanların sayı 1 faizdən yuxarı qalxmamışdır”. Bütün bunlara baxmayaraq, İrəvan şəhərinin daşnak rəhbərliyi hər vasitə ilə bütün bölgələrdə Azərbaycan türklərinin savadlanmasına mane olurdu.
“Zəngi” qəzeti 28 iyul 1928-ci ildə Azərbaycan MİK və XKS-nin qərarını çap etmişdi: “Bütün Azərbaycan ictimai təşkilatları 1929-cu il yanvarın 1-dən bütün işləri yeni türk əlifbasına keçməlidir. Yeni türk əlifbasında savadsız qalanları işdən çıxarmalıdır”.
6 bənddən ibarət bu qərar qəbul edildikdən sonra da Azərbaycanda və başqa respublikalarda latın əlifbasına keçmək mümkün olmadı. “Zəngi” qəzeti bu yolda öz mübarizəsinə davam edir, Azərbaycan MİK və XKS-nin qərarını çap etməklə İrəvanın aidiyyəti təşkilatlarına müəyyən mesajlar göndərirdi. Qəzet yazırdı: “Azərbaycan MİK və XKS 22.08.1928-ci ildə 1929-cu ilin yanvar ayının 1-dən etibarən hər yanda yeni əlifbaya keçmək haqqında qərar qəbul etmişdi. Təəssüflər olsun ki, Ermənistan Maarif Komissarlığı və YTƏK heç bir hazırlıq görməmişdir”.
“Zəngi” qəzeti belə kəskin çıxışdan sonra 1928-ci il dekabrın 10-dan başlayaraq I Türkoloji Qurultayda qəbul edilmiş yeni türk əlifbasını ərəb əlifbası ilə müqayisəli şəkildə cədvəl kimi 78, 79, 80, 81-ci saylarında verilmişdi. Bu, əlbəttə, həm savad kurslarında oxuyanların, həm də orada dərs deyənlərin işini asanlaşdırırdı. Amma bir məsələni də qeyd etmək yerinə düşərdi ki, Azərbaycanda da MİK və XKS-in də yeni əlifbanı qəbul etmək və 1929-cu il yanvarın 1-dən tamamilə yeni əlifbaya keçmək qərarı həyata keçirilməmişdi. Buna Moskvadan mane olurdular.
Ancaq yeni əlifba məsələsi ümumittifaq xarakter almışdı. Bundan əlavə, YTƏ MK Türkoloji Qurultaydan sonra SSRİ MİK-in sərəncamına keçmişdi. Buna görə də SSRİ MİK və SSRİ XKS 1929-cu il avqustun 7-də yeni əlifbanın qəbulu haqqında xüsusi qərar qəbul etmişdi. Qərarda deyilirdi: “SSRİ-nin bütün dövlət idarələrinə və ümumittifaq əhəmiyyətli müəssisələrinə tapşırılsın ki, türk-tatar dillərində olan bütün yazılı və çap işlərində, xüsusilə SSRİ hökumətinin qanunlarının nəşrində yeni latın əlifbasından istifadə etsinlər”.
Bu qərarı İrəvanda da sevinclə qarşıladılar. İrəvan Yeni Türk Əlifba Mərkəzi Komitəsi bu münasibətlə üstündə S.Ağamalıoğlunun şəkli olan bir kitabça nəşr etmişdi. Burada Ermənistan Yeni Türk Əlifbası Mərkəzi Komitəsinin sabiq sədri Bala Əfəndiyevin “Latın qrafikalı əlifbanın əhəmiyyəti və qəbulu”, komitənin müvəqqəti sədri Əhməd Əhmədovun, komitənin üzvləri Əkbər Rizayevin, Əli Qədimovun, Mehdi Kazımovun, Miryusif Mirbabayevin və başqalarının məqalələri çap olunmuşdu.
Qeyd etmək lazımdır ki, əlifba məsələsi təkcə Qərbi azərbaycanlıların məsələsi deyildi. Bu, keçmiş SSRİ-də yaşayan bütün türk xalqlarının problemi idi.
Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent



